Bilik Fondunun “Gənc Jurnalistlər” Klubunun Lahıc və Basqal ezamiyyəti


Tələbəsi olduğumu doğma məkan – Bakı Dövlət Universitetinin qarşısındayam. Bu dəfə həmişəkindən fərqli olaraq dərsə yox, müqəddəs ali təhsil ocağının qarşısına İsmayıllı rayonuna səfər etmək üçün gəlmişəm.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılmış “Gənc jurnalistlər” Klubunun “Tədrisdən təcrübəyə” təlim kursu iştirakçılarının İsmayıllının Lahıc və Basqal qəsəbələrinə səfəri var. Avtobus dayanıb, tələbə dostlarım simalarında təbəssüm bir-biri ilə görüşərək salona daxil olurlar...
 
Bu cümlələri yazarkən böyük şair Nazim Hikmətin “Günəşi içənlərin türküsü” şeirindən bu parçanı dilimin ucunda pıçıldamağa başladım:
 
Sən də çıxar köksünün qəfəsindən ürəyini,
 
Bu günəşdən çıxan atəşi fırlat.
 
Ürəyini ürəklərimizin yanına qat!
 
Axın var – günəşə axın!
 
Günəşi zəbt edəcəyiz – günəşin zəbti yaxın
 
Hocalarımız mayak kimi dayanıblar – jurnalist Ceyhun Musaoğlu və sevilən müəllimlərimizdən Günel xanım. Tələbələr birinci və ikinci kursda təhsil aldıqlarından onların əksəriyyəti ilə tanış deyiləm. Yaxşı deyiblər, insanı yolda tanıyarlar...
 
Avtobusda yerlərimizi tuturuq. Gözlərdən, baxışlardan hiss edirəm ki, yuxulu olan və heç olmasa 20-25 dəqiqə mürgüləməyə, necə deyərlər, gözünün acısını almağa ehtiyacı olan təkcə mən deyiləm. Bunu tur rəhbərimiz Vəli Vəliyev də hiss edir. Amma özünü o yerə qoymur, elə hey danışır, səfərin hansı marşrut üzrə olacağı barədə məlumat verir. Xəbərdarlıq edir: “Siz passiv olsanız, mən də passiv olacam”. Bu söz “auditoriyaya” təsir edir... Yavaş-yavaş canlanma başlayır. Tur rəhbəri və müəllimlərimizin moderatorluğu ilə maraqlı blits-viktorinaların içərisinə düşürük. Suallar, cavablar, yanlışlıqlar, zarafatlar bizi özünə elə cəlb edir ki, Şamaxıya vaxtından tez çatdığımızı düşünür və sürücüdən təxminən xorla soruşuruq: “Sürətlə getmirsiz ki?”... İnsafən sürücümüz avtobusu olduqca səliqəli idarə edir, elə özü də, xarakteri də çox səliqəli bir insandır.
 
Şamaxı yaxınlığındakı tənha türk məzarına çataçatda bu məkan barədə xatırlatmanı da elə sürücüdən eşidirik. Aramızda qəhrəman türk şəhidini ziyarət edənlər də var, bir neçə dəqiqəlik o dəhşətli dövrün tarixini yadımıza salırıq. Vandalizmi, işğalçılığı, bir sözlə işğalçıların vəhşiliyini pisləyirik…
 
Tarixin gedişatını dəyişən neçə-neçə hadisələrin şahidi və iştirakçısı olmuş müdrik ruhlu şairlərin diyarı Şamaxıdayıq. Yol kənarındakı yeməkxanalardan birində qəhvəaltı edirik. Hava təmiz, qidalar təbii, mühit sakit...
 
Yarım saatdan sonra “yolçu yolda gərək” deyib, yolumuza davam edirik. Musiqi sədaları, bir-birini əvəz edən maraqlı mənzərələr, açıq pəncərələrdən içəri dolan sərin meh... Bu dəfə Ceyhun müəllim danışır, jurnalistikanın xüsusiyyətləri ilə bağlı məlumat verir. İşlətdiyi bir cümləni telefonumun “dəftərçə”sinə qeyd edirəm – “Jurnalist oxucunun görmədiyini ona bir film kimi təqdim etməyi bacarmalıdır”.
 
