Bilik Fondu Ümumdünya Görmə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirdi


Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü qeyd edilir. Həmin tarix kor, görmə pozğunluğu və görmə zəifliyi olanların problemlərinə ictimai diqqəti yönəltmək üçün təqvimə salınıb.
 
Korluğun profilaktikası üzrə Beynəlxalq Agentliyin məlumatına görə, dünyada təxminən 300 milyon nəfərin görmə problemləri var, onlardan 39 milyonu görmə qabiliyyətini tamamilə itirib, 250 milyon nəfərin isə yüngül və ağır görmə pozuntusu var. Bu gün 19 milyondan çox uşaq göz xəstəliklərindən əziyyət çəkir.
 
Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar ölkəmizdə də bir sıra maarifçilik və profilaktika tədbirləri həyata keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 11 oktyabr – Ümumdünya Görmə Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edib.
 
Sağlamlıq imkanları məhdud uşaqlar üçün paytaxtın 5 nömrəli Respublika xüsusi internat məktəbində uşaq yazarı Sevinc Nuruqızı ilə “İmzalı görüş” keçirilib.
 
Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru İradə Vəzirova xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.
 
Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun yeniyetmə və gənclərlə, xüsusən, sağlamlıq imkanları məhdud olanlarla birgə həyata keçirdiyi maarifləndirici layihələrdən söz açıb. Uşaqların kitaba, ədəbiyyata olan marağını yüksək dəyərləndirən R.Qurbanlı Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin hazırladığı səsli kitabları və tiflo-surdo şərhli bədii və cizgi filmlərin disklərini Bilik Fondu adından məktəblilərə hədiyyə edib.
 
Uşaq yazarı Sevinc Nuruqızı çıxışında bütün insanların eyni hüquqa malik olduğuna diqqət çəkərək, ədəbiyyatın uşaqların dünyagörüşünün inkişafındakı rolundan bəhs edib. Yazar məktəblilərə müəllifi olduğu nağıl kitablarını da hədiyyə edib.
 
Həmin gün Bilik Fondunun təşkilatçılığı ilə “Avrasiya Hospital”ın təcrübəli cərrah-oftalmoloqu Əsmər Cümşüdovanın Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri üçün “İnformasiya-kommunikasiya texnologiyalarının görməyə təsiri” mövzusunda mühazirəsi keçirilib.
 
Ə.Cümşüdova tələbələrə müasir texnologiyaların gözə təsiri nəticəsində yaranan xəstəliklər, göz xəstəliklərindən qorunma yolları, kompüterdən düzgün istifadə qaydaları haqqında geniş məlumat verib.
 
Tədbirin sonunda tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.
 
Bilik Fondunun kollektivi 13 noyabr - Beynəlxalq korlar günü ərəfəsində də görmə qabiliyyətini itirmiş uşaq və gənclərə diqqət yetirmək, onlar üçün Brayl əlifbası ilə kitablar nəşr erdirmək niyyətindədir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.10.2018

Son xəbərlər