Mərdəkanda Hacı Zeynalabdin Tağıyev yad edildi


Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev “Hacı Zeynalabdin Tağıyevin təhsilin inkişafında xeyriyyəçilik fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib.
 
Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində gerçəkləşən tədbirdə dosent R.Niftəliyev Z.Tağıyevin XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafının əsas özülünü təşkil edən təhsilin tərəqqisində misilsiz xidmətləri olan milli xeyriyyəçilərimizdən olduğunu bildirib.
 
Mühazirəçi qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə Mərdəkanda böyük mesenatın və qızı Sara xanımın uyuduğu görkəmli din xadimi Axund Əbuturabın məqbərəsi, bütövlükdə Pirhəsən ziyarətgahı əsaslı şəkildə yenidən qurulub, Tağıyevin qəbirüstü abidəsi, vaxtilə təsisçisi və banisi olduğu bağçılıq məktəbinin ərazisi abadılaşdırılıb.
 
R.Niftəliyev müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı olan Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin unudulmadığını, adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
 
Sonda dinləyicilərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 01.11.2018

Son xəbərlər