Ən zəngin ev kitabxanası olan ailələr mükafatlandırıldı


Milli Kitabxanada "Ailə kitabxanası" Klubu yaradıldı 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 
Noyabrın 15-də Milli Kitabxanada gerçəkləşən təqdimat mərasimində dövlət qurumlarının məsul şəxsləri, müsabiqədə qalib olan ailələrin nümayəndələri, yazarlar iştirak ediblər.
 
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, “Ailəliklə kitabxanaya” layihəsinin davamlı olduğunu xatırladıb və müsabiqə mərhələsində fəallıq göstərən ailələrdə müasir düşüncəli, savadlı gənclərin yetişəcəyinə əminliyini ifadə edib. Bildirib ki, həmin ailələrin övladları ailə kitabxanasından yararlanaraq, özlərində mütaliə mədəniyyətini formalaşdırmağı bacaracaqlar.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bu ideyaya dəstək verən təşkilatlara minnətdarlığını bildirərək, məqsədin ədəbiyyatı uşaqlara sevdirmək, ailələrə mütaliə vərdişləri aşılamaq, ailə institutunun daha da möhkəm təməllər üzərində qurulmasına yardım etmək olduğunu diqqətə çatdırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov maarifçilik mahiyyəti daşıyan layihələri daim dəstəklədiklərini söyləyib, rəhbəri olduğu qurumun milli-mənəvi dəyərlərin qorunması, gənclərin dolğun bilgilərə sahiblənməsi istiqamətində gördüyü işlərdən söz açıb.
 
O.Səmədov qeyd edib ki, ailələrin kitabaxanalara cəlb olunması övladlarla valideynlər arasında ünsiyyətin kitab vasitəsilə qurulmasına, oxucuların kitabxanalara, kitab evlərinə daha da həvəs göstərməsinə şərait yaradacaq. İcraçı direktorun fikrincə, məhz kitabı hər bir ailənin “üzvünə” çevirə bilsək, gənclərdə əqli, mənəvi, intellektual zənginliyin formalaşmasına təkan vermiş olarıq.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İslam dinində elmə, biliyə, təhsilə önəm verildiyini vurğulayıb, "Ailəliklə kitabxana" layihəsinin mahiyyətinə bu konteksdə aydınlıq gətirib. G.İsmayılov məscid kitabxanalarında dini kitablarla yanaşı, bədii əsərlərin də olmasının, ziyarətə gələnlərin bu nəşrlərdən yararlanmağa sövq edilməsinin vacibliyindən danışıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı kitaba sevginin ailədən gəldiyini söyləyib, gənclərin oxumağa həvəs göstərməsi üçün kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb.
 
Çıxışlardan sonra ümumi razılaşmaya əsasən, ilk olaraq Milli Kitabxanada "Ailə kitabxanası" Klubu yaradılıb. Belə kitabxanaların paytaxtda və bölgələrdə fəaliyyət göstərən digər kitab evlərində açılması da məqsədəuyğun hesab edilib.
 
Evlərində zəngin kitabxana yaratmış Tərtər şəhər sakini, Bilik Fondunun Qarabağ Regional Bilik Evinin fəal üzvü Rauf Həsənzadəyə və Bakı şəhərindən sağlamlıq imkanları məhdud gənc rəssam Nərmin Quliyevaya ilk “Ailə klubu”nun üzvlük vəsiqələri, diplomlar və Bilik Fondunun kitab hədiyyələri təqdim olunub. Sonda tədbir iştirakçıları N.Quliyevanın rəsm əsərlərinin sərgisi ilə tanış olublar.
 
2018-ci ilin 4 iyun tarixində başlayan müsabiqə 01 noyabr tarixində sona çatıb. Münsiflər qalibləri ailələrin təşkilatçılara ünvanladıqları ev kitabxanalarının fotoları və bu kitabxanalarla əyani tanışlıq vasitəsilə müəyyənləşdiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.11.2018

Son xəbərlər