Sağ olsun, yorulmadan, usanmadan öz təcrübəsini bölüşməyə çalışır. Yaxşı deyiblər ki, bilik bölüşəndə artır.
 
Deyə-gülə İsmayıllıya gəlib çıxırıq. Əvvəlcə, məşhur asma körpünün yanından keçərək Gəndov şəlaləsinə doğru addımlayırıq. Bir müddətdən sonra, həqiqətən, addım-addım gəzməyə, daha dəqiq desəm, hər addımımızı ehtiyatla atmağa məcbur oluruq. Burada hamı belə ehtiyatla gəzir: sağımız - sıldırım qayalar, solumuz - dərin dərələr, orta - ensiz dolambac yol.
 
Şəlaləyə doğru gedirik. Dərənin içərisində dağdan axan çayın yaratdığı cığır-çay arxının içərisi ilə, daşlı-kəsəkli, enişli-yoxuşlu yolla, yıxıla-dura irəliyə addımlayırıq. Çoxumuz belə ekstrimi ilk dəfədir yaşayır. Təhlükəli olmasa da, həqiqətən, yanımızda tur rəhbəri və təlimçi müəllimimiz olmasaydı, ən azı xanımlar üçün şəlaləyə gedib çatmaq alınmayacaqdı.
 
Bir-birimizə kömək edə-edə, ətrafa sərinlik verən, xoş enerji bəxş edən şəlaləyə çatırıq. Doğrudan, səbrin sonu qələbədir. Ya da, nə bilim, heç bir nəticə asan əldə olunmur. Birlikdə qazandığımız həmin “qələbə”yə aid xeyli misal çəkmək olar. Əlbəttə, şəlalənin qarşısında kollektiv şəkil çəkdirməyi unutmuruq. Bura qədər gəlib, anı əbədiləşdirməsək, qəbahət olardı. Gəldiyimiz yolu geri qayıdırıq. Yenə də gücümüzü bölüşüb, bir-birimizə yardım əli uzadaraq. Təsadüfi demirlər ki, güc birlikdədir.
 
Lahıcdayıq. Tur rəhbəri deyir ki, əvvələr bu təhlükəli yolun asfalt örtüyü olmayıb. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Lahıcın əsrarəngiz şəkil almasının ardından əraziyə şüşə kimi yol çəkilib. Ətrafdakı əsrarəngiz mənzərə bizi təhlükəli dolambaclardan sanki quş qanadında xilas edir. Cazibəsinə düşdüyümüz gözəllikdən ayılanda artıq yerüstü açıq muzey – qəsəbənin girişinə çatmış oluruq.
 
“İçərişəhər”i xatırladan dar, sağı-solu dükanlar, emalatxanalar olan küçələrlə heyrətlə addımlayırıq. Uşaqlardan bir neçəsi digər yoldaşlarımıza “bu odur, həmin qadındır” - deyərək, kimisə göstərir. Göstərilən istiqamətə baxanda görürəm ki, bir qadın üzərində qardaş Türkiyənin “Kanal 7” televiziyasının loqosu olan mikrofon tutub. Kişi əlindəki kameranı hazır vəziyyətə gətirir. Yanlarında balaca uşaq var. Reportaj hazırlayırlar. Türk qardaşlarımız və gələcəkdə həmkarları olacağımız jurnalist “ekipi” ilə şəkil çəkdiririk. Qürurluyuq – məşhur televiziyanı özümüzə - ölkəmizə, Lahıcımıza cəlb edə bilmişik. Çəkəcəklər, göstərəcəklər, turistərin marağına səbəb olacaqlar. Yeri gəlmişkən, qəsəbədə xeyli sayda turist vardı, ətrafa dördgözlə baxırdılar, soruşurdular, məlumat alırdılar, qədimliyin şəkillərini çəkirdilər.
 
