“Ənənəvi İslami dəyərlər dini ekstremizmə qarşı” –Yasamalda maarifləndirici tədbir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Heydər Əliyev Mərkəzində “Ənənəvi İslami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının birinci müavini, Dini məsələlər üzrə komissiyanın sədri Elçin Rzayev ölkədə dini maarifləndirmə istiqamətində aparılan işin əhəmiyyətindən söz açıb, Bilik Fondu ilə birgə müxtəlif mövzularda maarifləndirici tədbirlərin ənənəvi hal aldığını qeyd edib.
 
Mühazirəçi qismində “Ənənəvi İslami dəyərlər və müasirlik” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri əvəzi Cahandar Əlifzadə İslam dininin qardaşlıq, sülh, bərabərlik dini olduğunu vurğulayıb, bu baxımdan İslam fəlsəfəsinin geniş kütlələrə çatdırılması istiqamətində alimlər qarşısında hələ çox mühüm vəzifələr durduğunu qeyd edib, yeni açılmış Azərbaycan İlahiyyat İnstitutunun mövcud elmi mübahisələrin həlli yolunda xüsusi rol oynayacağını dilə gətirib.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “İslami dəyərlər və dini ekstremizm: hüquqi yanaşma” mövzusunda çıxış edərək milli-mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin konstitusiyon-hüquqi əsaslarından danışıb, “Dini ekstremizmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını şərh edib. İslam dininə aid ayin və mərasimlərin aparılması hüququnun yalnız Azərbaycan vətəndaşlarına mənsub olduğunu xatırladan aparat rəhbəri xaricdə dini təhsil almış vətəndaşların bu qəbildən olan tədbirlərdə iştirakının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra mümkün olduğunu vurğulayıb.
 
Çıxış edənlər onu da bildiriblər ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin yayılmasının qarşısını alır, gənclərin mənəviyyatının zənginləşməsinə təkan verir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.09.2018

Son xəbərlər