Bilik Fondu tarix müəllimləri ilə tələbələri tarixçi alimlərlə görüşdürdü


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin tarix müəllimləri, tarixçi alimlər, Bilik Fondunun əməkdaşları, Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
 
Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə açan icraçı direktor Oktay Səmədov “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə görülən işlərdən, həyata keçirilən maarifləndirici layihələrdən bəhs edib. İcraçı direktor elm və təhsilin inteqrasiyasının vacibliyinə xüsusi diqqət çəkərək, birgə fəaliyyətin önəmini vurğulayıb.
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunu geniş şərh edib. Tarixçi alim Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, təhsil və aqrar sahədə görülən işlər barədə geniş məlumat verib, xarici ölkələrin arxivlərindən əldə olunan materialların soraq verdiyi həqiqətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. “Dəyirmi masa”da tarix dərsliklərin vəziyyəti barədə fikirlər səsləndirilib, Cümhuriyyət tarixinin tədrisi ilə bağlı geniş müzakirələr aparılıb, tarixçi alimlər iştirakçıların çoxsaylı suallarına cavab veriblər.
 
“Dəyirmi masa” iştirakçıları tarix fənninin tədrisi ilə əlaqədar Bilik Fondunun Sosioloji Sorğu Mərkəzinin keçirdiyi sorğunu cavablandırıblar.
 
Tədbir çərçivəsində Cümhuriyyət tariximizi əks etdirən yeni nəşrlər nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.10.2018

Son xəbərlər