“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi


Son 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.

Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Mərasimin keçirildiyi, birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu yenə də izdihamlı idi. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verirdi. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, “Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. “Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi” - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.

Stadionda hamı öz yerini tutub: mərasimin təşkilatçıları və iştirakçıları da, idmançılar və tamaşaçılar da. Sonuncuların simasından, əhval-ruhiyyəsindən belə məlum olurdu ki, 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışı onların ürəyincə olub.

Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxmışıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir. İdman həvəskarlarını, Bakı sakinlərini bağlanış mərasiminə gətirən əsas amillərdən biri də bu idi: qələbədən doğan sevinc və iftixar hissləri. Bu hissləri stadiona toplaşan on minlərlə insanın hər birinin simasından oxumaq olardı.

Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də bənzərsizliyi, genişliyi ilə diqqəti çəkirdi. Əsas və yardımçı səhnələr buta formasında işlənib və LED diodları ilə işıqlandırılıb. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, stadionda 800 səsgücləndirici quraşdırılıb. Bir sözlə, təşkilatçılar maraqlı və yaddaqalan bağlanış şousu hazırlayıblar.

Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu belə ifadə edib: Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və yaranan ahəngdarlıq bizi ilhamlandırır. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirdi. Bu axşam Oyunların uğurunu və idmançıların zəfərini qeyd edirik. Odlar Yurdu Azərbaycan öz alovunu dünya ilə bölüşdü. Onun işığı hamımızın qəlbində yaşayır.

Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.

Bağlanış mərasimi stadionda şeypurların səsləndirilməsi ilə başladı. Nəzərlər Prezident lojasına yönəldi. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi və digər rəsmi şəxsləri hərarətli alqışlarla salamladılar.

Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.

Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycanın dövlət himnini yeni simfonik aranjemanda ifa edir.

Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldılır. Bu məqamda idmançılarımızın ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 21 dəfə yüksəyə ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayırıq.

Mərasimin “Transformasiya” adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birilərinin ritm və enerjisinə cavab verirlər. Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.

Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. Stadionda qurulan “Qız qalası”nın divarları aralanır və tamaşaçının gözü qarşısında Bakının yeni rəmzi olan “Alov qüllələri” canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.

Stadionun ekranlarında qısa film nümayiş olunur. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12.500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidir.

Arenada “Çal-oyna” xalq mahnısının melodiyası eşidilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletin şərəfinə səslənən bayram havası təsiri bağışlayır. Mahnının sədaları altında stadiona bayraqdaşıyanlar daxil olurlar. Onlar iki cərgədə qarşı-qarşıya hərəkət edirlər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə ilk Avropa Oyunlarının ev sahibi Azərbaycanın bayraqları dalğalanır. Uşaq xorunun üzvləri sülh və birlik rəmzi olan su zanbaqlarını komandaların bayraqdarlarına verirlər.

İdmançılar tribunaların önündən keçirlər. Tamaşaçılar “Bakı-2015”in iştirakçı ölkələrinin nümayəndələrini alqışlayırlar.

Təbii ki, Azərbaycan idmançılarının payına daha çox alqış düşür. Bu da təsadüfi deyil. İdmançılarımız birinci Avropa Oyunlarında sözün əsl mənasında tarix yazmağa nail oldular. Onlar yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandılar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.

İdmançıların birlik və dostluq rəmzinə çevrilən paradı başa çatdı. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tutdular.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın çıxışı

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki.

Zati-aliləri.

Avropa Oyunlarının atletləri.

Xanımlar və cənablar.

İlk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz.

Hörmətli həmvətənlər,

Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çoxsaylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Əziz dostlar,

İlk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu.

Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.

Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq.

Mən Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, Sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir.

Mən bu Oyunlarda iştirak etmiş bütün atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk Avropa Oyunlarını belə bir yaddaqalan idman festivalına çevirdiyinizə görə minnətdaram. Siz möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə və incəliklə bizə bəxş etdiniz. Bu Oyunlar Sizin Oyunlardır və nailiyyətləriniz bizi həqiqətən ilhamlandırır.

Hamınızı təbrik edirəm.

Mən mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Mən, həmçinin hazırlıq zamanı dəyərli tövsiyələrinə görə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosa təşəkkürümü bildirmək istəyirəm.

