“Qocalar evi”ndəki Hüseyn Cavid aşiqi


Həyat mənə heç kimi, heç nədə qınamamağı öyrətdi. Kim nə yaşayırsa, necə yaşayırsa Tanrı tərəfindən ona verilən qismətdir. Hərəyə özünəməxsus tale yazır yaradan, onu heç kim dəyişmək iqtidarında deyil. Dəyişməyə cəhd etmək, niyə bu belə yaşamalıdır deyə, kimisə günahlandırmaq, onu da başqa insanlar kimi yaşaması üçün cəhd göstərmək – heç biri işə yaramır, sonunda insan ona yazılan, kodlaşdırılmış taleyini, ömrünü yaşayır.
 
Bir də həyat bumeranq qanunudur. Kiməsə tuşladığın zərbə mütləq havaya atdığın bumeranq kimi bir gün özünə qayıdacaq, o zərbə sənə elə dəyəcək ki, əgər yaşadığın həyatı kor-koranə yaşamamısansa o zaman nə vaxtsa atdığın zərbənin indi özünə dəydiyini anlayacaqsan – anlayacaqsansa şükür, kamil insan kimi o dünyaya köç etmək ehtimalın var. Yox, əgər gəldiyin kimi də cahil gedirsənsə bu dünyadan - “xoşbəxt” adamsan, anlamaq kimi dərdin yoxdur.
 
Onlar haqqında ilk dəfə Bəxtiyar Vahabzadənin “Atılmışlar” poemasından öyrənmişdim. Oxuyub bilmişdim ki, Bakıda hardasa kimsəsiz qocalar yaşayır, onlara dövlət baxır. Ustad poemanın adını bir az kəskin qoyub. Adın özü adamı yandırıb-yaxır, poema isə oxuduqca lap cızdanağını çıxardırdı. Onların hamısı atılmış deyil ki…Bütün ailəsini itirib, yaxud əvvəldən heç kimi olmayan kimsəsizlər də var. Yolda Azər Turanla da bu barədə danışırdıq. Yolçuluğumuz Bilgəhdəki Əmək və Müharibə Veteranları Pansionatına idi.
 
Bizim mentalitet başqa millətlərinkinə (hərdən düşünürəm ki, bu sözün özü də elə yalnız bizdə var) bənzəmir. Biz yaşlılarımızı, böyüklərimizi göz üstündə saxlamağı şərəf bilən millətik. Ona görə də aramızdan valideyininin yükünü çəkə bilməyib, ahıl yaşında onu dövlətin himayəsinə (yenə “qocalar, yaxud atılmışlar evi” işlədə bilmədim )verənlərə qarşı qınağımız böyük olur.
 
İlk dəfə onları ziyarətə gedəndə çox gənc idim, mətbuatda çalışırdım, reportaj hazırlamaq fikri ilə getmişdim. Oora onların evidir, evin adını “Qocalar evi”, “Ahıllar evi” adlandıranda belə xoşlarına gəlmir. Yaxşı ki, Bəxtiyar müəllimin poemasından hamısı xəbərdar deyil. O vaxt reportajı tamamlamamış qayıtmışdıq geri, fotoqraf Əjdər (Allah rəhmət eləsin) qolumdan tutub məni çəkib çıxartmışdı ki, səndə ürək qalmadı ağlamaqdan, indi yıxılıb öləcəksən.
 
Sonralar özümü toparlayıb yenidən getmişdim. O vaxtdan tez-tez gedərdim yanlarına. Hansı mətbu orqanda işlədimsə pansionatdakı sevimli nənə-babalardan yazdım.
 
Bütün bunlar barədə söhbət edə-edə yola nərdivan saldıq Azər bəylə.
 
Artıq 4 ildir ki, Prezident yanında Bilik Fondundan gedirik həmin pansionata. Müxtəlif bayramlarda, əlamətdar günlərdə nənə-babaların qapısını yenə döyürük.
 
