Bilik Fondu ilə Bakı Avrasiya Universiteti arasında Anlaşma Memorandumu imzalandı


Azərbaycan Respublikasının Prezident yanında Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun iştirakı ilə Bakı Avrasiya Universitetində Anlaşma Memorandumu imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli bu Memorandumun imzalanmasında əməyi keçən hər kəsə təşəkkür  edərək, tədbirin mahiyyətindən və imzalanmış Memorandumu faydalı olacağından əmin olduğunu vurğulayıb.

Oqtay Səmədov qeyd edib ki, Prezident yanında Bilik Fondunun əsas missiyası ölkə əhalisinin marifləndirilməsi, Azərbaycançılıq məfkurəsinin təbliği, gənc nəslin formalaşmasında iştirak etməkdir.  76 rayonda Fondun Nümayəndəliyinin olduğuna diqqət çəkən qonaq vurğulayıb ki, bölgələrdə universitetlərimizin tanınması layihəsi öz müsbət nəticəsini verib. Sosial yönümlü video çarxların çəkilməsində də, əməkdaşlığımızın fayda verəcəyini deyən Oqtay Səmədov, gələcəkdə bu istiqamətdə əllərindən gələni etməyə hazır olduğunu qeyd edərək, bu layihənin  məhsuldar olacağına əmin olduğunu diqqətə çatdırıb.

 

Tədbirin geniş müzakirəyə səbəb olan əsas hissəsindən biri isə Bakı Avrasiya Universitetində pulsuz dövlət qulluğuna hazırlıq kurslarının təşkil oluna biləcəyi məsələsi idi. Qeyd olunub ki, çox qısa zamanda Bakı Avrasiya Universitetində heç bir ödəniş olmadan, Bilik Fondunun dəstəyi ilə dövlət qulluğuna hazırlıq kurslarına start veriləcək. 

Yekun olaraq, tərəflər razılığa gəliblər ki, Fondun Universitetlə birgə keçirdiyi tədbirlər hər iki tərəfin maliyyə, maddi-texniki və informasiya dəstəyi ilə həyata keçirilir və əldə olunmuş elmi nəticələr, yaradıcılıq məhsulları və sairə qarşılıqlı razılaşma yolu ilə istifadə olunur. Sonda professor Nazim Hüseynli qonağa öz hədiyyəsini təqdim edib. 

Tarix: 25.12.2018

Son xəbərlər