Kitaba sevgi Bilik Fondunun “Gənclikdən soraq” layihəsində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yeni layihəsi gənclərin cəmiyyəti düşündürən müxtəlif məsələlərlə bağlı fikir və rəylərini öyrənmək, maraq dairələrini müəyyənləşdirmək üçün sosioloji sorğuların keçirilməsini nəzərdə tutur. İlk sorğu yeniyetmə və gənclərin mütaliəyə maraq dərəcəsinin və onlara oxu mədəniyyətinin aşılanması yollarının müəyyənləşdirilməsi məqsədilə keçirilib.
 
Alimlər yaşadığımız dövrü “informasiya əsri” adlandırırlar. Cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsi, yeni ideyaların yaranması və mübadiləsi məqsədilə bir çox informasiya vasitələrindən istifadə edilir. Lakin müasir dövrdə texnologiyalar nə qədər inkişaf etsə də, kütləvi məlumat vasitələrindən biri olan kitab cəmiyyətin inkişafında öz yerini və rolunu qoruyub saxlamaqdadır. Bu baxımdan onun təbliği olduqca vacibdir.
 
Kitab mahiyyətcə geniş əhali kütləsi ilə, toplumla bağlı nəsnədir: o, oxunmaq, öyrənilmək, mənimsənilmək üçün yaradılır, içindəki ideyaların, təcrübənin, biliklərin yayılması məqsədini yerinə yetirir. Oxunan hər yeni kitab insanların dünyagörüşünün formalaşmasına, ümumi mədəni səviyyəsinin artırılmasına, insanlarla daha yaxşı ünsiyyət qurmasına kömək edir. Daim kitab oxumağın elmi cəhətdən sübut olunmuş bir çox faydaları da məlumdur. Araşdırmalar göstərir ki, kitab oxumaq Altsheymer və Demans kimi neyrodegenerativ xəstəliklərin qarşısını ala bilir, çünki kitab oxuyarkən beyindəki neyrot yolların aktivləşməsi yaddaş zəifliyinin qarşısını alır. Bu səbəbdən mütəmadi kitab oxuyan insanlarda yaşa dolduqca Altsheymer xəstəliyinə tutulma nisbəti 2,5 dəfə daha azdır. 2009-cu ildə Böyük Britaniyanın Sussex Universitetində insanların stress səviyyələrini azaldan məşğuliyyətləri araşdırıblar. Araşdırmaya görə, mütaliə birinci yeri tutub. Məlum olub ki, 6 dəqiqə kitab oxuyan insanın stress səviyyəsi 68%-ə qədər aşağı düşür.
 
Həyatda arzuladığın məqama çatmağın, uğurlu nəticələr əldə etmənin ən vacib yolu kitab oxumaqdan keçir. Oxucu hansı sahədə müvəffəqiyyət qazana biləcəyini, hansı sahənin onun bilik və bacarıqlarına uyğun olduğunu kitab oxumaqla müəyyən edə bilər. Nümunə kimi dünyanın ən ağıllı adamı olaraq qəbul edilən və Nobel mükafatı laureatı Albert Eynşteyni göstərmək olar. O, universitet məzunu olmasa da, böyük kəşflərə imza atmağının səbəbini çox mütaliə etməkdə görürdü.
 
Cəmiyyətin mənəvi və intellektual inkişafı üçün mütaliənin vacibliyi danılmazdır, ölkəmizdə yeniyetmə və gənclərin oxu vərdişləri, bədii və elmi mütaliədə maraq dairəsi ilə bağlı statistik məlumatlar bizim üçün daha çox maraq doğurur.
 
Bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun nəzdində Sosioloji Sorğu Mərkəzi yaradıldı. Mərkəz tərəfindən “Gənclikdən soraq” layihəsi çərçivəsində respublikanın 10 ali məktəbində, 13 orta-ixtisas təhsil müəssisəsində, 40 ümumtəhsil məktəblərində təhsil alan 4409 gənc arasında mütaliəyə maraq dərəcəsinin və onlara oxu mədəniyyətinin aşılanması yollarının müəyyənləşdirilməsi məqsədilə sosioloji sorğu aparıldı və nəticələri hərtərəfli təhlil edildi.
 
Sorğu zamanı məlum olub ki, asudə vaxtlarını gənclərin 11%-i televiziya verilişlərini izləməklə, 14%-i idmanla məşğul olmaqla, 16%-i dostları ilə ünsiyyətlə, 25%-i musiqi dinləməklə, 34%-i isə kitab oxumaqla keçirirlər.
 
Respondentlərdən 202 nəfəri kitab oxumağı məcburi və darıxdırıcı məşğuliyyət adlandırıbsa, 2079 nəfəri ən sevimli və maraqlı məşğuliyyət, 2117 nəfəri təhsillə bağlı öhdəlik kimi dəyərləndirib.
 
E.ə 625-ci ildə Assuriya Dövlətinin Aşşurbanipal tərəfindən qurulan Ninova Kitabxanası dünyanın ən qədim kitabxanası kimi tanınır. Amerika Konqres Kitabxanası isə dünyanın ən böyük kitabxanası olaraq 470 fərqli dildə, 160 milyon kitabı özündə saxlayan kitabxana olmaqla yanaşı, eyni zamanda, dünyanın ən çox işçisi olan kitabxanadır: burada 3624 nəfər çalışır.
 