Hər şey əvvəlki kimidir orda, ancaq rəhmətə gedənlər, yeni gələnlər olur. Talelər həminkidir, ilk baxışdan maraqlı, həm də çox qəribə və olduqca kədərli. Hər gedişdə kiminsə artıq gözə dəymədiyini görürəm, içimdə bir işıqlı ümid yaranır, bəlkə, yaxınları gəlib aparıb, amma məlum olur ki…
 
Onların bu ümidi heç vaxt ölmür, həmişə gösləri yolda, qulaqları səsdədir. Elə bilirlər ki, bu günlük burdadı, sabah gəlib aparacqlar onu, o, ətrafdakılar kimi atılmayıb, onu doğmaları atmaz, gəlib aparacqlar-düşünür.
 
Qəribə bir halı müşahidə elədim; köhnə sakinlər gələnə-gedənə qarşı bir qədər soyuqqanlı yanaşır, bəziləri heç yanaşmır, öz aləmində olur, amma təzə gələnlər dərhal maşına tərəf boylanır, gələnlərin kimliyi, hardan təşrif gətirmələri ilə maraqlanırlar. Zatən, təzə olduqları da elə bu tövrlərindən bəlli olur.
 
Yeni gələn ahıllarla tanış olur, qayğıları, problemləri ilə maraqlanırıq, dərdləşirik. Bəziləri əlimizdən tutub bizi öz otaqlarına aparır. “Öz otaqları” - əslində ora onların hücrələri, öz evləridir. Bir kətil, oturacaqlar, şkafdan və çarpayıdan ibarət olan otaqları onların öz dünyalarıdır. Ahıl yaşlarında arzuları o otağa güclə sığır. Öz arzularıyla, göz yaşlarıyla, qəlb ağrılarıyla, keçmişə təəssüf, gələcəyə yenə ümidlə baş-başadılar o otaqlarda. Onlara başqa heç nə lazım deyil, hər şeyləri var, bircə diqqətə və sevgiyə möhtacdılar. Pansionatın personalı əzizlərinin qayğısını, sevgisini heç vaxt əvəz edə bilməz, çünki dogma deyillər, ora sadəcə iş yeridir onlara.
 
“Yaşayışımız pis deyil, heç kimin bizə yazığı gəlməsin, amma hərdən bizə qonaq gəlin, ehtiyacımız diqqətədir” Bunu 40 ilin müəlliməsi Cavadova Svetlana söylədi. İbtidai sinif müəlliməsi olub, elə sevinclə danışdı ki, dünən keçmiş kollektivi və şagirdləri onun görüşünə gəliblərmiş. Deyir bir qızım var, ailəlidir, mən yeznə yanında qala bilmədiyim üçün burdayam. Svetlana müəllimə əlil arabasında hərəkət etməsinə rəğmən, pansionatı bizimlə gəzib müəllimələrlə tanış etdi.
 
İndi 17 müəllim var bu pansionatda, müxtəlif fənnlərdən ayrı-ayrı məktəblərdə dərs deyiblər. Ötən il müəllim günlərini təbrikə gedəndə 13 idilər, sayları artıb.
 
Pansionatın kitabxanasına kiril və latın əlifbası ilə yazılmış 150 adda kitab bağışlamışıq. Xüsusən müəllimlər kitab hədiyyəsindən məmnun qalır. Boş vaxtlarımızı kitabla keçirmək bizə daha maraqlıdır deyirlər. Xətai rayonunda məktəbdə müəllimə işləmiş Xanım Məmmədova kitablar arasında Əliağa Vahidin qəzəllərini axtarıb bizdən xahiş etmişdi ki, həmin kitabı onun üçün gətirək. Apardıq. Xanım müəlliməyə elə bil Əlağa Vahidin qəzəllər kitabı ilə birgə danyanı bağışlamışdıq. O qədər sevindi ki, öz-özümə "axı biz neynəmişik ki?" - deyə düşündüm. Bir şeyi anladım ki, bir insana dünya boyda sevinc bəxş etmək üçün
 
böyük işlər görməsən də olar, yetər ki, onun nə istədiyini biləsən. Bəzən ən xırda hədiyyə belə, insan ömrünü uzadacaq gücə sahibdir. Başqa bir müəlliməyə Çingiz Abdullayevin əsərlərini. Əbülfəz müəllimə istədiyi “Peyğəmbərə 40 sual” kitabını verdik, amma peşman elədi məni, kitabı oxuyub sonra oxumadığım o kitabdan mənə o qədər suallar yağdırdı ki, altından çıxa bilmədim.
 
