Bilik Fondu tikinti işçilərini maarifləndirir: “Günvurma zamanı ilk tibbi yardım”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə iyulun 11-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində “NGM GROUP” MMC tərəfindən inşa olunan “Seven Star” tikinti obyektində işləyən fəhlələr üçün maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xalq Təbabət Mərkəzinin terapevt kardioloq-homeopatı Kəmalə Həsənova “Günvurma zamanı ilk tibbi yardım” mövzusunda çıxış edib. Havanın temperaturunun yüksək olmasının bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olduğunu deyən K.Həsənova zərərçəkənə göstəriləcək ilk tibbi yardım haqqında iştirakçılara geniş məlumat verib.
 
Bildirilib ki, günvurma orqanizmin ətraf mühitin yüksək temperaturuna patoloji reaksiyasıdır, ilk tibbi yardım zamanı zərərçəkənə yardım göstərmək üçün ilk növbədə onu sərin otağa və ya kölgəlik yerə aparıb düz yerdə uzatmaq, rahat nəfəs almasına şərait yaratmaq lazımdır. Tez-tez, azacıq duzlu su içirmək, üz, əl və sinəsini soyuq su ilə islatmaq və ya soyuq su ilə isladılmış parça ilə silmək məsləhətdir. İlkin yardımı göstərməklə yanaşı, təcili tibbi yardım briqasını çağırıb zərərçəkəni yaxınlıqdakı müalicə məntəqəsinə çatdırmaq vacibdir.
 
Həkim-mütəxəssis dinləyicilərin günvurmadan qorunma ilə bağlı suallarını da cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.07.2018

Son xəbərlər