Bilik Fondu Bakı Qızlar Universitetində Dövlət Müstəqilliyi gününü qeyd etdi


Oktyabrın 18-də Bakı Qızlar Universitetində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin “Qafqaz İslam Ordusu və Bakının işğaldan azad edilməsi” mövzusunda mühazirəsi keçirilib.
 
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamların tarixi əhəmiyyətini vurğulayan lektor, bu hadisənin ictimai fikirdə güclü oyanış yaratdığını, humanitar sahədə elmi tədqiqatlarda xüsusi mərhələ açdığını, araşdırmaların daha geniş aspektlərdə davam etdirilməsi üçün imkanlar yaratdığını faktlarla diqqətə çatdırıb.
 
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını rus, ingilis, erməni işğalından azad etməsinin tarixi əhəmiyyətini, bu döyüşlərdə yeni yaranmaqda olan Azərbaycan Milli Ordusu ilə türk əsgərlərinin çiyin-çiyinə savaşmasının Azərbaycan və Türkiyənin əbədi qardaşlıq tarixinə çevrildiyini qeyd edib.
 
Sentyabrın 15-də Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə paytaxtımızın Azadlıq meydanında keçirilmiş hərbi paradın xalqımızın hafizəsində qürurlu gün olaraq əbədi yaşayacağını vurğulayıb.
 
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tələbələri Bilik Fondu adından təbrik edən lektor, Universitetlə Fond arasında sıx əməkdaşlığın yaradıldığını, birgə maarifləndirmə layihələrinin uğurla reallaşdığını da bildirib.
 
Mühazirəçi tələbələrin çoxsaylı suallarını cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.10.2018

Son xəbərlər