İstərdik, məscid həm də maarif ocağı kimi fəaliyyət göstərsin


Bilik Fondunun icraçı direktoru Oktay Səmədov: Azərbaycandakı multikultural dəyərlərin dünyaya, o cümlədən də Avropaya ixracı önəmlidir.

BAKI, 2 iyul — Sputnik. Multikultural dəyərlər, din və sekulyar dövlət, İslamafobiya, İslamda islahatlar, ölkə gəncliyinin taleyi, qızların təhsildən erkən ayrılması, qida təhlükəsizliyi və digər aktual məsələlərlə bağlı Sputnik-in suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cavablandırıb. 

- Oqtay müəllim, son zamanlar Avropanın multikultural dəyərlərdən imtina etməsinin, Qərbdə İsmafobiyanın güclənməsinin arxasında sizcə nə dayanır? 

— İslamafob şüarlar altında müsəlmanlara qarşı təzyiqlərin qarşısını almaq lazımdır. Avropa 3-cü ölkələrdən gələn insanları öz içində əridə bilmədi və  miqrantlar ona yük oldu. Multikultural dəyərlərdən imtina da məhz bu amillə bağlıdır. ABŞ-da, Fransada, Almaniyada və digər bəzi Qərb ölkələrində başqa xalqın nümayəndələrinə qarşı yerli xalqın aqressiyasını tez-tez müşahidə edirik. Ukrayna nəyə görə indiyəcən Avropa Birliyinə daxil ola bilmədi? Çünki orada şərtlər ağırdır. Avropaya bu cür ölkələr yalnız xammal mənbəyi, ucuz işçi qüvvəsi kimi maraqlıdır. İstəmirlər ki, başqa ölkələrdən gələnlər onların süfrəsinin başında otursun və o nemətlərdən dadsınlar. Bu, İslam ölkələrinin imkanlarının məhdudlaşdırılması üçün həyata keçirilən bir siyasətdir. Müsəlman dövlətləri zəngin neft və qaz mənbələrinin üzərində yerləşib. Dünyanın inkişafı üçün önəmli olan enerji daşıyıcıları müsəlman ölkələrindədir. 

- Biz multikulturalizmin Azərbaycan modelini dünyaya nümunə kimi göstərməyə çalışırıq. Bunun üçün tutarlı əsaslar varmı?

— Mən “Azərbaycan multikulturalizmi” fənni tədris olunan Belarusda olanda 94 nəfər universitet tələbəsi arasında sorğu keçirdim. Onların əksəriyyəti belə bir fənni öyrənmək istədiyini dedi. Onlar deyirdilər, biz Bakıya gəlib, müsəlmanlar, xristianlar və yəhudilərin bir yerdə, heç bir münaqişəyə girmədən yaşaya bilmələrini gözlərimizlə görmək istəyirik. Mən də deyirdim ki, bizdə multikultural ailələr mövcuddur. Məktəbdə yəhudilər, ruslar, udilər və başqa xalqların nümayəndələri azərbaycanlı uşaqlarla bir yerdə oxuyurlar. Demirəm ki, bizdən götürsünlər, amma təcrübədən istifadə edə bilərlər. Biz bir çox bölgələrdə müxtəlif xalqların nümayəndələrinin — udi, ləzgi, avar, ingiloy, yəhudi, talış, rus və azərbaycalıların birgə görüşünü təşkil etdik. Onlar bir yerdə söhbət edir, yemək yeyir, "Kitabi — Dədə Qorqud" dastanı barədə müzakirələr aparırdılar. Azərbaycanda yaşayan müxtəlif xalqların təmsilçiləri hərbi xidmətdə bir məkanda münaqişəyə girmədən xidmət edirlər. Bunlar özlüyündə çox bariz nümunələrdir. 

Kilsədə ruslara Azərbaycan dili dərsləri keçilir

- Bildiyimiz qədər, Bilik Fondu rus icmasının nümayəndələrinə Azərbaycan dilini öyrətmək üçün kilsədə kurslar təşkil edir. Maraqlıdır, ruslar bu kurslara həvəs göstərirlər? 