Hazırda Azərbaycanda dörd mindən çox kitabxana fəaliyyət göstərir. İdarə və müəssisə kitabxanaları ilə birlikdə onların sayı 12 minə çatır. Bəs gənclərimiz kitabxanaya gedirmi? Sorğuda iştirak edənlərdən 1300 nəfəri kitabxanaya ayda 1-2 dəfə, 861 nəfəri hər həftə, 530 nəfəri 3 ayda bir dəfə gediyini etiraf edib, 650 nəfəri “ildə 1-2 dəfə”, 1068 nəfəri “ümumiyyətlə getmirəm” cavabını verib. Bu cavablar bizi, xüsusilə də təhsil alanların kitabla ilk ünsiyyətinə vasitəçi olan valideyn və müəllimləri, bu ünsiyyəti yaradan kitabxana işçilərini və mütailəni təbliğ edən maarifçilərimizi düşündürməlidir.
 
Ailələrdə ev kitabxanalarının mövcudluğu da kitaba münasibətin formalaşmasında mühüm rol oynayır. Sorğuda iştirak edənlərdən 1967 nəfəri ev kitabxanasına malik olduqlarını, 2442 nəfəri isə mənzillərində kitablardan ibarət müəyyən bir guşənin mövcud olmadığını qeyd edib. Təəccüb və təəssüf doğuran rəqəmlərdir.
 
Gənclərin 57%-i mütaliə etmək üçün kitab seçiminə təsir göstərən ən mühüm amil kimi əsərlərin janrını göstəriblər. Məlum olub ki, gənclər daha çox detektiv əsərləri və fantastik əsərləri, daha az klassik bədii əsərləri, ən az isə publisistik əsərləri, dövrü mətbuatı, elmi-kütləvi ədəbiyyatı oxuyurlar.
 
Şübhəsiz ki, hər bir oxucu öz ölkəsinin qələm sahibinə, öz xalqının şair və yazıçısına, doğma dilində içıq üzü görən kitablara daha çox üstünlük verməlidir. Amma qloballaşma dövründə öncəliyi yerli yazarlara verməklə, dünya ədəbiyyatından tamamilə uzaq düşmək olmaz. Çünki kitab bəşəriyyətin ortaq xəzinəsidir. Bu səpkidə gənclərə verilən sualda məlum olur ki, gənclərimiz həm Azərbaycan klassiklərinin, həm də xarici ölkə klassiklərinin əsərlərini eyni nisbətdə oxuyurlar.
 
1995-ci ildə Barselonada keçirilən Dünya Nəşriyyatlar Birliyinin Konqresində hər il 23 aprel “Beynəlxalq Kitab Günü” olaraq qərarlaşdırılmış və eyni il UNESCO tərəfindən də “23 Aprel Beynəlxalq Kitab Günü” kimi qəbul edilmişdir. Əlamətdar günün məhz 23 aprel kimi qəbul edilməsi Servantes, Şekspir, Veqa, Nabokov kimi məşhur yazarların doğum və ölüm günlərinin həmin günə təsadüf etməsi ilə bağlıdır. Hazırda dünya statistikasına görə, ən çox mütaliə edən ölkə Hindistandır. Bir hindistanlı asudə zamanlarında orta hesabla həftənin 10 saat 42 dəqiqəsini mütaliə ilə məşğul olur. İkinci yerdə orta hesabla həftədə 9 saat 24 dəqiqə olmaqla tailandlılar qərarlaşıblar. Daha sonra onları siyahıda çinlilər, filippinlilər, misirlilər izləyir. Texnologiyaların böyük sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Buna görə də müxtəlif ölkələrdə oxu vərdişlərini yaxşılaşdırmaq və inkişaf etdirmək üçün xüsusi kampaniyalar aparılır. İngiltərədə “Oxumağa davam et” (“Read On”), Amerikada “Oxumağa tutun” (“Get Caught Reading”), Türkiyədə “Oxuyan sərnişin” kampaniyaları bunların ən məşhurlarıdır.
 
İngilis filosofu Herbert Spenserin dediyi kimi “Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”. Kitab bir millətin gələcəyi, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürücüsüdür. Ona görə kitab oxumayan bir millət qaranlığa gömülməyə məhkumdur.
 
Yolumuza işıq saçan, nur səpən kitaba sevgi hər bir kəsə körpə yaşlarından aşılanmalıdır. Yeni nəslimizi ailə mühitində tərbiyə edən, boya-başa çatdıran valideynlər, ona təhsil verən, bilikli və savadlı olmasına cavabdeh olan müəllimlər, onun mənəvi və əqli dünyasını zənginləşdirən ziyalılar bu sevgini oyatmaq və yaşatmaq kimi şərəfli bir missiyanın daşıyıcılarıdır.
 
Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, elektron informasiya mənbələrinin çoxaldığı bir dövrdə klassik çap məhsulu olan kitaba düzgün münasibətin aşılanması heç də asan deyil. Bəlkə də bu gün “Kitab oxu!” tələbini, “Kitabla dost ol” məsləhətini, “Kitab bilik mənbəyidir!” şüarını digər çağırışlarla əvəzləmək, gənclərə hüzurunda dünya dahilərinin daim baş əydikləri KİTABa ehtiram və sevgi hissini aşılamaq üçün yeni maarifləndirici üsullara əl atmaq lazımdır. “Niyə kitab oxumalıyam?”, “Niyə kitab dostum olmalıdır?”, “Kitab hansı biliklərin mənbəyidir?” suallarını dolğun cavablandırmaqla gənclərin kitaba olan marağını SEVGİyə çevirməliyik.
 
Xumar Fərzəliyeva
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun məsləhətçisi
Tarix: 05.07.2018

Son xəbərlər