YAP Binəqədi rayon təşkilatında maarifləndirici tədbir keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı assimmetrik mübarizə üsulları” adlı tədbir keçirilib.
 
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov gənclərin iştirakı ilə inzibati binada keçirilən tədbiri açaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, son dövrlər bu ölkədə yaşanan hadisələr barədə ətraflı məlumat verib.
 
R.Göyüşov gəncləri neqativ olaylara münasibət bildirməyi, milli məsələlərdə daha ayıq-sayıq olmağı, erməni lobbisinə öz əsassız və saxta təbliğatlarını aparmağa imkan verməməyi tövsiyə edib. Vurğulayıb ki, bütün dünya Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozduğunu bilməlidir.
 
Bilik Fondunun Lektorlar Qrupunun üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov məruzəsində Ermənistanın işğalçılıq və soyqırım siyasətinin bütün regionda sülhə təhdid olduğunu deyib. O, həmçinin qeyd edib ki, Azərbaycanın sülh təşəbbüslərinə və dinc qonşuluq prinsipinə hörmət etməsinə baxmayaraq, Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistan və onun himayədarları assimmetrik mübarizənin yeni personajlarını – “müsəlman ermənilər”, “islamlaşdırılmış ermənilər” adlandırılan qruplar yaradıblar. Onların iddialarına əsasən, erməni xalqının Türkiyədəki “türkləşmiş ermənilər”, “kürdləşmiş ermənilər”, Suriya və İraqdakı “ərəbləşmiş ermənilər”, Azərbaycanda isə “türkləşmiş ermənilər” kimi qondarma etnik qrupların mövcudluğuna dair faktoidlərin insan hüquqları müstəvisinə gətirilməsi və siyasi manipulyasiya vasitəsinə çevrilməsi “Birləşmiş Ermənistan” ideyasının reallaşması üçün əlavə şanslar yaradacaq.
 
A.Qurbanov Azərbaycan dövlətinin erməni xalqı ilə mübarizə aparmadığını diqqətə çatdıraraq, bildirib ki, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasından sonra ərazilərimizin bölünməzliyini dəstəkləyənlər, onun qanunlarına riayət edənlər, etnik mənşəyindən asılı olamayaraq, bizimlə birlikdə torpaqlarımızda vətəndaş kimi yaşaya bilərlər.
 
Sonda mühazirəçi iştirakçıların suallarını cavablandırıb.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.10.2018

Son xəbərlər