Türk televiziyasının əməkdaşları bizi görəndə sevinirlər. Jurnalistika fakültəsinin tələbələri olduğumuzu öyrəndikdə daha da şad olurlar. Hətta operator təbəssümlə öz dilində deyir: “Kardeş ülkede aynı zamanda bu kadar gazeteceni görmek çok güzel”.
 
Xeyli gəzirik. Lahıc Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyevlə görüşürük, maraqlı açıqlamalar alırıq. Dadaş müəllimin verdiyi dəyərli informasiyalar bir yana, elə onun yüksək insani keyfiyyətləri, o cümlədən səmimiliyi, qonaqpərvərliyi bizi heyran edir. Üzünə də deyirik, cavabı belə olur: “Bütün lahıclar belədir”. Həqiqətən, bizi hər kəs evinə qonaq aparmaq istəyir. Günorta vaxtından keçir, yolumuz uzundur: Basqal, oradan da - Bakı.
 
Lahıcın gözəl məkanında, alma bağında nahar edirik. Dincəlməyə də vaxt tapırıq. Uşaqlığımızı bir anlıq geri qaytarırıq: yelləncəkdə yellənir, ağaclardan alma dərir, mahnılar oxuyuruq.
 
Sürücü bizi səsləyir: “Haydı, tələsək. Yolumuz Basqaladır”. Qədimliyinə görə Lahıcdan heç də geri qalmayan bu qəsəbədə, müşahidəmə görə, belə qənaətə gəldim ki, tarix daşları dağıtsa da, basqallı adət-ənənəsinə toxuna bilməyib. Ancaq bu barədə çox yazıb oxucunu yormaq istəmirəm. Basqalda Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkirik. Qurumun direktor müavini Mahir Əliyevlə qonağı olduğumuz yerin tarixi, mədəniyyəti ilə bağlı müzakirələr aparırıq və əlbəttə, daha çox öyrənirik.
 
Bizi bura çəkib gətirən ölkə başçısının 3 oktyabr 2018-ci il tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında imzaladığı Sərəncamda əksini tapan fikirlərdir. Sənəddə qeyd olunanlar Bilik Fondunun təliminə qatılan tələbə jurnalistlərdə böyük maraq yaratdığından qədim yaşayış məskəni ilə yaxından tanış olmaq və təəssüratlarını KİV vasitəsilə təqdim etmək istədiklərini bildiriblər.
 
Fondun rəhbərliyi bu xahişi nəzərə alaraq, Prezident İlham Əliyevin Sərəncamda vurğuladığı “Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olmuşdur. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurmuşdur” təqdimatının əyani şahidi olsunlar deyə, tələbə jurnalistlər üçün mediatur təşkil edib.
 
Qəsəbənin sakinləri ilə söhbətləşirik. Sərəncamdan doğan işıq simalarını nurlandırıb. Basqalın əvvəlki görünüşünün və şöhrətinin özünə qayıdacağına tam əmindirlər. Zamanın hökmü ilə dağılmış tarix daşbadaş yerinə qoyulacaq, yenə o qədim hamam işləyəcək, adamlar 300 yaşlı çinarın koğuşunda oturub çay içəcəklər, kəndin xanımları hazırladıqları rəngarəng kəlağayıları örtəcəklər, Dəmirçibazardan “ay müştəri, qızıldandır dişləri” sədaları qalxacaq... daha itirilmiş nələr, nələr geriyə qayıdacaq.
 
Bakıya bu ovqatla dönürük. Müstəqil olmağın üstünlüyü buymuş həm də. Dövlət hər daşına, hər qayasına, hər insanına sahib çıxır.
 
Avtobusdayıq. Birlikdə oxuyuruq: “Mehriban, qayğıkeş bir insan olaq...”
 
Kənan Novruzov,
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu "Gənc Jurnalistlər" Klubunun üzvü,
Tarix: 29.10.2018

Son xəbərlər