— Biz onların maraq göstərməsi üçün ən müasir üsullardan, texnologiyalardan istifadə edirik. Hətta "Kultura+"  internet televiziyasının imkanlarından istifadə etməyi düşünürük ki, bu da  onlara kursda öyrəndiklərini möhkəmlətməyə yardımçı ola bilər. Orta məktəblərin rus bölməsi üçün Azərbaycan dilində dərslərin video-çəkilişlərini "Kultura+" kanalında təşkil etmişik. Daha kreativ, daha yaradıcı formada. Kitabdakı tapşırıqları müəllim şagirdə televiziya vasitəsilə də izah edir, tapşırıqlar verir. 

Biz bu işə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Fondun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsüylə başladıq.  Kamal müəllim rusdilli əhalinin kompakt yaşadığı yerlərdə onlara rus dili tədris olunması təklifini verdi. Biz Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının başçısı Aleksadr Atayla danışdıq. Dərsləri ilk olaraq Bakıdakı Mixail Arxangel pravoslav kilsəsində başladıq. Orada bazar günü məktəbi var idi. Biz onların auditoriyasına baxdıq,  sonra elan verdik. Hazırda o kurslara 300-dək adam yazılıb. 

Kilsədə müvafiq şərait olmadığı üçün müəyyən dərslərin Bakı Slavyan Universitetinin auditoriyalarında keçirilməsinə razılıq almışıq. Dinləyicilər arasında 18 yaşından tutmuş 83 yaşına qədər adam var. Məsələn, "Bakinskiy raboçiy" qəzetinin korrektoru bu kursa yazılıb. O, deyir ki, Azərbaycan dili tərcümə üçün ona çox lazımdır. Kursda hətta 83 yaşlı qadın var. Ondan soruşdum ki, siz təqaüdçüsüz, indiyədək Bakıda yaşamısız, dili öyrənməmisiz, indidən sonra bu dilə zərurət haradan yaranıb? Cavab verdi ki, mənim gəlinim azərbaycanlıdır. Bilmək istəyirəm ki, gəlinimlə oğlum Azərbaycan dilində nədən danışırlar. Həm də nəvələrim azərbaycanca danışırlar, mən onlarla ünsiyyət qurmağa çətinlik çəkirəm. 

Onları mütəmadi olaraq ekskursiyalara, muzeylərə, teatrlara aparırıq, Quba məzarlığına aparmağı planlaşdırırıq. İstəyirik ki, rus kilsəsinin nümayəndələri Qubada yəhudi sinaqoqunun nümayəndələri ilə görüşsünlər.

Müəllimlərlə danışmışıq ki, onlara Azərbaycan dili ilə yanaşı, Azərbaycan mədəniyyətini, adət-ənənələrini, mətbəxini, azərbaycançılığı da öyrətsinlər. 

Biz həm bu layihəni, həm də "Kultura+ " internet kanalı ilə bağlı layihəni davam etdirəcəyik. “Kultura+” kanalında 15 dəqiqəlik Azərbaycan dili dərslərinə Qız qalası barədə dərsi daxil etmişik. Müəllim sinifdə Qız qalası dərsini  keçib, mətni oxuyublar, tapşırıqları ediblər.  Qız qalasına televiziya vasitəsilə virtual ekskursiya təşkil edəcəyik. Dərsin çəkilişi studiyada yox, Qız qalasında aparılacaq. Burada müəllim Qız qalasına qalxıb Bakını göstərə-göstərə qalanın tarixindən danışacaq. Beləliklə də, dərsə baxan hər kəsdə Qız qalası barədə geniş təsəvvür yaranacaq. Sonra Qız qalasına ekskursiya təşkil edilə bilər. Dərsləri hazırda orta və ali məktəb müəllimləri keçir.

