Balaca aktyorların ifasında “Tələtin sirri”


Nəsimi rayonu 23 nömrəli tam orta məktəbin 3A sinif şagirdləri yazıcı Reyhan Yusifqızının əsərlərini səhnələşdiriblər.
Tamaşanın təqdimatında məktəbin direktoru Yuliya Kərimova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi Füzuli Əsgərli, TPİ-nun direktor müavini Ənvər Abbasov, “Altun kitab” nəsriyyat evinin direktoru Rafik İsmayılov, F.Köcərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova məktəblilər və qonaqlar iştirak ediblər.
Y.Kərimova məktəblilərdə kitaba sevgi yaratmağın vacibliyindən danışıb, gənc nəslin savadlı yetişməsində mütaliənin rolunun danılmaz olduğunu qeyd edib.
Bilik Fondunun icraçı direktoru O.Səmədov maarifçilik ideyalarının yayılmasında kitablardan faydalanmağın zəruri olduğunu deyib. Onun sözlərinə görə, uşaqların dünyagörüşünün hərtərəfli inkişafında bədii ədəbiyyatın çox önəmli yeri var. 
Tədbirin təşkilatçısı əməkdar müəllim Solmaz Abdullayeva qonaqları salamlayıb və qeyd edib ki, bu, “Biz nə oxuyuruq” layihəsi çərçivəsində 3-cü tədbirdir. Uşaqlar sinifdənxaric oxu, həmçinin Azərbaycan dili dərslərində tanış olduqları və sevə-sevə oxuduqları Reyhan Yusifqızının əsərləri əsasında tamaşa hazırlayıblar. 
Sonra balaca aktyorlar “Tələtin sirri”, “İki gül”, “Hamıdan qəşəng” əsərləri əsasında qurulmuş səhnələri nümayiş etdiriblər.

Tarix: 25.05.2015

Son xəbərlər