Oyunların Təşkilat Komitəsinin üzvlərinə və bütün beynəlxalq tərəfdaşlarımıza nümayiş etdirdikləri sadiqliyə və fəaliyyətə görə minnətdaram.

Avropadan öz komandalarına dəstək vermək məqsədilə gəlmiş çoxsaylı sədaqətli azarkeşlərə təşəkkür edirəm. Siz qələbələri qeyd etdiniz. Siz məğlubiyyət zamanı təsəlli verdiniz. Siz Oyunlar üçün istək, coşqu və dostluq mühitini yaratdınız.

Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkarlığınız “Bakı-2015” ruhunu canlandırmaqda bizə yardımçı oldu. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var.

Xarici könüllülərimizə də çox sağ ol deyirik. Siz bütün Avropadan Azərbaycana gəldiniz ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək edəsiniz və idman, dostluq festivalının bir hissəsi olasınız. Biz sizsiz darıxacağıq və ümid edirəm ki, yenidən gələcəksiniz.

Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq.

Bu axşam biz hamınızla sağollaşırıq. Lakin Sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik.

Gələn il Bakıda 42-ci Şahmat Olimpiadası və “Formula-1” Avropa Qran-pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq.

Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!

(Birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı dəfələrlə sürəkli alqışlarla qarşılandı).

                                                                                                  X X X

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi.

Patrik Hikkinin çıxışı

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.

Birinci xanım, “Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Nəhayət, 17 günlük möhtəşəm idman bayramını bizimlə bölüşən hər bir insan. Sağ olun!

Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi.

Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropada ən yaxşı kişi və qadın idmançılar üçün çox gözəl arenaları hazırladı.

İş fəaliyyətinin dəqiqliyi qızıl medallar standartına uyğun oldu.

Yeni gənc qəhrəmanlardan ibarət komandanı Sizin gözəl könüllüləriniz formalaşdırdı.

Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.

Burada yaratdığınız idman obyektləri gələcək illərdə atletlərinizə, xalqınıza və gənclərə xidmət edəcək.

Belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdiyiniz yekdilliyə görə hamınıza minnətdarıq. Siz komandalarınızı idman arenalarında ən yüksək nəticələri əldə etmək üçün ilhamlandırdınız.

Beynəlxalq və Avropa federasiyalarına minnətdarıq. Siz bu Oyunlara, innovasiyaya açıq fikirlə yanaşdınız. Biz birlikdə nümayiş etdirdik ki, müasir dövrün bu çoxnövlü idman tədbirləri hər bir şəhərin tələbat və istəklərinə cavab verə bilər.

Avropa atletlərinə minnətdarlığımızı bildiririk. Siz ölkələrinizi və qitənizi şərəf və ləyaqətlə təmsil etdiniz. Oyunların böyüklüyünü yüksək idman nəticələri müəyyən edir.

Siz bizə möhtəşəm idman bayramı bəxş etdiniz.

Ümid edirəm ki, siz bu Oyunları həmişə xatırlayacaqsınız. Qələbəyə sevindiniz. Məğlubiyyətdən dərs götürdünüz. Siz Avropanın ən yaxşı idmançıları ilə yaşadıqdan, məşq etdikdən və yarışdıqdan sonra artıq “Rio-2016” Olimpiya Oyunlarında bütün dünya qarşısında çıxışa hazırsınız.

Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik.

Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.

Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm:

Azərbaycanın gələcəyi parlaqdır.

Avropa Oyunlarının gələcəyi parlaqdır.

Avropanın gözəl atletləri üçün gələcək parlaqdır.

Beləliklə, indi mən minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə “Bakı-2015” ilk Avropa Oyunlarını bağlı elan edirəm.

Sağ ol, Bakı!

Sağ ol, Azərbaycan!

                                                                                       X X X

Çıxışlar zamanı fonda gözəl musiqi səslənir. Onu Avropanın istedadlı musiqiçilərindən biri olan Kristian Ştaynhauzer bağlanış mərasimi üçün məxsusi bəstələyib.

Stadionun monitorlarında daha bir qısa film nümayiş olunur. Film Azərbaycanın yaxın illərdə ev sahibliyi edəcəyi böyük tədbirlərdən - 2016-cı il “Formula-1” Avropa Qran-pri yarışlarından, 2017-ci il İslam Həmrəylik Oyunlarından, 2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsi matçlarından və Bakının görməli yerlərindən bəhs edir.

