Bilik Fondu Azərbaycan Universiteti ilə birgə Heydər Əliyevə həsr olunan tədbir keçirdi


Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
 
Azərbaycan Universitetində keçirilən tədbirdə Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, “İctimai fənlər” kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Qabil Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxış ediblər.
 
Çıxışlarda dünya şöhrətli siyası xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın Ümummilli lideri Heydər Əliyevin vətənə, xalqa həsr olunmuş ömrünün ayrı-ayrı dövrləri, gördüyü geniş miqyaslı işlərdən bəhs edilib.
 
Bildirilib ki, hər bir xalqın tarixində onun taleyini və yolunu müəyyənləşdirən, kritik dövrlərdə və taleyüklü məsələlərin həllində xalqı öz arxasınca apararaq, xoşbəxtlik və səadətə qovuşduran dahi şəxsiyyətlər var. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev belə dahi şəxsiyyətlərdəndir. Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsi onun adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı qoyulub. Vurğulanıb ki, Azərbaycan dövlətinin inkişaf strategiyasının əsaslarını Ümummilli liderin ideyaları təşkil edir. Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, beynəlxalq aləmdə öz yerini və mövqeyini möhkəmləndirir. Bu səbəbdən xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı tərəfindən yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə yad edilir.
 
Həmçinin, Bilik Fondu ilə Azərbaycan Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, həyata keçirilən birgə maarifləndirici tədbirlərin əhəmiyyətli olduğu, tələbələrin ideya-siyasi, mənəvi tərbiyəsində mühüm rolu diqqətə çatdırılıb.
 
Tədbirin sonunda Ulu öndərə həsr olunmuş sənədli film nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.12.2018

Son xəbərlər