“Mizan” Tələbə Dram Dərnəyi yeni mövsümdə Cəfər Cabbarlıya müraciət edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdə yatratdığı “Mizan” Tələbə Dram Dərnəyi yeni mövsümdə fəaliyyətini davam etdirməyə başlayıb.
 
Tələbə-aktyorlar bu dəfə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dramaturgiyasında realizmin banisi, görkəmli dramaturq Cəfər Cabbarlının qarşıdan gələn 120 illik yubileyi ərəfəsində onun “Solğun çiçəklər” dramının tamaşasını hazırlayacaqlar.
 
“Mizan” Tələbə Dram Dərnəyi artıq iki ildir fəaliyyət göstərir və Xalq artisti Məmmədsafa Qasımovun bədii rəhbərliyi və rejissorluğu ilə Ə.B.Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsərinin eyniadlı tamaşasını hazırlayıb.
 
Ötən mövsüm Bilik Fondunun təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı klub-icma Mərkəzində görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə onun hekayələrindən ibarət “Xatirələrim” tamaşasının premyerası olub.
 
Bilik Fondu Xalq artisti Məmmədsafa Qasımovu “Mizan” Tələbə Dram Dərnəyinin bədii rəhbəri kimi gənclərin maarifləndirilməsində göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə təltif edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.09.2018

Son xəbərlər