Bilik Fondunun mühazirəçisi Türkiyədə maarifləndirici görüşlər keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, əməkdar jurnalist Namiq Əhmədov Samsun 19 Mayıs Universitetinin müəllim və tələbələrinin, eləcə də müxtəlif universitetlərin elm adamlarının iştirak etdiyi beynəlxalq tədbirin Azərbaycana aid panelində “Müasir dünya düzənində Azərbaycan-Türkiyə strateji və iqtisadi əlaqələri mətbuatda” mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, müstəqillik dövründə Türkiyə və Azərbaycan əlaqələrinin vüsəti, enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin güclü siyasi iradəsi nəticəsində baş tutub.
 
“Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanması “Bir millət, iki dövlət” anlamının daha böyük çərçivədə bir daha təsdiqi idi. Müqavilə tərəflərin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımaqla, hər hansı birinin təhdid və ya təhlükə, üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldığı halda hərbi imkanlardan belə istifadə etməklə, bütün zəruri tədbirlərin görülməsini təsdiqləyir. Bu, Dağlıq Qarabağ probleminin həllinin qəsdən ləngidildiyi dönəmdə olduqca vacib faktdır.
 
Məruzəçi Samsun 19 Mayıs Universitetinin müəllimləri Öznür Umitin, Sezayi Çağların, Metin Sağlamın və başqalarının çoxsaylı suallarını cavablandırıb.
 
N.Əhmədov Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Dərnəyinin üzvləri ilə görüşüb. Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Türkiyənin Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərinin işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması və Azərbaycanın mövqeyini beynəlxalq tədbirlərdə təkcə sözdə yox, həm də əməldə dəstəkləməsi iki ölkənin qardaşlıq münasibətlərinin parlaq göstəricisidir.
 
N.Əhmədov görüşdə Bilik Fondunun təşkilatçılığı ilə müxtəlif ölkələrdə, xüsusən, Türkiyədə keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib və Azərbaycan Mədəniyyət Evi Dərnəyini əməkdaşlığa çağırıb.
 
Dərnəyin rəhbəri Fəridə Qasımzadə qurumun fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, dərnək özündə Türkiyənin təhsil sistemində ilk onluqda yer alan On Dokkuz May Universitetində çalışan müəllimləri və universitetin müxtəlif fakültələrində təhsil alan tələbələri birləşdirir. 300 nəfərə qədər azərbaycanlının təmsil olunduğu dərnək bölgədə Azərbaycanın tanıdılmasında və ölkəmizlə bağlı tədbirlərin təşkilində əhəmiyyətli rol oynayır, burada təhsil alan tələbələrə himayə göstərir.
 
Tədbirdə çıxış edən diaspor fəalı Qənimət Səfərov, əməkdar jurnalist Tahir Aydınoğlu, Samsun Universitetinin professoru Azər Qasımzadə diaspor
 
fəaliyyətinin önəmindən və ölkələrimiz arasında əlaqələrin perspektivlərindən danışıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 09.10.2018

Son xəbərlər