Məscid kitabxanaları yaradılacaq

- Azərbaycan məscidin, kilsənin və sinaqoqun yanaşı dayandığı, başqa dinlərdən və millətlərdən olan insanların dostcasına yaşadığı tolerant bir ölkə hesab olunur. Bəs başqa dinlərə dözümlü yanaşan Azərbaycanda bu gün əksəriyyətin dini olan İslamla bağlı vəziyyət necədir? Bu ölkədə dinlə dünyəvi dövlət necə yola gedir? Sizə elə gəlmirmi ki, yavaş-yavaş burada dinlə dünyəvi dövlətin toqquşması müşahidə olunur?  

— Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsində azərbaycançılıq məfkurəsi, bu məfkurənin əsas məğzinin əhali arasında təbliği nəzərdə tutulub. Azərbaycançılıq da xalqın milli-mənəvi dəyərlərinə, İslam dininə bağlı olan bir məfhumdur. Təsadüfi deyil ki, bizim Himayəçilik Şurasının üzvləri arasında birbaşa dini məsələlərlə bağlı olan ziyalılar var, dövlət müşaviri Kamal Abdulla, İslam Universitetinin rektoru Sabir Həsənli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, yəni  Himayəçilik Şurasının 7 üzvündən 3-ü birbaşa dini dəyərlərin, multikulturalizmin, tolerantlığın  qorunması istiqamətində fəaliyyət göstərən insanlardır.  Kamal müəllimin təşəbbüsüylə Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsi həyata keçirilib. Müxtəlif dini obyektlərdə, inanc yerlərində, dini məkanlarda tədqiqat işlərinə alimlərin cəlb edilməsi prosesi baş verib. Harada ki, tədqiqata geniş ehtiyac var idi, biz Milli Elmlər Akademiyasının müvafiq institutlarının, universitetlərin mütəxəssislərini ora cəlb etmişik. Nəticədə başqa bir ideya da doğuldu — məscid kitabxanalarının yaradılması. Düşündük ki, məscid təkcə Allah evi, ibadət və inanc yeri kimi deyil, həm də maarif ocağı kimi fəaliyyət göstərsin. Məscidə gələn gənc dindarlarla ünsiyyətdə olur, onların söhbətlərinə, tövsiyələrinə qulaq asır.

Bununla yanaşı niyə bir kitabı rəfdən götürüb oxumasın? Bu dini ədəbiyyat da ola bilər, bədii, elmi ədəbiyyat da. Qaytarsalar lap yaxşı, qaytarmasalar da sevinərik ki, nə yaxşı məsciddən kitab azaldı. Biz məscidləri kitablarla təchiz etməyə hazırıq. Bu layihəni yaxında gerçəkləşdirəcəyik. Pilot kimi 20 məscid seçilib və QMİ tərəfindən tövsiyə edilən dini kitabların siyahısı bizə verilib. Biz AMEA-nın kitabxanası və M.F.Axundov adına Milli Kitabxananın tövsiyyəsi ilə içində populyar kitabların, bədii ədəbiyyat nümunələrinin də olduğu 200-300 adda kitabı məscid kitabxanalarına təqdim edəcəyik. Artıq ilk kitab hədiyyəmiz Bərdə İmamzadəsinə verilib. Biz orada təmir və abadlaşdırma işlərini yekunlaşdırmışıq. 60-dan çox qəbirüstü yazılar ilk dəfə olaraq fars-ərəb dillərindən Azərbaycan dilinə tərcümə edilib və daş kitabələr şəklində orada yerləşdirilib.  Orada Şah Qacarın nəslindən olan insanlar uyuyur, din xadimlərinin, sərkərdələrin qəbirləri var. Biz orada alim və ziyalıların iştirakı ilə iki elmi-praktik konfrans keçirmişik. Bu yaxınlarda Bərdə İmamzadəsinin tarixinə aid kitab da nəşr ediləcək. Şeyx Həzrətləri Allahşükür Paşazadə də həmin məkanda olub, gördüyümüz işləri bəyənib. Biz artıq Zaqatalada Əliabad məscidinin tarixinin öyrənilməsi, abadlaşdırılması ilə bağlı fəaliyyətə başlamışıq.

