Rusiyanın V.M.Bexterev adına Milli Tibbi Tədqiqat Mərkəzinin rəsmi təmsilçisi Bilik Fondunun qonağı olub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlıq etdiyi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Rusiyanın V.M.Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzinin Regional proqramlar şöbəsinin rəhbəri, Rusiya “Bilik” Cəmiyyətinin üzvü, həkim-psixoterapevt, tibb elmləri namizədi Remeslo Marina Borisovna Bilik Fondunun qonağı olub.
 
Bilik Fondunun rəhbərliyi və əməkdaşları ilə keçirilən görüşdə rusiyalı alimə Fondun fəaliyyəti, xüsusilə də “Tibbi maarifləndirmə” proqramı üzrə paytaxt və bölgələrdə təşkil olunan tədbirlər barədə ətraflı məlumat verilib, əhalinin psixoloji sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaq və yeniyetmələrin psixoloji durumunun möhkəmlənməsi istiqamətində müvafiq qurumlarla birgə təşkil olunan maarifləndirici mühazirələr və təlimlərdən danışılıb.
 
Azərbaycan psixoloqları ilə sıx əməkdaşlıq etdiyini bildirən və yerli mütəxəssislərimizin bilik və peşəkarlıq səviyyəsini yüksək dəyərləndirən M.B.Remeslo maarifləndirici layihələri ilə sağlam həyat tərzini təbliğ edən Bilik Fondunun fəaliyyəti ilə tanışlıqdan məmnun olduğunu bildirib, təmsil etdiyi Milli Tibbi Tədqiqat Mərkəzinin yaxın gələcəkdə Bilik Fondu ilə əməkdaşlıq edəcəyini və bu addımın hər iki tərəf üçün faydalı olacağını qeyd edib.
 
Tədbirdə iştirak edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəsinin rəhbəri T.Məmmədova rusiyalı həmkarını Bilik Fondu ilə birgə həyata keçirilən layihələr barədə məlumatlandırıb.
 
V.M.Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzinin yeni nəşr edilmiş elmi məqalələr toplusunu Bilik Fonduna təqdim edən qonağa Fondun nəşrləri hədiyyə edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.11.2018

Son xəbərlər