Laçın şəhidlərinə həsr edilmiş anım tədbiri


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ənənəvi “Fikir şənbəsi”  klubunun bu dəfəki tədbiri  Laçın rayonunun  işğalının 23-cü ildönümünə həsr olunub. 

Fondun icraçı direktoru Oktay Səmədov tədbiri açaraq Laçın rayonu, onun zəngin təbiəti, dəyərli ziyalıları və rayonun ümumilikdə Azərbaycan tarixindəki, mədəniyyətindəki yerindən danışıb və işğal olunmuş rayonlarımızla bağlı keçirilən tədbirlərin maarifçiliyə olduğu qədər də gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini vurğulayıb. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirir. Dövlətimizin başçısının təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı surətdə yaxşılaşdırılmışdır. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov tədbir iştirakçılarına azərbaycanlıların soyqırımı və Laçın rayonun erməni qəsbkarları tərəfindən işğalı barədə tarixi faktları açıqlayıb. Politoloq  Azərbaycanın tarixi torpaqlarına nə vaxtsa yenidən sahib çıxması yolunda bu günkü  diplomatik  mübarizədən  və dövlət səviyyəsində görülən digər işlərdən də söhbət açıb.

 Tədbirdə  Bilik Fondunun  Laçın rayon nümayəndəsi, Laçın rayonu Quşçu kənd orta məktəbinin direktoru  Sabir Mirzəyev, Laçın rayonu 31 saylı orta məktəbin direktoru Azər Cabbarov Qarabağ müharibəsi zamanı rayonda gedən döyüşlərdən, onun müdafiəsindən və işğalından, şahidi olduqları hadisələrdən bəhs ediblər.

Ağdam rayonu 149 saylı məktəbin direktoru Arzu Qədirova bildirib ki, şagirdləri  mübarizə əzmi ilə yetişdirmək, onlara tariximizi öyrətmək və sevdirmək gəncləri qələbəyə gedən yola istiqamətləndirmək, bu qələbəni qazanmaq üçün zəruri bilgilərlə silahlandırmaq deməkdir. Tədbir boyu Laçın və Ağdam rayonlarının məktəbliləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.    

“Fikir şənbəsi”ndə Laçın və Ağdam rayonlarından müxtəlif məktəbləri təmsil edən müəllim və şagirdlər, ali məktəb tələbələri, şəhid ailəsi üzvləri iştirak ediblər.

Çıxışlarda belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Bütün məcburi köçkünlər kimi, Laçın sakinləri də doğma yurdlarına qayıdacaqlar.

Tarix: 16.05.2015

Son xəbərlər