“Kosmik sənayenin inkişafı dövlətimizin növbəti uğurudur”


 
Bilik Fondu “Azərspace 2” peykinin orbitə çıxarılması ilə bağlı tədbir təşkil etdi
 
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərspace 2” peykinin orbitə çıxarılması hadisəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
 
Yasamal Heydər Əliyev Mərkəzində gənclərin iştirakl ilə keçirilən tədbiri Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini Nazilə Rəhimova açaraq, Bilik Fondu ilə birgə həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib.
 
Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizəçisi Azər Zeynalzadə ölkənin texniki sahədə inkişafında gənclərin rolundan bəhs edib və dövlətin bu istiqamətdə apardığı islahatların əhalinin sosial rifahına müsbət təsir etdiyini söyləyib.
 
Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev təmsil etdiyi qurumun əsas məqsədi barədə danışıb. Bildirib ki, Fondun məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. Bugünkü tədbirin mövzusundan söz açan C. Musayev “Azərspace 2” peykinin orbitə çıxarılmasının xalqın həyatında müstəsna əhəmiyyətə malik hadisə olduğunu diqqətə çatdırıb.
 
Tədbirdə bu hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 26-da xalqa ünvanladığı təbrikin videosu nümayiş olunub. Dövlət başçısı bu hadisənin çox böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, informasiya təhlükəsizliyi, yerli telekanalların dünyaya öz verilişlərini təqdim edə bilməsi, telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığın tam aradan qaldırılması, peykləri idarə edən kadrların əksəriyyətinin azərbaycanlı mütəxəssislərdən ibarət olması faktlarından söz açıb.
 
Tədbirdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Bilik Fondu Lektorlar Qrupunun üzvü iqtisadçı-ekspert Vüqar Bayramov “Kosmik sənayenin inkişafı dövlətimizin növbəti uğurudur” mövzusunda məruzə ilə çıxış edib.
 
Məruzəçi “Azərspace 2” peykinin xalqa və dövlətə böyük dividentlər gətirəcəyini söyləyib, bu hadisənin informasiya və kommunikasiya texnologiyaları sahəsində növbəti inqilabi hadisə sayıla biləcəyini, peykin imkanlarının həddindən artıq geniş olduğunu deyib. Bildirilib ki, "Azerspace 2" həm də tədqiqat sahəsində istifadə edilə bilər, ondan internet təchizatı, televiziya və radio yayımı ilə yanaşı, hərbi və digər məsələlərdə də faydalanmaq olar. Bu, ölkə iqtisadiyyatının, o cümlədən İKT sahəsinin inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına böyük təkan verəcək. Ekspert "Azərspace 2"-nin ölkəmiz üçün iqtisadi əhəmiyyətinin danılmaz olduğunu bildirib. Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Çünki kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırır. Azərbaycanın orbitə çıxardığı peyklər kosmik xidmətlər bazarında yerini möhkəmləndirir.
 
Sonda dinləyicilərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.10.2018

Son xəbərlər