“Azərbaycanşünaslığın aktual problemləri” müzakirə olundu


Mayın 5-də Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi VI beynəlxalq elmi konfrans işinə başlayıb. Əvvəlcə konfransın nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Açılış mərasimində BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamalayaraq, konfransın Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə, həmçinin Azərbaycan gerçəkliklərinin dünyaya yayılmasına təkan verəcəyini söyləyib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib ki, müasir Azərbaycanın banisi, həm də BSU-nun yaradıcısı olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən bu konfransda müxtəlif ölkələrdən olan iştirakçıların birgə işləməsi təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına səbəb olacaq. “Ulu öndər hər birimizin gələcəyə daha inamlı baxışımızın səbəbkarıdır. Heydər Əliyev işığı hər zaman bizim ürəyimizdədir və bu ənənəvi beynəlxalq konfrans bunun göstəricisidir”. Konfransın coğrafiyasının ildən-ilə daha da genişləndiyini soyləyən akademik ötən il 12 ölkədən 40-dək nümayəndənin iştirak etdiyini, bu il isə bu rəqəmin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təmsil etdiyi nazirlik adından konfrans iştirakçılarını təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin ən böyük xidməti azərbaycançılıq məfkurəsinin yayılmasında, milli özünüdərkin inkişafında gördüyü işlərlə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu prezident İlham Əliyev uğurla davam etdirərək ölkəmizin dünya birliyində layiqli yerini tutmasında mühüm addımlar atıb. Onun sözlərinə görə, Təhsil Nazirliyi azərbaycançılıq ideologiyasının təbliği üçün bir sıra tədbirlər həyata keçirib. BSU-nun təşəbbüsü ilə bir çox xarici universitetlərdə Azərbaycan Dili və Mədəniyəti Mərkəzləri fəaliyyət göstərir: “Slavyan Universiteti Azərbaycanın dünyada tanıdılması, azərbaycançılığın təbliği istiqamətində mühüm addımlar atır və bu beynəlxalq konfrans dediklərimin sübutudur”.

Azərbaycan Respublikasının İnsan Hüquqları ürə Müvəkkili Elmira Süleymanova deyib ki, ölkəmiz təcavüzə məruz qalsa da, yüksək inkişaf yolundadır: “Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi inkişafı insan hüquqlarının yüksək səviyyədə qorunmasına böyük dəstəkdir. Ölkəmiz tolerant dəyərlərə sadiqliyi ilə seçilir, çünki azərbaycançılıq məfkurəsi millətçiliyə yox, beynəlmiləllik, sülh və tərəfdaşlığa yönəlmiş məfkurədir”.

Moskva şəhər Pedaqoji Universitetinin prezidenti, professor Viktor Ryabov BSU ilə təmsil etdiyi universitet arasında 10 il əvvəl müqavilə bağlandığını xatırladaraq, bu sazişin təkcə rəhbərlik səviyyəsində qalmadığını, universitetlərin professor-müəllim heyəti və tələbələri arasında dostluq əlaqələrinin qurulmasına səbəb olduğunu vurğulayıb: “1985-87-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə tədrisdə islahatların aparılması üçün yaradılan qrupda çalışmışam. Mən onun nə qədər səmimi və peşəkar olduğunun canlı şahidiyəm. Bu gün də belə dahi şəxsiyyətin anadan olmasının 92-ci ildönümünə həsr olumuş beynəlxalq konfransda iştirak etməkdən çox məmnunam və elə bu kürsüdən rəhbərlik etdiyim universitetdə Azərbaycan dilinin tədris olunmasını təklif edirəm”.

ABŞ-dan olan konfrans iştirakçısı Yonah Benjamin Bukstein Azərbaycanda yaşayan yəhudi icması ilə tanış olduğundan və ölkəmizdə inkişaf edən multikultural mühitdən danışıb.

