Əməkdaşlarımız xarici ölkələrin alim və ictimai xadimləri ilə görüşdülər


Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (1991) Ervin Neher Azərbaycanda ilk dəfədir olur: “Bura gəlməmişdən əvvəl həyat yoldaşımla birlikdə ölkəniz haqqında məlumat toplayırdıq. Çox maraqlı bilgilər əldə etdik. Azərbaycanın inkişaf göstəriciləri, müxtəlif din və mədəniyyət nümayəndələrinin ölkənizdə bərabər şəraitdə yaşaması təqdirəlayiqdir. Sizin insanlarınız da fərqlidir: istiqanlı, ağıllı və sülhpərvər. Qonağa Bilik Fondu barədə məlumat verilib. O, Fondun yaradılmasının təqdirəlayiq olduğunu, eləcə də həyat yoldaşı xanım Eva-Maria Neherin Almaniyada gənclərlə bağlı müxtəlif layihələr həyata keçirdiyini, gələcəkdə də Bilik Fondu ilə əməkdaşlıq istəyini vurğulayıb.

İtalyan Yəhudilərinə Yardım Komitəsinin nümayəndəsi Victor Magiar ilk dəfədir Azərbaycandadır. Deyir ki, burada gördüyü mənzərə mətbuat və televiziyada izlədiklərindən qat-qat gözəldir: “Söz tapa bilmirəm... Müxtəlif memarlıq üslubları ilə tikilən binalar, şəhərin dəbdəbəsi, iqtisadi inkişafınız adamı sevindirir”. 

Bilik Fondunun əməkdaşı ilə söhbətində V.Magiar onu da qeyd edib ki, belə fondların bütün Avropa ölkələrində yaranması intellektual inkişafa böyük təkan olar. Azərbaycanda ilk dəfə olan qonaqlardan biri də serbiyalı jurnalist Jasminka Simicdir: “Bundan sonra özümə söz verdim ki, şəhərinizi daha çox gəzəcəyəm. İnternetdən tanıdığım ölkə ilə məni qovuşdurdular. Düşünürəm ki, Bilik Fondu Azərbaycanı dünyaya tanıtdırmağa daha çox səy göstərməlidir. Bu işi görməkdə Serbiyadan sizə dəstək verməyə, hər hansı layihənizdə məmnuniyyətlə iştirak etməyə hazıram”.

Qonaqlar digər İslam ölkələrindən fərqli olaraq, burada tolerantlığın yüksək səviyyədə olduğunu qeyd etmişlər. Eyni zamanda, 2015-ci il Avropa Oyunlarının Bakıda keçirilməsi, Azərbaycanın bu cür ali, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsinin onun inkişafından xəbər verdiyi vurğulanmışdır.

Qonaqlar forumda iştirak etməkdən məmnunluqlarını ifadə ediblər və Azərbaycanda multikulturalizmin, tolerantlığın canlı şahidləri olduqlarını deyiblər.

Tarix: 04.10.2014

Son xəbərlər