Bilik Fondu dəmiryolu işçilərinin peşə bayramını qeyd etdi


Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Dövlət Dəmir Yolunun “Daşıma Prosesləri İdarəetmə” Birliyinin dəstəyi ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 13 oktyabr – Dəmiryolu işçilərinin peşə bayramı münasibəti ilə maarifləndirici tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin direktor müavini Aybəniz Məmmədova təbrikə görə Bilik Fondu rəhbərliyinə və Azərbaycan Dövlət Dəmir Yolunun “Daşıma Prosesləri İdarəetmə” Birliyinin rəis müavini Cəfər Qasımova təşəkkürünü bildirib.
 
Birliyin rəis müavini Cəfər Qasımov “Müstəqillik illərində Azərbaycan dəmiryolu və metropoliteni” mövzusunda mühazirə ilə çıxış edərək, Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdirilməsinin birbaşa neft daşınması ilə əlaqədar olduğunu qeyd edib, yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq, dəmir yolunun müasir standartlara uyğun təkmilləşdirildiyini iştirakçıların nəzərinə çatdırıb.
 
Bilik Fondunun məsləhətçisi Aynur Tağıyeva təmsil etdiyi qurumun şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, inkişafını təmin etmək məqsədi ilə regionlarda və Bakıda həyata keçirilən maarifləndirici layihələrdən danışıb.
 
Sonda dinləyicilərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.10.2018

Son xəbərlər