Ahıllardan bəziləri burda öz xoşbəxtliklərinə qovuşublar - Riqa Rəssamlıq Akademiyasının məzunu Davud Əliyev keçmiş bağça müəlliməsi ilə evlənib. Deyir başım rəssamlığa elə qarışıb ki, ailə qurmamışam: "Rəssam evləndisə, çəkə bilmir, məişət onu məhv edir. İndi daha 70-i keçmişəm, bu yaşda nə sevgi,nə övlad həvəsi... Biz bir-biri ilə söhbəti tutan iki qulaq yoldaşıyıq. Çox qayğıkeş, mələk kimi qadındır, bəlkə gəncliyimdə qarşıma çıxsaydı, rəssamlığı ona qurban verərdim" - deyir.
 
Məhərrəmova Ellada Tibb Kollecində ingilis dilindən dərs deyib, indi burdadır.
 
Quluzadə Məlakə sinif müəlliməsi olub. Aralarında bağça müəlliməsi də var, universitet dosenti də. Hamısını eyni tale bura gətirib.Gənclər yaşlıların qayğısına qalmağa vaxt tapmır.
 
Pansionatın rəhbərliyi Davud müəllim üçün emalatxana da ayırıb. Rəssam bizim ona gətirdiyimiz boyanı, kətanı, fırçanı görüb "Mən daha bu emalatxanada işləyib-işləyib elə burda da öləcəm. Ən böyük arzum bir otağım bir də ləvazimatlarımın olması idi. Daha heç nə lazım deyil mənə"- dedi.
 
Heç unuda bilmədiyim bir olay oldu keçən dəfə, Rəna xanımın sözləri ürəyimi parçaladı. Gördüm çox sınıqdı, elə bil, sakini olduğu yerdən utanır. Dedim ki, "niyə axı, belə fikir edirsiniz, sakit oturmusunuz, nəvə-nəticə qulağınızı dəng eləmir, incidən yoxdur?" - istədim onun qəlbinə rahatlıq gətirəcək sözlər deyim, amma deyəsən əksinə oldu, qəlbinin incə telinə toxundum bilmədən. Cavab verdi ki, qızım, kaş, nəvəm-nəticəm yanımda olaydı, onların səs-küyündən qulaqlarım tutulaydı. Kaş, üst-başımdan onların qoxusu gələydi... Daha deməyə söz tapmadım, yalnız qucaqladım onu.
 
Bizə nə vaxtsa oxuduqları kitablardan bəhs etdilər, sevdikləri qəhrəmanlardan danışdılar, fikir mübadiləsi keçirdik. Zarafatla hansı qəhrəmanı daha çox sevdiklərini, həyatda o qəhrəmanlarla rastlaşıb-rastlaşmadıqlarını soruşdum onlardan. Sevgisindən danışan da oldu, nakam məhəbbəti üçün ağlayan da.
 
Aralarında bir Tahirə müəllimə var. Dediyinə görə qızı diplomatdır, Tiflisdə yaşayır. Onu niyə bura gətirdiyini demir, amma qızından elə sevgiylə, qürurla ağızdolusu danışır ki… Bunu qoyum, o birinə keçim, ümumiyyətlə, burdakı ahıllar hamısı övladlarından şirin-şirin, qürurla danışırlar. Elə bil, bununla özləri özlərinə, ətrafdakılara onların övladlarının pis olmadığını, onu atmadıqlarını sübut etməyə çalışırlar. Bu mövzuda bir natamamlıq var onlarda, görünür, insan psixologiyası
 
doğrudan da düşdüyü mühitin, vəziyyətin diktəsi ilə formalaşır. Övladları olanlar özlərinə belə etiraf etmirlər ki, övladları onlara baxmaqdan imtina edib…nə yazıq ki, belədi. Övladı olmayanlar, ailəsini bütünlüklə itirənlər də var, hər halda belə danışırlar ki, qəza olub, ailəmi itirdim, tək qala bilmədim, gəldim bura. Kaş... yalnız o talelilər olaydı burda, üç-beş nəfər olardı.
 
