On beş ilin salnaməsi faktlar və rəqəmlərlə


Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun ölkə Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 oktyabr tarixinə təsadüf edən 15-ci ildönümü ərəfəsində “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” başlığı altında geniş oxucu kütləsi ilə bölüşdüyü düşüncələr müasir Azərbaycanın son 15 illik tarixinə bir daha nəzər salmaq, görülmüş işləri məntiqli şəkildə təhlil etmək və ölkəmizin əldə etdiyi nailiyyətlərlə bir daha yaxından tanış olmaq imkannı yaradır.
 
Seçkiqabağı təşviqat dövründə cənab İlham Əliyevin səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsinin sözdə yox, əməldə parlaq və aydın təzahür tapması, həqiqətən də yüksək idarəçilik məharəti, siyasi qətiyyəti, milli dövlətçilik təfəkkürü və xalqa inamı ilə fərqlənən ölkə rəhbərinə qısa müddətdə həm böyük hörmət və etimad, həm də sevgi qazandırdı.
 
Məqalədə ölkədə ictimai-siyasi sabitliyin qorunması və möhkəmlənməsində, vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsində, əhalinin sosial rifahının yüksəlməsində dövlət başçısının misilsiz xidmətləri barədə danışılır, böyük qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət, səmərəli dövlət idarəçiliyi sayəsində qazanılmış regional və beynəlxalq nüfuzundan, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqelərindən bəhs olunur.
 
Oxucunun məqalə müəllifinin ölkə həyatının son 15 ildə ayrı-ayrı sahələr üzrə təhlili nəticəsində əldə etdiyi məlumatlar tezis şəklində bu cür ifadə oluna bilər:
 
2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə:
 
* ölkədə siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib;
 
* planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilib, ölkə iqtisadiyyatı 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə yüksəlib;
 
* qeyri-neft sənayesi inkişaf etdirilib, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, qeyri-neft sektoru 2,8 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb;
 
* aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar bu sahənin davamlı inkişafına zəmin yaradıb, kənd təsərrüfatında 1,7 dəfə artım qeydə alınıb;
 
* ölkədə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, 1767 kilometr uzunluğunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və 980 kilometr uzunluğunda Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib, uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan Cənub Qaz Dəhlizinin təməli qoyulub;
 
* ölkənin valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb, 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub;
 
* Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib;
 
* “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini orbitə çıxaran Azərbaycan dünyanın kosmik ölkələri sırasına qoşulub;
 
* ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib, 15 min kilometr yol çəkilib, 443 körpü inşa olunub, Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb, 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilib;
 
* ərazisində 30 elektrik stansiyası tikilib istifadəyə verilmiş Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilib, ölkə üzrə təbii qaz təchizatı 51 faizdən 95 faizə yüksəlib;
 
* əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib, ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib;
 
* ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb, “ASAN xidmət” modeli Azərbaycanın brendinə çevrilib;
 
* şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib, məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülüb, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılıb;
 
* Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb, Azərbaycanın Silahlı Qüvvələri dünyada ən güclü 50 ordu sırasında yer alıb;
 
* ölkənin beynəlxalq nüfuzu yüksəlib, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib;
 
* milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişafı təmin edilib, 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub, Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib;
 
* gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq edilib;
 
* ölkənin idman həyatında böyük uğurlar əldə edilib, paytaxt və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda stadionlar və idman meydançaları istifadəyə verilib, Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib, 2016-cı ildən etibarən hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışlarını təşkil edib;
 
* Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub, iqtisadi rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb.
 
Məqalədə qeyd edildiyi kimi, Azərbaycanın əldə etdiyi uğurların əsasında “məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır”. Prezident İlham Əliyevin müdrik dövlət siyasəti və xalqla qarşılıqlı inamı Azərbaycanın parlaq gələcəyini təmin edən başlıca amildir.
 
Oktay Səmədov
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun icraçı direktoru
Tarix: 16.10.2018

Son xəbərlər