Bilik müsabiqəsinin qalibləri mükafatlandırıldılar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri olan ali məktəb tələbələri arasında keçirilmiş bilik yarışının qalibləri mükafatlandırılıblar.
 
Dekabrın 20-də Bilik Fondunda yarış iştirakçıları ilə keçirilən görüşdə çıxış edən Fondun icraçı direktoru Oktay Səmədov rəhbəri olduğu qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə gördüyü işlərdən danışıb, Gənclər Klubu üzvlərinin iştirak etdikləri tədbirləri xatırladıb.
 
Klubun koordinatoru, baş mütəxəssis Elnarə Əliyeva bilik yarışının təşkili, gedişi və nəticələri haqqında geniş məlumat verib. Bildirib ki, Bakı Dövlət və Azərbaycan universitetlərinin tələbələrindən ibarət komandalar 1-ci, Bakı Qızlar Universitetinin komandası 2-ci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası 3-cü yerə layiq görülüb. Yarışda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fondda istehsalat təcrübəsi keçən tələbələri də iştirak ediblər.
 
Klub üzvləri adından Azərbaycan Universitetinin tələbəsi Ruslan Ağakişiyev çıxış edərək, tələbələrin arzu və istəklərini diqqətə çatdırıb, bilik müsabiqələrinin davamlı xarakter almasının vacibliyinə toxunub, belə yarışmaların gənclərin dünyagörüşünün genişlənməsinə böyük təkan olduğunu vurğulayıb.
 
“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun növbəti il üçün tədbirlər planının müzakirəsindən sonra iştirakçılara diplomlar və hədiyyələr təqdim olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 21.12.2018

Son xəbərlər