“Ailəliklə kitabxanaya” layihəsi Binəqədidə təqdim olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilib.
 
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, yerli ziyalılar, müxtəlif təbəqədən olan kitabsevər ailələr iştirak edblər.
 
İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri açaraq, cəmiyyətin mənəvi və intellektual inkişafında mütaliənin vacibliyini diqqətə çatdırıb, gənclərdə əqli, mənəvi zənginliyin formalaşmasında kitabın xüsusi əhəmiyyət daşıdığını, layihənin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində faydalı olacağını bildirib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva ailə dəyərlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib, aparılan davamlı və məqsədyönlü siyasətin bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vaqif Abbasov ailədə kitaba sevginin hər bir kəsə uşaq yaşlarından aşılanmalı olduğunu, bu işdə xüsusilə valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib.
 
Bilik Fondunun sektor müdiri Hacı Abdulla təmsil etdiyi qurumun maarifləndirmə missiyasından söz açıb. Bildirib ki, Bilik Fondu kitabın təbliğini prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və fəaliyyətini digər müəssisə və təşkilatlarla əlaqələndirilmiş şəkildə qurub.
 
Sektor müdiri “Məscid kitabxanası”, “İl boyu bilik”, “Ailə kitabxanası”, “İmzalı görüş” və digər layihələr çərçivəsində indiyədək on mindən çox kitab payladıqlarını xatırladıb.
 
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Rayonun 177, 158, 151, 266 nömrəli uşaq bağçaları tərəfindən səhnələşdirilmiş “Turp”, “Tıq-tıq xanım”, “Qırmızı papaq” nağılları, “Bir qalanın sirri” filmindən bir parça, məktəblilərin əl işləri nümayiş olunub. Yekunda uşaqlara hədiyyələr təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 21.12.2018

Son xəbərlər