- Avropa intihabı məhz dini islahatlardan başladı. Təriqətlərin daxilində islahatlar zərurəti yarandı. Məsələn, onlar düşündülər ki, latın dilində olan dini ədəbiyyatı xristianların danışdıqları dillərə çevirməklə onların başa düşülməsinə şərait yarada bilərlər. Onlar dini daha yaxından öyrənəndən sonra düşündülər ki, dinlə bağlı islahatlara ehtiyac var. Amma bizdə fundamental dinə meyl daha güclüdür, nəinki islahat aparılmış dinə. Sizcə islam dinində hansı islahatlara ehtiyac var? 

— Mən dinşünas olmadığım üçün Sizin suala ətraflı cavab verə bilməyəcəyəm. Bircə onu deyə bilərəm ki, islahatlara bütün cəmiyyət razılıq verməli və hər kəs bu işdə yaxından iştirak etməlidir. Təəssüf ki, bizdə ictimai qınaq institutu kifayət dərəcədə formalaşmayıb. Bir də görürük ki, birinin hüzürü düşüb, yolu bağlayıb orada məclis təşkil edir. Axı yolu bağlayıb məclis keçirmək düzgün deyil. İlk növbədə maarifləndirmə işi aparılmalıdır. Zaman bizi düzgün axara yönləndirəcək. Hansısa normativ qəbul edib onun əsasında islahat keçirmək əks reaksiya doğura bilər. Bu zamanın hökmüylə olmalıdır. İslam dininin mahiyyəti insanlara düzgün çatdırılmalıdır. Bunun üçün jurnalistlərin də üzərinə böyük yük düşür. Dini dəyərlərdən, təkcə İslamdan deyil, bəşəri dini dəyərlərdən danışmaq lazımdır. İndiyədək Azərbaycan məktəblərində din mədəniyyətindən dərs keçilmir. Düşünürəm ki, bir sıra xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da mədəniyyət dərsləri keçilməlidir. O dərslərin daxilində dünyəvi dinlər barədə təsəvvürlərin formalaşmasına da yer verilməlidir. O fənnin içində bizim musiqi də ola bilər, heykəltaraşlıq da, mətbəx də, din də, davranış da. İnsanları mədəniyyətə yönləndirən bir dərs.

Biz fərdi qaydada müəllimlərə tapşırırıq ki, uşaqlarla məşğul olun. Amma nəzərə almaq lazımdır ki, konkret fənnlərdən dərs deyən müəllimlər dərsdə öz fənnlərinə dair bilikləri öyrədə bilərlər. Amma mədəniyyət geniş anlayışdır və onun tədrisi də peşəkarlara həvalə olunmalıdır.  Yol birinci kimindir, böyüklərlə, kiçiklərlə necə rəftar etməli, cəmiyyət içində özünü necə aparmalı, ailədə necə rəftar etməli? Bu tipli məsələlərin hamısı uşaqlıqdan insanlara öyrədilməlidir ki, onlar böyüyəndə sivil cəmiyyəti formalaşdıra, insanlarla mübasibətlərini normal qura  bilsinlər. Orta təhsil sistemində mədəniyyət dərsinə ehtiyac var. Əgər bu yöndə islahatlar getsə, cəmiyyətin özündə dini islahatlara nə dərəcədə ehtiyac olduğu bilinəcək. Çünki insanlarda dinə daha fərqli və dünyagörüşlü münasibət formalaşacaq. Bizdə mədəniyyət kanalı var, yaxşı olar ki, orada daha çox dediyim istiqamətlərdə maarifləndirmə işləri aparılsın. 

Qafqaz Müsəlmanları İdarəsində mollalar, axundlar, digər din adamları üçün kurslar nəzərdə tutulub. Bu, təqdirəlayiqdir. Müxtəlif yerlərdən din adamlarını toplayıb onlara ixtisasartırma kursları keçirlər. Bizim Bilik Fondunun da əməkdaşları gedib o dərslərdə maarifləndirmə istiqamətində mühazirə oxuyurlar. 

