“Müharibə miniatürləri” adlı kitab çapdan çıxıb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi, Azərbaycan Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, tanınmış jurnalist-publisist Ramilə Qurbanlının “Müharibə miniatürləri” adlı yeni kitabı işıq üzü görüb.
 
Qarabağ müharibəsindən bəhs edən kitabda ayrı-ayrı, amma bir-biri ilə bağlı real həyat hadisələri təsvir olunub.
 
Müəllif deyir: “Kitabda müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam. Başqa sözlə, o hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər.
 
Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu “Rus dili filologiyası” ixtisası üzrə bitirib. 1994-1995-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilini tədris edib.
 
Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə “Ədəbiyyat qəzeti”ndə peşəkar jurnalistika fəaliyyətinə başlayıb. “7 Gün”, “Gənclik – P.S”, “Gün Səhər”, “Üç nöqtə”, “Yeni zaman” qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV-də “Mizan” adlı müəllif proqramı ilə efirə çıxıb. “33 pərdəli dram”, “Leyla Bədirbəyli”, “Lütfəli Abdullayev”, “Əliağa Ağayev”, “Ələsgər Ələkbərov” adlı kitabların müəllifidir.
 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti


Tarix: 04.09.2018

Son xəbərlər