Bilik evləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evlərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fondun “İl boyu bilik” proqramı çərçivəsində sisilə tədbirlər təşkil edilib.
 
Oğuz Bilik Evinin müdiri Gülşən Məcidova rayon Mərkəzi Kitabxanasında “Bilik Fondunun 2018-ci ildə həyata keçirdiyi maarifləndirici layihələri” mövzusunda mühazirə ilə çıxış edib və Fondun fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat verib.
 
Qax Bilik Evinin müdiri Rövşən Hədisovun “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın mənəvi birliyinin rəmzidir” mövzusunda mühazirəsi rayonun Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. R.Hədisov 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Həmrəylik gününün əhəmiyyətindən danışıb və bildirib ki, bu bayram Azərbaycan xalqının mənəvi birliyini özündə əks etdirir, həmçinin, dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsinə xidmət edir.
 
Ağsu Bilik Evinin əməkdaşı Aytac Əlvanlı rayon Heydər Əliyev Mərkəzində yerli məktəblilərlə görüşüb. Görüşdə Bilik Evinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
 
Ağdaş Heydər Əliyev Mərkəzində yerli Bilik Evinin müdiri Aynur Novruzovanın “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Heydər Əliyevin gerçəkləşmiş arzusu” mövzusunda mühazirəsi keçirilib. A.Novruzova dünyanın müxtəlif bölgələrində, ayrı-ayrı ölkələrdə məskunlaşmış azərbaycanlıların birliyini yaratmağın, onlarda milli mənlik şüurunun güclənməsinin Ulu öndər Heydər Əliyevin arzusu olduğunu bildirib. A.Novruzova deyib ki, Heydər Əliyevin 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında qürurla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri bu gün hər bir azərbaycanlının həyat şüarına çevrilib.
 
Astara, İsmayıllı, Ağstafa, Nardaran, Şəmkir Bilik evləri də bayramlarla əlaqədar tədbirlər təşkil ediblər.
 
Dekabrın 29-da isə Tərtər rayonu “N” saylı hərbi hissədə keçiriləcək “Açıq qapı” günündə Qarabağ Regional Bilik Evinin müdiri Gülarə Əkbərovanın “Dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyası” mövzusunda mühazirəsi keçiriləcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.12.2018

Son xəbərlər