- Azərbaycan gəncləri intellektual nöqteyi-nəzərdən dünya gəncləri ilə rəqabət apara biləcək səviyyədədirlərmi?Gənclər üçün bilik evləri yaradılmalıdır

— Əgər Avropanın idmanla məşğul olan gəncləri Azərbaycana gəlirsə, deməli, həm fiziki, həm mənəvi, həm də dünyagörüşü baxımdan müttəfiqdirlər. ASAN könüllüləri ilə bağlı tədbir keçirilərkən ölkə prezidenti könüllülük institutlarının yaradılmasını təqdirəlayiq hesab elədi. Biz də Bilik Fondunun ətrafında 3 minədək könüllünü birləşdirəcək bir qrup yaratdıq. Anket sorğuları vasitəsilə məlumat bankı yaradırıq ki, həmin gənclər gəlib bizimlə könüllülük prinsipi əsasında əməkdaşlıq etsinlər, həm bildiklərini başqalarına öyrətsinlər, həm də cəmiyyətlə geniş əlaqə qursunlar, özləri də yeni nələrsə öyrənsinlər. Azərbaycan gəncliyi durmadan inkişaf edir. Şərq xalqları kitabda yazılana, televizorda gördüklərinə daha çox inanırlar, nəinki gözüylə gördüklərinə. Bilik Fondunun təşəbbüsüylə Bilik günündə 72 rayonda 4 akademikin, 5 xarici ölkə səfirinin iştirakı ilə uşaqlara “Azərbaycan dünən, bu gün, sabah” mövzusunda dərslər keçirildi. Burada uşaqlara 30-a yaxın dosent, 17 professor, elmlər doktoru, jurnalistlər dərs keçdilər. Belə təcrübələr uşaq və gənclərin inkişafı üçün yaxşı başlanğıcdır.

- Ali təhsil almaq imkanları olmayan gənclərin əksəriyyəti iş tapmaqda çətinlik çəkir. Çünki onlar konkret peşəyə yiyələnməyiblər. Sovet təhsil sistemi ilə birlikdə peşə təhsili sistemi də dağıldı. Bilik Fondu bu gənclərin inkişafı üçün nəsə planlaşdırırmı? 

— Bilik Fondu yaradıcılıq fakültəsi filiallarının yaradılması ideyasını həyata keçirməyi planlaşdırır. Kitabxanalar, informasiya texnologiyaları ilə bağlı Bilik evlərinin yaradılması nəzərdə tutulub. Bölgələrdə gənclər var ki, onlar boş vaxtlarında müəyyən faydalı işlərlə məşğul ola bilərlər. Biz onları yaradıcılıq fakültəsinə cəlb edə bilərik. Dil, kompüter, peşə, ixtisasartırma kursları təşkil etməyi düşünürük. Bu kurslara, təlimlərə yerli mütəxəssislər də cəlb ediləcək. Ödənişsiz kurslara yazılan şəxslərə həm Bakıdan gedən, həm də yerli müəllimlər dərslər, məşğələlər keçəcəklər. Çox müxtəlif istiqamətlərdə gəncləri cəlb edib yaradıcılıq fakültələrində peşəyə yiyələnməsini təmin edəcəyik. Biz istəyirik ali təhsili olmayan gənclər hansısa sənətin sahibi olsunlar. 

"Qız uşaqlarının problemini özümüz həll etməliyik"

 

- Qız uşaqlarının orta təhsildən erkən ayrılması getdikcə Azərbaycanda problemə çevrilir. Sizcə bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə qız uşaqlarının orta, ali və peşə təhsilinə yiyələnməsi üçün nələri etmək lazımdır?

