Bilik Fondunda Yesenin lirikası...


Bilik Fondu Rus pravoslav kilsəsində təşkil olunmuş Azərbaycan dili kurslarının dinləyiciləri üçün ədəbi gecə keçirib 

 

Azərbaycan Respublikasinin Prezidenti yanında Bilik Fondunun Rus pravoslav kilsəsində Azərbaycan dilinin tədrisinə başlaması multikulturalizmin Azərbaycan modelinin parlaq təzahürüdür. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlər müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü və Bakı Yeparxiyasının başçısı, Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın razılığı ilə həyata keçirilən “Azərbaycan dilini öyrənirik” layihəsinə əsasən, paytaxtın rusdilli əhalisi üçün dil kurslarının təşkili nəzərdə tutulur.  

         Ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin təcrübəli müəllimlərinin cəlb olunduğu ödənişsiz hazırlıq kursları ilkin mərhələdə mütəmadi bazar günü məktəblərinin keçirildiyi Mixaylo-Arxangelsk məbədində təşkil olunub. 

Fond müxtəlif yaş qruplarından olan dinləyicilərin dövlət dilini daha uğurla mənimsəməsi üçün hər çür şərait yaradıb – onlar tədris vəsaitləri, ikidilli məlumat lüğətləri, azərbaycandilli dövrü mətbuat nümunələri ilə təmin olunur, muzeylərə və teatrlara ekskursiyalar təşkil olunur, mədəni-kütləvi tədbirlər keçirilir.

Layihənin koordinatoru, Fondun əməkdaşı İ.İslamzadənin təşəbbüsü ilə  görkəmli rus şairi Yeseninin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş ədəbi gecə xüsusilə yaddaqalan tədbirlərdən olub.      

Bilik Fondunun icraçı direktoru O.Səmədov tədbir iştirakçılarını salamladıqdan sonra ekranda poetik söz ustadının həyatının müxtəlif mərhələlərini əks etdirən görüntülər yayımlanıb, şairin sözlərinə bəstələnmiş mahnı səsləndirilib.   

Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı Yeseninin həyat və yaradıcılığından, “Fars motivləri”nin yaranması tarixindən, şairin Əliağa VahidƏliağa Kürçaylı ilə dostluğundan bəhs edib.

Mühazirəçinin maraqlı və məzmunlu nitqi ədibin poetik irsindən nümunələr və “Yesenin” filmindən fraqmentlərlə davam edib.

R.Kaşanlı iştirakçıların çoxsaylı suallarını cavablandırdıqdan sonra kursun fəal dinləyicilərindən olan Lada Kolesnikova auditoriyanı təəccübləndirib. O, tədbir iştirakçılarına Yeseninin Bakı haqqında əsərinə həsr etdiyi şeirini söyləyib. 

Tarix: 18.06.2015

Son xəbərlər