Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi gününü qeyd etdi


Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğulduğu 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi günü kimi təntənə ilə keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Fondun bölgələrdə fəaliyyət göstərən Bilik evləri bu günü müxtəlif səpkili tədbirlərlə qeyd edir.
 
Ağdaş Bilik Evi rayonun Mərkəzi Kitabxana Sisteminin 1saylı şöbəsi ilə birgə Milli Musiqi gününü Heydər Əliyev Mərkəzində keçirib. Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edilib, Üzeyir bəyin elm, mədəniyyət və incəsənət sahəsində misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
 
 
Növbəti tədbir paytaxtın M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbində gerçəkləşib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb. Fondun məsləhətçisi Sevinc Babayeva, məktəbin direktoru Gülşən Quliyeva və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova çıxış edərək, Milli Musiqi gününün ölkəmizdə çox əlamətdar hadisə kimi qeyd olunduğunu bildiriblər.
 
Bakı Musiqi Akademiyasının elmi işçisi Fidan Nəsirova Ü.Hacıbəylinin həyat və yaradıcılığına dair mühazirə ilə çıxış edib.
 
Musiqi məktəbinin şagirdləri və “Fantaziya” skripkaçılar ansamblı görkəmli bəstəkarlar Ü.Hacıbəyli, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, N.Əliverdibəyov, Z.Bağırov, T.Quliyev və V.Adıgözəlovun əsərlərini yüksək zövqlə səsləndiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.09.2018

Son xəbərlər