— Bu problem var və düşünürəm ki, onun həlli yolu da var. Dünya mədəniyyətinə, dünya siyasətinə, dünya təhsilinə  inteqrasiya edən dövlətdə belə bir problem olmamalıdır. Biz oturub gözləməməliyik ki, kimsə gəlib o problemi həll eləsin. Problemi biz özümüz həll etməliyik. Biz bir-birimizdən utanmadan, çəkinmədən naqisliklərimizi, yanlışlarımızı göstərməyi bacarmalıyıq. Qarşı tərəf də bu tənqidləri qəbul etməyə, həqiqətləri eşitməyə hazır olmalıdır. Bu, yalnız mədəni formada başa salmaqla, maarifləndirməklə mümkündür. Mən Moskvada aspiranturada oxuyarkən bir sıra sovet respublikalarında məktəb dərsliklərini tədqiq elədim. Baltikyanı respublikaların orta məktəb dərsliklərinə baxarkən maraqlı halla rastlaşdım. Orada rus dili kitabında yuxarı sinif şagirdləri üçün 1-2 xüsusi mətn verilib. O mətnlər qızlar üçün ayrı, oğlanlar üçün ayrıdır. Biz düşünə bilərik ki, bu, Bakı kəndləri deyil ki, avtobusa qabaq qapıdan qadınlar,  arxa qapıdan kişilər minsin. Baltikyanı xristian ölkəsində qızlar və oğlanlar üçün ayrıca mətnlər nəzərdə tutulub. Onların inkişafı üçün kitablarda informasiyaların verilməsi üsulları fərqlidir. Məsələn, sayları keçirlər, sıra  sayları, miqdar sayları, kəsir sayları. Orada oğlanlar üçün avtomobillərdən misallar gətirilib, qızlar üçün yazılıb ki, soyuducuda filan ərzaqlar var, onlardan istifadə etməklə hansı tortu, şirniyyat məhsulunu bişirə bilərsən. Onlarda dərsliklər düşünülmüş şəkildə qurulur. Bizim dərsliklərdə isə hətta “kompüter” sözünə rast gəlmək mümkün deyil. XXI əsrdir, yüksək texnologiyalar zamanıdır, gənclər, uşaqlar onlardan istifadəni yaşlı nəslə nisbətən daha yaxşı bacarırlar. Bununla belə, hələ də bizim dərsliklərdə bu sözü necə yazmaq məsələsi həllini tapmayıb. Bu problemləri həll etmək, tərbiyəyə məktəbdən, dərsliklərdən başlamaq lazımdır. Qızlar üçün xüsusi televiziya verilişləri olmalıdır. Gənc qızlar üçün bölgələrdə xüsusi dərnəklər yaradılmalıdır ki, onlar yaradıcılıqlarını inkişaf etdirsinlər. Elə ailələr var ki, qızlarının oxumasını istəmirlər, amma onların bacarıqlarını inkişaf etdirmək, hansısa peşəyə yönəltmək mümkündür. Məktəbdə də, evdə də, işdə də təbliğat aparılmalıdır. Biz ailələrlə işləməliyik. Ailələrə yönəlik layihələr həyata keçirilməlidir. Ailələr arasında yarışlar keçirilməlidir. Niyə evdar qadınlar arasında, qızlarla oğlanlar arasında bilik yarışları keçirilməsin? 

"Toy müğənniləri, şou-biznes ulduzları ailələrə hansı tövsiyələri verə bilərlər?!"

- BMT-nin Uşaq Hüquqları Konvensiyasında qeyd olunub ki, dövlət hər bir uşağın təhsilinə cavabdehdir. Azərbaycan qanunvericiliyində də, hətta Konstitusiyasında uşaqların məcburi təhsillə təmin olunması qeyd olunub. Amma hələ də təhsil almayan uşaqlar var. Sizcə nə etmək lazımdır ki, bütün uşaqlar təhsil alsın?