Hə, Tahirə müəllimə canlı ensiklopediyadır, özü riyazıyyat müəlliməsidir, amma Hüseyn Cavidi, Zəlimxan Yaqubu əzbər bilir. Keçən dəfə məndən Azər Turanı və onun “Cavidnamə”sini istəmişdi. Söz vermişdim ki, Azər bəylə danışacam. Danışdım, sağ olsun, razılaşdı. Maraqlandı Tahirə müəllimə ilə ki, görüm kimdir məni və kitabımı arzulayır.
 
Getdik. Tahirə müəllimənin sevinci yerə-göyə sığmırdı. Azər Turan ona istədiyi kitabı bağışladı. O, da Azər müəllimə Zəlimxanın öz imzası ilə Tahirə xanıma bağışladığı kitabı göstərib görüşdükləri tarixçəni danışdı. Sonra Cavidin əsərlərindən söhbət düşdü, Tahirə müəllimə “Şeyx Sənan”ı əzbər dedi Azər bəyə. Tahirə xanım danışdıqca Azər Turan haldan-hala düşürdü, gah gülümsəyir, gah kədərlənir, gah da elə bil nədənsə qurtulmağa çalışırdı. Bayıra çıxanda gördüm ki, Azər Turan özünü pis hiss etdiyini büruzə vürməməyə çalışırmış. Çöldə Bilgəhin təmiz havsını ciyərlərinə çəkib özünə gəldi. Tahirə müəlliməni “Ədəbiyyat qəzeti”nə abunə də edəcəyinə də söz verdi.
 
Belə, ahıllardan daha birinin arzusunu yerinə yetirdiyimdəm məmnunluq duyğusu ilə çıxdıq pansionatdan. Sağ olsun Bilik Fondu ki, bu hissi yaşamağa və yaşatmağa dəstək olur. Azər Turana da təşəkkür düşür, bu gün social qayğılardan ayrılıb kiməsə diqqət göstərməyə özündə güc tapan ziyalı çox deyil. Əslində, buranın sakinlərinin hər birinin bir romanlıq taleyi var, əslin ədəbiyyatçıların, yazarların yeridir, həm onların buna ehtiyacı var, ziyalı sözünə, özünə, söhbətinə acdılar. Keçdikləri həyat yolu özlərinin də dolu olduqlarını göstərir, danışdıqca artır söhbətləri. Həm də o talelərdə cild-cild romanlar yatır.
 
Bir də xatırladım - həyat mənə heç kimi, heç nədə qınamamağı öyrətdi. Kim nə yaşayırsa, necə yaşayırsa Tanrı tərəfindən ona verilən qismətdir. Hərəyə özünəməxsus tale yazır yaradan, onu heç kim dəyişmək iqtidarında deyil. Dəyişməyə cəhd etmək, niyə bu belə yaşamalıdır deyə, kimisə günahlandırmaq, onu da başqa insanlar kimi yaşaması üçün cəhd göstərmək – heç biri işə yaramır, sonunda insan ona yazılan, kodlaşdırılmış taleyini, ömrünü yaşayır.
 
Bir də həyat bumeranq qanunudur. Kiməsə tuşladığın zərbə mütləq havaya atdığın bumeranq kimi bir gün özünə qayıdacaq, o zərbə sənə elə dəyəcək ki, əgər yaşadığın həyatı kor-koranə yaşamamısansa o zaman nə vaxtsa atdığın zərbənin indi özünə dəydiyini anlayacaqsan – kamil insan kimi o dünyaya köç etmək ehtimalın var. Yox, əgər gəldiyin kimi də cahil gedirsənsə bu dünyadan- “xoşbəxt” adamsan, anlmaq kimi dərdin yoxdur.
 

Ramilə Qurbanlı

“Ədəbiyyat qəzeti” 3 noyabr 2018-ci il .
Tarix: 03.11.2018

Son xəbərlər