Xətaidə Heydər Əliyevə həsr olunan "Zaman və lider" filmi nümayiş olundu


Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Ulu öndərin anım gününə həsr olunan tədbir İcra Hakimiyyətinin təmsilçiləri, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları və hakim partiya üzvlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında gerçəkləşib. Təşkilatın sədri Milli Məclisin üzvü Hüseynbala Mirələmov Bilik Fondunun nümayəndələri ilə görüşdə qurumun həyata keçirdiyi layihələri yaxından izlədiyini və əhalinin maarifləndirilməsi işinə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
 
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tədbiri açaraq, Ümummilli lider Heydər Əliyevin xalqın rifahı, vətənin çiçəklənməsi, dövlətin möhkəmlənməsi uğrunda göstərdiyi böyük xidmətlərindən danışıb.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov bildirib ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, xalqın dövlətə inamı, ölkədə hökm sürən sabitlik, dinamik inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dövlətimizi beynəlxalq arenada söz sahibinə çevirib.
 
Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev təmsil etdiyi qurumun maarifləndirici layihələri barədə məlumat verib. O, Fondun ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, bu çərçivədə müxtəlif maarifləndirici layihələr həyata keçirdiklərini bildirib. Ulu öndərin doğum və anım günləri ilə bağlı hər il silsilə konfranslar, seminarlar, elmi turlar, görüşlər, müsabiqələr təşkil etdiklərini deyən C.Musayev əhalinin, xüsusən, gənclərin Heydər Əliyev irsini daha dərindən öyrənməsinin onların vətənə sevgi, dövlətə sədaqət hissi ilə yaşamalarına böyük töhfə verdiyini söyləyib.
 
Tədbirdə Fondun Lektorlar Qrupunun üzvü, İctimai Televiziyanın aparıcısı tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun ssenari müəllifi olduğu, “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zaman və lider” sənədli filmi nümayiş olunub.
 
Filmin nümayişindən sonra M.Qəribov “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edib.
 
Natiq müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verib.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.12.2018

Son xəbərlər