Bilik Fondunun yeni nəşri: “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib.
 
Nəfis tərtibatlı kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə açılır.
 
Nəşrin tərtibçisi Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, elmi redaktoru Bakı Dövlət Universiteti Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Anar İsgəndərlidir.
 
“Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən 152 səhifəlik kitabda Cümhuriyyətimizin tarixi, qurucuları, dövlət atributları, qəbul etdiyi qanun və qərarları, ən mühüm hadisələrin xronologiyası qısa şəkildə əhatə olunmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında fikirləri də əks olunub.
 
Kitabın nüsxələri respublikamızın təhsil müəssisələrinə, mədəniyyət evlərinə, kitabxanalara, Bilik evlərinə paylanır.
 
Geniş oxucu auditoriyası, Cümhuriyyət tarixi ilə maraqlananlar kitabın PDF variantı ilə də saytımızda tanış ola bilərlər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 04.05.2018

Son xəbərlər