Bilik Fondu Zəngilanın işğal tarixini andı


Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Seymur Məmmədyarov tədbiri açaraq, məktəblilərə Zəngilan və onun uğrunda aparılan döyüşlər barədə ətraflı məlumat verib. O, bildirib ki, döyüşlər zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Zəngilanın tarixini, mədəniyyət abidələrini, toponimlərini özündə əks etdirən faktları diqqətə çatdırıb.

T.Şükürlü rayonun tanınmış ictimai xadimləri haqqında məlumat verərək, onların cəmiyyətin inkişafındakı rolunu vurğulayıb.

Əslən Zəngilan rayonundan olan T.Şükürlü şahidi olduğu ağır hadisələrdən danışıb, doğma yurdunun işğala məruz qalması nəticəsində zəngilanlıların yaşadıqları faciələrdən bəhs edib.

Alim məktəbliləri əmin edib ki, torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunacaq.

Sonda məktəblilərin təqdimatında Zəngilana aid şeirlər dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 26.10.2018

Son xəbərlər