— Hər yerdə bu işə məsul şəxslər var. Bələdiyyələr, yerli icra orqanları, sahə müvəkkilləri, təhsil şöbələri və s. Sovet dövründə  bu məsələlərlə xüsusi qrurumlar məşğul olurdu. İndi də var. Sadəcə nəzarət edən qurumlar arasında dünyanın yeni tələblərinə uyğun maarifləndirmə işi aparmaq lazımdır. Bu işin məsuliyyəti əsasən KİV orqanlarının üzərinə düşür. Bizdə televiziya verilişləri var ki, qapı döyülür, şou ulduzları evlərə, ailələrə qonaq gedir. Niyə ailələrin qonaqları ziyalılar, tanınmış adamlar olmasın? Biz ailələrə ziyalıları aparmalıyıq, cəmiyyətdə tanınmış yazıçıları, şairləri, lap elə millət vəkillərini ki, onlar ailələrlə söhbətlər apara bilsinlər. Elə adamlar qapıları döyməlidirlər ki, onlar uşaqları məktəbə buraxmayan ata-anaya, nənə-babaya sözlərini deyə bilsinlər. Onlara qız uşaqlarının təhsil almasının önəmini anlada bilsinlər. Yoxsa toy müğənniləri, şou-biznes ulduzları ailələrə maarifləndirmə məqsədilə hansı tövsiyələri verə bilərlər? Hər bir ailəylə iş aparılmalıdır. Kamal müəllimin bir ideyası var: ev kitabxanası, ailə kitabxanası. Biz ailələrə kitab hədiyyə edəcəyik. Bu kitabları tanınmış qələm sahiblərindən ibarət xüsusi komissiya seçəcək. Kitab reklam olunmalıdır. Televizyada, küçələrdə, metrolarda şərabın, siqaretin, meyvə şirələrinin, məişət əşyalarının, avtomobillərin, bir sözlə hər şeyin reklamı gedir, bircə kitabın reklamı getmir. Vaxt vardı, kitabın piara ehtiyacı yox idi. Amma indi elə dövrə gəlmişik ki, gənclik kitabı unudur. Yaponiya, Koreya elektron vasitələrdən istifadə baxımından Azərbaycandan daha çox inkişaf edib, amma onlar kitabdan uzaqlaşmayıblar. Ailələr qızların təhsilinə, savadına xüsusi əhəmiyyət verməlidirlər. 

"Nənəm deyərdi ki, qurd bizdən ağıllıdır, bilir hansı almanı yemək lazımdır"

 

- Son illərdə Azərbaycanda ənənəvi orqanik məhsulların sıradan çıxarılması, GMO-ların menyulara sürətlə daxil olması prosesi gedir. Bilik Fondu həm də əhalinin qida təhlükəsizliyi ilə bağlı elmi araşdırmaların, maarifləndirmə işlərinin aparılmasına məsul olan qurumlardan biridir. Sizcə Azərbaycan nə etməlidir ki, bu saxta qidalardan imtina edib orqanik qidalara keçə, əhalinin qida təhlükəsziliyinə riayət edə bilsin?

— Bu, dövlət başçısının birbaşa diqqətində olan məsələdir. Əgər dövlət başçısı öz fikrini bu isitqamətə yönəldibsə, deməli, bu, həqiqətən də aktual problemdir. Əhalinin sağlamlığı vacib amildir. Prezidentin neft kapitalının insan kapitalına çevrilməsi ideyası var. İnsan kapitalı özü də keyfiyyətli olmalıdır. İnsanların keyfiyyətli olması üçün boşluqları doldurmaq lazımdır.  Dövlət orqanları, ictimai təşkilatlar, jurnalistlər öz sözlərini deməlidirlər. Ərzaqla məşğul olan insanlar bu barədə düşünməlidirlər. İstehsalçını da, istehlakçını da maarifləndirmək lazımdır. Mütəxəssisləri, ekoloqları, dietoloqları, bioloqları cəlb etmək, onları cəmiyyətin maarifləndirilməsinə təşviq etmək lazımdır. İnsanları maarifləndirə biləcək çap məhsulları yayılmalıdır ki, əhali GMO barədə məlumat əldə edə bilsin və onların istehlakından imtina etsin. Əgər istehlakçı o məhsulların mahiyyətini dərk etsə, onu almaz. Uşaqkən nənəmlə bazara gedirdim. O həmişə qurdlu almaları seçirdi. Deyirdim ki, bu qurdlu almaları kim yeyəcək, niyə alırsan? Deyirdi ki, qurd bizdən ağıllıdır, bilir hansı almanı yemək lazımdır. Dərmanlanmış, geni dəyişdirilmiş meyvəni qurd yemir. Gözəl görünüşlü meyvəni yeməkdənsə, kiçik qurdlu meyvəni yemək yaxşıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təsis edilib.


Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu.

 

© SPUTNİK.AZ

 

 

Tarix: 07.07.2015

Son xəbərlər