Lahıc və onun dili


Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu rəngarəng milli-mədəni mühitin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
 
Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətlərin mövcudluğu və davamlılığını şərtləndirən dinc birgəyaşayış ənənəsini, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikultralizm ili” elan olundu.
 
Hazırda Azərbaycan ərazisində bir çox etnik qruplar mövcuddur. Onlardan biri də Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində, Babadağ və Niyaldağ silsilələrinin əhatəsində yerləşən Lahıcdır. 1500 illik tarixi olan qəsəbənin yaradılması III-VII əsrlərə aid edilir. Bakıdan 275, İsmayıllıdan 36 km məsafədə yerləşən Lahıcın əhalisi rayonda məskunlaşmış azsaylı xalqlar arasında sayca çoxluq təşkil edir. Yerləşdiyi coğrafi mövqeyi və qədim tarixi kökləri baxımından Lahıc olduqca cəzbedici ərazidir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllının Lahıc qəsəbəsində olduq. Belə düşünülmüşdü: ötən ilin payızında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılmış “Gənc jurnalistlər” Klubunun “Tədrisdən təcrübəyə” təlim kursunun iştirakçıları İsmayıllı rayonuna səfər edəcək, bu füsünkar məkanın tarixi yerlərini gəzəcək, gördükləri, öyrəndikləri əsasında yazılar hazırlayacaqlar.
 
Əsrarəngiz təbiətə, qədim köklərə əsaslanan tarixə və fərqli mədəniyyətə sahib olan Lahıc bizi özünə heyran etdi. Ən xırda daş parçası belə, özündə əsrlərin tarixini yaşatdığından nəzərlərimizi üzərinə cəmləyirdi.
 
Qəsəbə ilə ilk tanışlıqdan burada yaşayan tat xalqının dili və əlifbası haqqında yazacağıma qərar verdim. İsmayıllı ərazisində tarixən mövcudluğu sübuta yetirilmiş Girdiman knyazlığında əhalinin əksər hissəsinin irandilli olduğu müxtəlif alimlərin əsərlərində də təsdiqini tapıb. Azərbaycan tatlarının dili A.L.Qrünberq, B.V.Miller, V.S.Sokolova, M.İ.Hacıyev, T.M.Əhmədov və digər alimlər tərəfindən tədqiqata cəlb olunub. Tat dilinin yəhudi ləhcəsini tədqiq edən Vs.F.Miller müsəlman tatlarının dili ilə də maraqlanarkən yalnız Lahıc ləhcəsi ilə dərindən məşğul olub. O, 1903-cü ildə Krımda istirahət etdiyi günlərdə Bakı Texniki Məktəbinin tələbəsi lahıclı Ağabala Canbaxşıyevlə tanış olub və ondan bəzi məlumatlar alıb. Sonralar bu qeydlər onun “Tat etüdləri” əsərinin meydana gəlməsində əsas rol oynayıb.
 
XX əsrin 20-ci illərində tatların məskunlaşma tarixini araşdırmağa başlayan professor B.Miller onları dini mənsubiyyətinə görə fərqləndirib və müsəlman, xristian, yəhudi olmalarına əsasən 3 qrupa ayırıb. Müsəlman tatlarının böyük bir hissəsi hazırda Lahıc qəsəbəsində yaşayır. Onlar özlərini “lahıc”, dillərini isə “lahıc dili” adlandırırlar.
 
Başqa fikirlər də var. Rəvayətə görə, tatlar IV əsrdə Sasanilər tərəfindən Azərbaycan ərazisinə etnik dayaq yaratmaq məqsədi ilə köçürülmüş irandilli əhalinin nəslindən olanlardır. Bu əhalinin özünəməxsus dili və əlifbası mövcuddur. Tat dili fars dilinə yaxın olmaqla Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid edilir.
 
Tarixin dərinliklərinə getmək tarixçilərin işidir. Biz tələbəyik. Yazdıqlarım internet vasitəsilə kiçik araşdırmanın nəticəsidir. Lahıcda olanda sakinlərlə ünsiyyətim zamanı onların hansı dildə danışdığını öyrənmək marağım belə bir yazını hazırlamağıma səbəb oldu. Dərin araşdırmaları tarixçilərin öhdəsinə buraxaraq, yazımı elə lahıc dilindəki atalar sözü ilə bitirirəm: "El boği, söhbət boği" - Saxla samanı, gələr zamanı.
 
 
Nəzrin Kərimova
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu “Gənc jurnalistlər” Klubunun üzvü
Tarix: 27.11.2018

Son xəbərlər