“Rusiya və MDB ölkələri ilə Dostluq” Federasiyasının sədri, “Slavyanlar” Fondunun prezidenti, professor Zaxari Zaxariyev Azərbaycanın Avropa və Asiya arasında intellektual və mədəni körpü olduğunu deyib və bunun ulu öndər Heydər Əliyevin xidməti olduğunu vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev deyib ki, xalqımızın azərbaycançılıq ideologiyası altında birləşməsi və beynəlxalq arenada yüksək nüfuz qazanması ümummilli liderin gərgin əməyinin nəticəsidir. “Ölkəmizə qarşı bəzən ikili standartlar tətbiq olunur, buna baxmayaraq, prezident İlham Əliyevin yürütdüyü siyasət hərtərəfli inkişafa mühit yaradır. Yaxın günlərdə Bakıda I Avropa Oyunlarının başlanması da beynəlxalq arenada Azərbaycanın imicinə müsbət təsir göstərəcək”.

Artıq dördüncü dəfə Bakıya gələn Çex Respublikasının Yaxın Şərq və Afrika İnstitutunun müdiri, professor Eduard Qombar ölkəmizin geosiyasi mövqeyi, barədə danışaraq Türkmənçay və Gülüstan müqavilələri nəticəsində Azərbaycanın parçalanmasını xatırladıb. Natiq müasir Azərbaycanın rəqabətədavamlı bir ölkə olduğunu və Çex Respublikası ilə dostluq əlaqələrinin genişləndiyini də vurğulayıb.

Ausburq Universiteti, Müqayisəli ədəbyyat bölməsinin doktoru Einshut Urlike, Litva Dili Universitetinin direktoru, professor Yolanta Zabarskayte, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, Türk Dil Kurumu Başqanı, professor Mustafa Sinan Kaçalin, Minsk Milli Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru, professor Anatoli Qorlatov, Hayfa Universitetinin Beynəlxalq Münasibətlər üzrə eksperti Arye Gut Beynəlxalq səviyyəli konfransda iştirakdan məmnunluqlarını bildiriblər və bu konfransın Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan bəhs ediblər.

383 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu konfransda 20 ölkədən (Rusiya, Belarus, Bolqarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan, Çexiya, ABŞ, İsrail, İsveç, Misir, İran, Qazaxıstan, Niderland) 60 qonaq iştirak edir. Eləcə də konfransa Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan, AMEA-nın elmi-tədqiqat institutlarından, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İdarəetmə Akademiyası, M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Polis Akademiyası, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Qafqaz Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Bakı filialı ilə yanaşı Şamaxı və Naxçıvan filialları, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Sənaye Pedaqoji Kolleci, Gəncə, Sumqayıt, Naxçıvan, Saatlı, Cəlilabad və Şamaxıdan olan nümayəndələr qatılıb.

Mayın 6-da qonaqların Qax və Şəki rayonlarına səfəri planlaşdırılıb. Nümayəndə heyəti rayondakı Gürcü kilsəsi, Qax cümə məscidi, “Bilik Evi” ilə tanış olacaq, “Qədim Qax”da gəzintiyə çıxacaqlar. Qax Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçiriləcək, qonaqlar Kürmük Alban məbədini ziyarət edəcəklər.

Günün ikinci yarısında Şəki şəhərinə yola düşən nümayəndə heyəti İcra Hakimiyyəti qarşısında Ulu Öndərin abidəsi önünə gül qoyacaq, sonra qonaqlar Kiş Alban məbədini, Cümə məscidini ziyarət edəcək, Şəki Xan sarayı kompleksi ilə tanış olacaqlar. Heydər Əliyev Mərkəzində rayon İcra başçısının iştirakı ilə toplantı keçiriləcək.

Konfransın işi 7 bölmədə davam etdiriləcək: “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”,

“Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan Ədəbiyyatı”. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərinin və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Mayın 6-da, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycan Multikulturalizmi və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçiriləcək.

Mayın 7-də qonaqlar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Şöhrət Muzeyi, Bakının tarixi və görməli yerləri, eləcə də Azərbaycan Tarixi Muzeyi, N. Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Bayrağı Muzeyi ilə tanış ola biləcəklər.

Çıxışçıların tezisləri kitab şəklində çap olunub iştirakçılara paylanacaq.

İndiyədək artıq “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda 5 konfrans keçirilib. Ənənəvi olaraq, dünyanın tanınmış alimləri beynəlxalq konfransa qatılaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstəriblər.

Tarix: 08.05.2015

Son xəbərlər