Biz hər gün yeniləşən texnologiyalar əsrində yaşayırıq. Bu texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı fərdlər - onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və daşıdıqları enerjini bir-birinə ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaranır.

Səhnədə dünyamızın gələcəyi təsvir olunur. Bu, gəncliyin enerjisidir. Rəqqas səhnədə bir enerji qığılcımı yaradır. Güclü enerji bədənindən keçərək onu hərəkətə gətirir. Rəqqas bu enerjini rəqqasəyə, daha sonra isə başqalarına ötürür. Onların urban və atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə çevrilir. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olur. Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar yaradır.

Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir. İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk halqalarında akrobatik hərəkətlər edirlər. Onlar tədricən yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.

Stadionun monitorlarında 17 günlük yarışların əsas məqamları nümayiş etdirilir. Tamaşaçılar ruh yüksəkliyi və sevincin, qələbə və məğlubiyyətin doğurduğu hisslərin, idman arenalarında yaranmış dostluğun şahidi olurlar.

Stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamança səsi yayılır. Əsas səhnədə Atəşgah məbədi ucalmağa başlayır. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki “həyat ağacı”nı çəkir. Onun çəkdikləri səhnədə heyrətamiz şəkildə canlanır. Yetmiş altı rəqqas qum üzərində çəkilən təsvirlərə mütənasib xoreoqrafik hərəkətlər nümayiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırırlar. Daha sonra o, qum üzərində quş fiqurları çəkir və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 50 quş görünür. Quşlar bir yerə toplaşaraq əfsanəvi Simurq quşuna çevrilir.

Musiqi getdikcə daha təntənəli xarakter alır. Qum rəssamı indi alov rəsmləri çəkir və səhnəyə alov dilimlərinə bənzər qanadları olan rəqqaslar çıxır. Musiqi güclənir, rəqqaslar daha çevik hərəkətlər edir və səhnə sanki od-alova bürünür. İfa kulminasiya məqamına çatdıqda Simurq quşu heyrətamiz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanmağa başlayır.

Bu möhtəşəm səhnə məşhur əfsanənin motivləri əsasında qurulub. Əfsanəyə görə, bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və müdrikliyin müjdəçisi olan sehrli Simurq quşunun axtarışına çıxır. Bir araya gəldikdə Simurq quşunun ruhunun qəlblərində yaşadığını və birləşəcəkləri təqdirdə vahid sirli varlığa çevriləcəklərini anlayırlar. Belə də olur. Onların birliyindən yaranan Simurq quşu alovların əhatəsində pərvazlanıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyi arasında görünməz olur. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir.

Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. Onun 50 qanadının hər birinin uzunluğu gərildikdə 1-3,4 metrə çatır.

Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz - işıq diodları səpələnir. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanır. Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır.

Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların asıldığı nəhəng çilçıraq səmaya yüksəlir. Stadion möhtəşəm işıq selinə qərq olur. Buradan belə bir məna çıxır: Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq quşu kimi ölməz olacaq.

Bu təsirli səhnələr Martin Rozenqarten və Kristian Ştaynhauzerin Azərbaycan xalq mahnısı “Sarı gəlin”in motivləri əsasında aranjeman etdikləri “Lanterns” musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənir.

Stadionda müasir rəqslər və mahnılar, ecazkar görüntülər bir-birini əvəz edir. Məşhur musiqi qruplarının və xarici estrada ulduzlarının ifaları əsl bayram ovqatı yaradır.

İdmançılar tribunalardan meydançaya axışır, rəqs edənlərə qoşulurlar. Bu səhnə birlik və dostluğun daha bir parlaq nümayişinə çevrilir.

Möhtəşəm atəşfəşanlıq başlayır. Bakı səmasını nura boyayan al-əlvan fişənglər ilk Avropa Oyunlarının başa çatmasından xəbər verir. Beləliklə, “Bakı-2015” Azərbaycana başucalığı gətirən tarixə çevrilir.

 

http://www.president.az/articles/15718

Tarix: 28.06.2015

Son xəbərlər