Dini məbədlərin kitablarla təmin olunması milli-mənəvi və dini dəyərlərin qorunmasına təkan verir


Bilik Fondu ibadət ocaqlarlına kitablar hədiyyə edir
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri bilik mənbəyi olan kitaba marağın artırılması, əhaliyə mütaliə mədəniyyətinin aşılanmasıdır. Bununla bağlı mütəmadi olaraq “Ev kitabxanası”, “Məscid kitabxanası”, “İmzalı görüş” layihələri, “Oxuyaq və oxudaq” aksiyaları həyata keçirilir, kitabsevər ailələrə, dini məbədlərə, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət və iaşə obyektlərinə kitablar hədiyyə olunur.
 
Bilik Fondu 2015-ci ildən başlayaraq, “Dini maarifləndirmə” layihəsi çərçivəsində məscidlərin, kilsə və sinaqoqların dini və dünyəvi ədəbiyyat nümunələri ilə təminatı missiyasını uğurla davam etdirir.
 
Fond tərəfindən ibadət ocaqlarına xalqımızın həyat tərzinə çevrilmiş multikulturalizmi və tolerantlığı, dövlətlə din arasında sivil münasibətləri, ölkəmizdə bərqərar olmuş dini həmrəyliyi təbliğ edən, milli-mənəvi və dini dəyərlərimizdən bəhs etməklə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət göstərən müxtəlif növ nəşrlər hədiyyə edilib. Məscidlərə verilən bütün kitablar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına uyğun olaraq nəfis tərtibatla nəşr edilmiş, yüksək poliqrafik keyfiyyətdə işıq üzü görmüş və və yüksək dini qurumlar tərəfindən tövsiyə olunmuş çap məhsullarıdır. “Məscid kitabxanası” təkcə dindarlar üçün deyil, hər bir kitabsevərin üzünə açıqdır.
 
Fəaliyyətə başladığı dövrdən Bilik Fondu “Məscid kitabxanası” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələri əhatə olunmaqla şəhər, qəsəbə və kəndlərdə yerləşən 50-dən çox dini məbədə 2500-dən çox kitab hədiyyə edib. Bunların arasında abadlaşdırılmasında Fondun iştirak etdiyi Bərdə İmamzadə Kompleksi, ərazisi Fondun dəstəyi ilə müxtəlif etnik qrupları təmsil edən gənclər tərəfindən yaşıllaşdırılmış Zaqatala rayonunun Əliabad qəsəbə Məscidi, Bakı şəhərinin Fatmayi, Mehdiabad, Nardaran, Sahil, Lökbatan, Buzovna, Müşviqabad, Sanqaçal qəsəbə məscidləri, Şamaxı Cümə Məscidi, Ağdaş, Göyçay, Tərtər, Cəlilabad, Qobustan, Astara, Masallı, İsmayıllı, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən şəhər məscidləri, Cəlilabad rayonunun Cocuq Mərcanlı, Beyləqan rayonunun Qaralar, Astara rayonunun Pensər və Şiyəkaran, Lənkəran rayonunun Cil, Masallı rayonunun Hişkədərə, Siyəzən rayonunun Zarat, İsmayılli rayonunun Lahıc, Zaqatala rayonunun Yuxarı Tala, İsmayıllı rayonunun Qubaxəlilli, Quba rayonunun Pirvalid kənd məscidləri də var. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən Bilik Fonduna təqdim edilən və dini məbədlərə hədiyyə olunan kitablar xüsusi maraqla qarşılanır.
 
Layihə şərti olaraq “Məscid kitabxanası” adlandırılsa da, kitab hədiyyə edilən dini məbədlər sırasına Quba rayonu Qırmızı qəsəbədəki Giləki və Altı günbəz sinaqoqları, Qəbələ rayonu Nic qəsəbəsinin Cotari Alban-Udi kilsəsi, Oğuz rayonunun Yəhudi sinaqoqu da daxildir.
 
Quba rayonunun İkinci Nügədi kənd məscidinin imamı Hacı İlkin Qayıbovun fikrincə, Bilik Fondunun “Məscid kitabxanası” layihəsi maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində öz müsbət nəticəsini verir. Məscidə gələn gənclər dini kitablarla yanaşı, dünyəvi kitabları da həvəslə mütaliə edirlər.
 
