Bilik Fondu tələbələri dövlət qulluğu ilə bağlı məlumatlandırdı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Dövlət İmtahan Mərkəzinin sektor müdirləri Əlişirin Şükürov, Tural Əlizadə, universitetin yuxarı kurs tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov Bilik Fondu ilə əməkdaşlıqdan və bu əməkdaşlığın gənclərin maarifləndirilməsi işinə faydasından danışıb.

Sektor müdiri Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, ali təhsilini başa vuranların əmək fəaliyyətinə başlamaları üçün dövlət qulluğu haqqında ətraflı məlumat almaları səmərəli nəticələr əldə etmələrinə yardım edəcək. Sektor müdiri gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması üçün universitetdə ödənişsiz hazırlıq kurslarının yaradılması təklifini irəli sürüb. Prorektor E.Aslanov universitet rəhbərliyinin təklifi müsbət qarşılayacağını söyləyərək, tələbələr arasında bununla bağlı sorğu keçiriləcəyini deyib.

DİM-in əməkdaşı Əlişirin Şükürov dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Mərkəzin rəsmisi dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin Fondda elmi-tədqiqat təcrübəsi keçən II kurs magistrantları Xanım Rəhimova və Aysan Abdullayeva tələbələrə dövlət qulluqçusunun etik davranış qaydaları, əsas funksiyaları haqqında məlumat veriblər.

Tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuta xidməti

Tarix: 16.11.2018

Son xəbərlər