Teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlandı


Dekabrın 5-də “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi ilə bağlı 2018-ci ilin avqust və sentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlanıb.
 
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun, alim və tədqiqatçıların, peşəkar jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə qeyd edilib ki, monitorinqə 6 televiziya, 12 radio verilişi cəlb olunub. Həmin verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubu səviyyədə pozulur.
 
Monitorinq nəticəsində qeydə alınan 4633 faktdan 2765-i fonetik, 511-i leksik, 684-ü üslubu səviyyədə norma pozuntusunun göstəricisidir.
 
Televiziya verilişlərinin monitorinqi zamanı 3120 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir.
 
Radioların dilinin monitorinqi zamanı 1017 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir.
 
Televiziya reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı müəyyənləşdirilib ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyədədir.
 
Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyəyə aiddir.
 
Konfransda monitorinqin davam etdiriləcəyi diqqətə çatdırılıb.
 
Xatırladaq ki, ana dilinin qorunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq üç ildir “Azərbaycan dilini öyrənirik”, iki ildir “Ekran və efirdə ədəbi dil normaları”, bu ildən isə “Dilimiz sərvətimizdir” adlı layihələr həyata keçirir.
 
“Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV” (Gəncə) və “ARB-24 Xəbər” (Tovuz) kanallarında çalışan jurnalistlər dilçi alim və mütəxəssislərin iştirakı ilə təlimlərə cəlb olunublar. Növbəti mərhələdə Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə layihədə iştirak etmiş təlimçilərin yazılarından ibarət dilin saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli toplu hazırlanaraq, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Milli Televiziya və Radio Şurasının rəyləri əsasında nəşr edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət

 

Tarix: 05.12.2018

Son xəbərlər