Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb


Ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılmasında birgə fəaliyyətin təşkili, müştərək maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

 

10 avqust tarixində Mərkəzdə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və hər iki qurumun əməkdaşları iştirak ediblər.

Əməkdaşlıq sazişində orta, ali, texniki-peşə təhsili müəssisələrində gənclərin maarifləndirilməsinin, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsinin, şəxsiyyət kimi formalaşmasının təmin edilməsi istiqamətində mühazirə və təlimlərin keçirilməsi, abituriyentlərin müxtəlif fənlər üzrə hazırlığının təmin edilməsi, onların qabiliyyət imtahanlarına hazırlaşdırılması ilə bağlı təlim kurslarının təşkili, abituriyentlərə, onların valideynlərinə və müəllimlərə qəbul qaydaları, qəbul imtahanları modeli ilə tanış olmaqda, peşə və ixtisas seçimində kömək məqsədilə maarifləndirici  seminarların və dəyirmi masaların keçirilməsi, dövlət qulluğuna qəbul olunmaq və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün bölgələrdə maarifləndirici tədbirlərin təşkil edilməsi, eləcə də birgə nəşrlərin hazırlanması, kitabçalar, broşürlər və analitik materialların tərtib edilməsi, nəşri və yayılmasının təmin edilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi və Bilik Fondu tərəflərin məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada və xarici ölkələrdə həyata keçirilən maarifləndirici tədbirlərdə, o cümlədən elm və təhsil layihələrində, konfranslar, seminarlar, dəyirmi masalar və təlimlərdə hər iki qurumun əməkdaşları, ekspertləri və tədqiqatçılarının iştirakına şərait yaradılması, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlərin rəğbətləndirilməsi, Mərkəzin araşdırmaları əsasında müəyyənləşən ən qabaqcıl məktəblərin təcrübəsinin regionlarda yayılması və müəllimlərin simpoziumlarının keçirilməsi ilə bağlı birgə fəaliyyət barədə razılığa gəliblər. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 10.08.2018

Son xəbərlər