Bilik Fondu “Neftçilər günü” münasibətilə seminar keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Dövlət Sosial-İqtisadi Kollecində 20 sentyabr “Neftçilər günü” münasibətilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft strategiyasının banisidir” mövzusunda seminar keçirib.
 
Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov ölkəmizin qabaqcıl tədris müəssisələrindən birində Bilik Fondunun təşkil etdiyi tədbirin tələbələrin iqtisadi, elmi-praktik biliklərinin artırılmasında əhəmiyyətli rol oynayacağını bildirib.
 
Mühazirəçi - Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov - mövzu ilə bağlı video-təqdimatında Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Alim xüsusi vurğulayıb ki, ölkəmizin bu günkü tərəqqisi, sivil dünya birliyinə uğurlu inteqrasiyası 1994-cü ilin bu günü imzalanan, Ümummilli lider Heydər Əliyevin uzaqgörən zəkasının, müdrikliyinin təcəssümü olan “Əsrin müqaviləsi”nin məntiqi nəticəsidir.
 
M.Məmmədov 1992-cü ildə bir qrup alim, ziyalı ilə birlikdə Naxçıvanda Ulu öndərlə unudulmaz görüşünü xatırladaraq deyib ki, hələ o zaman dahi siyasətçi Azərbaycanın zəngin neft-qaz resurslarının gələcəkdə dövlət müstəqilliyimizin etibarlı təminatı olacağını bildirmişdi. Ümummilli liderin əsasını qoyduğu enerji siyasətinin Prezident İlham Əliyevin müasir qlobal siyasətin tələblərinə uyğun inkişaf etdirməsi sayəsində “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb. Ölkəmiz Avropanın enerji təminatında mühüm əhəmiyyətə malik olan beynəlxalq layihələri uğurla gerçəkləşdirir.
 
Xalqımız “Neftçilər günü”nü qeyd etməklə həm də onların fədakar əməyinə hörmət və ehtiramını bildirir. Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Fondun maarifçilik layihələri barədə məlumat verib, tələbələri bu layihələrdə fəal işirak etməyə çağırıb. 20-dək elmi əsərin müəllifi olan professor M.Məmmədovun uzun illər Energetika Nazirliyində Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmaqla elmi-praktik şəkildə “Əsrin müqavilə”sinin reallaşması istiqamətində dəyərli fəaliyyət göstərdiyini vurğulayaraq, mühazirəçiyə maraqlı, yaddaqalan təqdimata görə təşəkkür edib.
 
İnteraktiv formada keçən mühazirədə tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.09.2018

Son xəbərlər