“Saf rənglər” festivalının mükafatlandırma mərasimi oldu


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Saf rənglər” V Beynəlxalq Uşaq və Yeniyetmələrin Rəsm Yaradıcılığı Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi, “Kainat” Gənclik Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə 3 yaş qrupu üzrə 7 nominasiyada qaliblər mükafatlandırılıb.
 
Mərasimdə Rəssamlıq Akademiyasının və Bilik Fondunun əməkdaşları, festivalda təmsil olunan xarici ölkə səfirliklərinin nümayəndələri, gənc rəssamlar iştirak ediblər.
 
Festivalın Təşkilat Komitəsi tematik və peşəkar proqramın genişləndirilməsi məqsədilə müsabiqəyə “Azərbaycan mənim gözlərimlə”, “İdman”, “Ətraf mühit”, “Təhlükəsiz dünya” nominasiyalarını daxil edib. 3 yaşdan 16 yaşa qədər olan iştirakçılar təsviri sənətin bütün növ və janrlarında həmçinin multimedia, installyasiya və animasiya kimi müasir incəsənət növlərində də öz işlərini nümayiş etdiriblər.
 
“Saf rənglər” festivalı təsviri sənət dərslərinə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Festival çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsinin sərgisi keçirilib. Həmçinin “Duyğu” reabilitasiya mərkəzinin şagirdləri də öz əl işləri ilə sərgidə iştirak ediblər.
 
2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşəbbüsü ilə başlayan “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqətçəkən hadisədir. Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmələr iştirak edib, Azərbaycandan 720 iştirakçı 1069 rəsm işi təqdim edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 08.10.2018

Son xəbərlər