Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və məsləhətçi Abbas Əliyev “Bakı Tekstil Fabriki” MMC-nin inzibati binasında Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və həmkarları ilə görüşüb, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Assosiasiyanın fəaliyyəti ilə tanış olublar.

 
Ölkə Prezidentinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn tapşırıqlarına əsasən, qadın sahibkarların fəaliyyətinin daha da genişləndirilməsini zəruri hesab edən S.Babayeva cəmiyyətdə qadınların bütün sahələrdə fəallaşmasını gender siyasətinin uğuru kimi dəyərləndirib. Rəhbərlik etdiyi təşkilatda təmsil olunan xanımların sahibkarlıq fəaliyyətində qazandığı nailiyyətləri sadalayan S.Babayeva biznes mühitinin inkişafında dövlətin qayğısından söz açıb.
 
Sahibkar xanım onu da xüsusilə vurğulayıb ki, regionlarda qadınların bacarıqlarının müxtəlif istiqamətlərdə düzgün yönləndirilməsinə böyük ehtiyac var və bu sahədə Bilik Fondu ilə əməkdaşlıq faydalı ola bilər.
 
Bilik Fondunun icraçı direktoru ölkədə sahibkarlığın inkişafına xidmət edən islahatların artıq yüksək nəticələr verdiyini diqqətə çatdıraraq, xanımların həyatımızın bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da önə çıxmalarını təqdirəlayiq hal kimi qiymətləndirib. O.Səmədov Bilik Fondunun maarifləndirici layihələrindən söz açaraq, regionlarda fəaliyyət göstərən Bilik evlərində təlim kursları və dərnəklərin mahiyyətindən danışıb. Qeyd edib ki, Bilik evlərinin dəstəyi ilə bölgələrdə kiçik və orta sahibkarıqla məşğul olan qadınların istehsal etdikləri məhsulların sərgilərini təşkil etmək, onların keyfiyyətini və məhsuldarlığını artırmaq üçün ixtisaslı mütəxəssislərlə görüşlərini və müxtəlif təlimləri keçirmək məqsədəuyğun olar.
 
Görüşdə tərəflər arasında əməkdaşlığa dair Niyyət Protokolunun və əhalinin sahibkarlıq sahəsində maarifləndirilməsi ilə bağlı birgə tədbirlər planının hazırlanması qərara alınıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.09.2018

Son xəbərlər