Тarixə, dinə, etnoqrafik yaddaşa sahib azsaylı xalq kimi varlığını davam etdirən alban-udilərin Azərbaycandа milli və mənəvi dəyərlərin zənginləşməsində böyük rol oynadıqlarını söyləyən Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Bilik Fondunun layihələrini izlədiyini və alqışladığını deyir: “Multikulturalizm, dini və milli dəyərlərin qarşılıqlı qorunması çərçivəsində udi kimliyinin, dəyərlərinin öyrənilməsi, bu müstəvidə Alban kilsəsinin bərpası, Alban xristianlığı anlayışının təbliği və bütün bunların tarixi-mədəni cəhətlərinin ortaya çıxarılmasını hədəfləyən tədbirlər, o cümlədən “Azərbaycan dilini öyrənirik” layihəsi bir örnəkdir və onun davamlı olmasına böyük ehtiyac var. Azərbaycanın multikulturalizm siyasətinin görünən üzü olan udilər üçün Bilik Fondunun keçirdiyi bu təlim kursları diqqətəlayiqdir”.
 
Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Yuriy Naftaliyev bu barədə fikirlərini belə bölüşür: “Sinaqoqa Bilik Fondu tərəfindən hədiyyə olunmuş kitablardan Qırmızı Qəsəbədə fəaliyyət göstərən dini kollec tələbələri, sinaqoqun işçiləri və sinaqoqa ziyarətə gələn vətəndaşlar faydalanırlar. Onlar bu kitablar vasitəsilə gərəkli məlumatlar əldə edir, dünyagörüşlərini genişləndirir, asudə vaxtlarını mənalı keçirirlər. Bu diqqətə görə Bilik Fonduna öz dərin minnətdarlığımızı bildiririk”.
 
Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov Bilik Fondunun əhalinin, xüsusilə də gənclərin dini maarifləndirilməsinə xidmət edən layihələrini yüksək dəyərləndirir: “Bilik Fondu tərəfindən bizim məscidə dini ədəbiyyatla yanaşı, dünyəvi ədəbiyyat nümunələri də hədiyyə olunub. Məscidlərə maarifçiliyə xidmət edən, insanların bədii zövq və biliklərini, dünyagörüşünü artıran kitabların hədiyyə edilməsi, “Məscid kitabxanası”nın yaradılması olduqca dəyərli fikirdir. Bu missiyanı uğurla yerinə yetirən Bilik Fondunun cənub bölgəsində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiqdir. Belə layihələrin davamlı olmasını arzulayırıq”.
 
Ölkəmizdə yaşayan və pravoslav kilsəsində ibadət qılan rusdilli əhali üçün Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üç ildir ki, ödənişsiz “Azərbaycan dili” danışıq kursları fəaliyyət göstərir. Paytaxtın Jen Mironosits və Mixaylo-Arxangel kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadıqları Nic qəsəbəsindəki Cotari Alban-Udi xristian kilsəsində dövlət dili tədris olunur. Fond mütəmadi olaraq təlimdə iştirak edənləri zəruri tədris və məlumat ədəbiyyatı, əyani vəsaitlər, danışıq kitabçaları və lüğətlərlə təmin edir, dinləyiciləri Azərbaycan dilində film nümayişləri və teatr tamaşalarına dəvət edir, muzey və sərgilərə ekskursiyalarını təşkil edir.
 
İbadət ocaqlarında dini və dünyəvi ədəbiyyat nümunələri ilə ünsiyyət bu ocaqları ziyarət edənlərin təkcə oxucu mədəniyyətini inkişaf etdirmir, həm də onların
 
zəngin mədəniyyətimizə və incəsənətimizə marağını artırır, milli-mənəvi, əxlaqi və dini dəyərlərimizə qayğılı münasibətini formalaşdırır.
 
Elmi və bədii, eləcə də dini mütaliə ilə bağlı tədbirlərin həyata keçirilməsində Bilik Fondunun əsas məqsədi əhalinin kitaba sevgisinin, gənclərin mütaliəyə marağının artırılmasına nail olmaqdır. Şübhəsiz ki, kitaba sevgi və ehtiramla yanaşan cəmiyyət daim inkişaf edəcək və təkmilləşəcək, cəhalətdən uzaq olub tərəqqi yolunu tutacaq, sülhə və əmin-amanlığa nail olacaqdır!
 
 
Abbas Əliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparıcı mütəxəssisi
Tarix: 12.07.2018

Son xəbərlər