“Din və ya əqidə azadlığı, qarşılıqlı hörmət və anlaşmanın təşviqi”


Xəbər verdiyimiz kimi, iyulun 2-3-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və hazırda ATƏT-ə sədrlik edən Serbiyanın təşkilatçılığı ilə ATƏT-in İnsan Ölçüsü üzrə “Din və ya əqidə azadlığı, qarşılıqlı hörmət və anlaşmanın təşviqi” mövzusunda ikinci əlavə görüşü keçirilmişdir. Görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Bu tədbirlə bağlı Etibar Nəcəfovdan aldığımız müsahibəni təqdim edirik:
Sual: Öncə sizdən xahiş edərdik ki, tədbir və onun əhəmiyyəti haqqında oxucularımıza məlumat verəsiniz.
- Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı - ATƏT təhlükəsizlik məsələlərinə üç aspektdən (ölçüdən) yanaşır: siyasi-hərbi, iqtisadi-ekoloji ətraf mühit və insan ölçüsü. Təhlükəsizliyin siyasi-hərbi ölçüsünə aid olan tərk-silah, silahlara nəzarət, münaqişələrin qarşısının alınması, terrorizmə qarşı mübarizə, dövlətlər arasında etimadın güclənməsi və bu kimi digər məsələlər Vyanada hər həftə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur. 
Təhlükəsizliyin iqtisadi və ekoloji aspektinə aid olan davamlı iqtisadi inkişaf, nəqliyyat və enerji təhlükəsizliyi, miqrasiya proseslərinin tənzimlənməsi, ətraf mühitin qorunması, ekoloji təhlükələrin qarşısının alınması və digər bu kimi məsələlər Praqada ildə bir dəfə keçirilən ATƏT-in iqtisadi forumunda müzakirə olunur.
Təhlükəsizliyin insan ölçüsü dedikdə cəmiyyətdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın təmin olunması nəzərdə tutulur. Daha konkret desək, təhlükəsizliyin insan ölçüsünə insan alverinə qarşı mübarizə, gender bərabərliyinin təmin olunması, etnik, dini azlıqların hüquqlarının qorunması kimi məsələlər daxildir. Hər il payızda Polşanın paytaxtı Varşava şəhərində bu məsələlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsünün İcra Olunmasına dair keçirilən yekun iclasında müzakirə olunur. Bu iclasdan başqa hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsünün dörd əlavə görüşü də keçirilir. Hər bir əlavə görüşdə İnsan Ölçüsünün müxtəlif aktual məsələləri müzakirə olunur.
Sual: Sizin iştirak etdiyiniz əlavə görüşdə İnsan Ölçüsünün hansı məsələləri müzakirə olunurdu?
- Əvvəlcə onu qeyd edim ki, sözügedən əlavə görüş bu il üçün nəzərdə tutulan dörd görüşdən ikincisi idi. Onun mövzusu “Din və ya etiqad azadlığı, qarşılıqlı hörmət və anlaşmanın inkişaf etdirilməsi” idi. Görüş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bərabər hazırda ATƏT-ə sədrlik edən Serbiya hökuməti tərəfindən təşkil olunmuşdur. Tədbirdə ATƏT-ə üzv olan dövlətlərin nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyətini təmsil edən qurumlar və beynəlxalq təşkilatlar iştirak edirdilər.
Azərbaycan Respublikasının nümayəndə heyətini mən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Axundov və ölkəmizin ATƏT yanında daimi nümayəndəliyinin əməkdaşı Nahidə Əbdürrəhmanova təmsil edirdik. 
İki gün davam edən iclasda onun yuxarıda qeyd etdiyim mövzusuna uyğun olaraq din və ya etiqad azadlığı ilə bağlı olan mühüm məsələlər müzakirə olundu. Bu məsələlər iclasın üç sessiyasının adında əks olunmuşdur: Din və ya etiqad azadlığı və ATƏT regionunda qarşılıqlı hörmət və anlaşmanın inkişaf etdirilməsi - imkanlar və çağırışlar; ATƏT regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə əhəmiyyətli və davamlı dinlərarası dialoq üçün şəraitin yaradılması; Din və ya etiqad azadlığının təşviq edilməsi və dövlət ilə dini və etiqad icmaları, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və əməkdaşlıq vasitəsilə qarşılıqlı hörmət və anlaşmanın inkişaf etdirilməsi.
İclas iştirakçıları çıxışlarında təhlükəsizliyin insan ölçüsünün mühüm komponentlərindən olan din və etiqad azadlığının təmin edilməsinin əhəmiyyətindən danışdılar. Onlar cəmiyyətdə sabitliyin və təhlükəsizliyin əldə olunmasında din və etiqad azadlığının mühüm rol oynadığını qeyd etdilər.
Məlum olduğu kimi, ölkəmizin dini tolerantlıq, din və etiqad azadlığının təmin edilməsi sahəsində böyük təcrübəsi vardır. Əsrlər boyu Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri bir-birilə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan Respublikasının əhalisinin 96 faizini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkə Konstitusiyasında bütün dinlərin, eləcə də, millətlərin, etnik qrupların nümayəndələrinin bərabər hüquq və azadlıqlara malik olduqları qeyd olunur. 
Sessiyadakı çıxışımda ölkəmizin multikulturalizm, o cümlədən, dini tolerantlıq sahəsində əldə etdiyi böyük nailiyyətlər haqqında danışdım. Çıxışımda mən ölkəmizin mədəniyyətlərarası və dinlərarası sahəsində dialoqun təşviq olunmasına yönəlmiş “Bakı prosesi” kimi tarixə düşən təşəbbüsün təhlil olunmasına xüsusi fikir verdim. Tədbir iştirakçılarına “Bakı prosesi”nin məqsəd və vəzifələri, aktorları haqqında məlumat verərək, Azərbaycan Respublikasının bu təşəbbüs çərçivəsində 2011-ci ildən bəri hər il keçirdiyi Beynəlxalq Humanitar Forumun, 2011-ci, 2013-cü və 2015-ci illərdə ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Forumun və ilk Avropa Oyunlarının əhəmiyyəti haqqında danışdım.
Sual: Etibar müəllim, yeri gəlmişkən, oxucularımıza “Bakı prosesi” haqqında bir qədər məlumat verərdiniz.
- “Bakı prosesi” - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Bu təşəbbüsü Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Həmin konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də, sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.
Mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini əsas məqsəd kimi qarşıya qoyan “Bakı prosesi” bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həllini vacib hesab edir:
- Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;
- Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;
- Xalqlar arasında olan dini və mədəni gərginliyin azaldılması məqsədilə barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;
- Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;
- Mədəni və bədii fəaliyyətlərin dəstəklənməsi; qarşılıqlı anlaşma və dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamlarının təkanverici qüvvə kimi tanınması;
- Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi”nin məqsəd və vəzifələrinin məzmunu onun beynəlxalq əhəmiyyətli bir təşəbbüs olmasından xəbər verir. Bundan başqa, “Bakı prosesi”nin beynəlxalq əhəmiyyətə malik olan bir sosial hadisə olması onun aktorlarının tərkibindən də görünür. Onun əsas aktorları Azərbaycan Respublikası hökuməti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
İndiyədək Azərbaycan Respublikası “Bakı prosesi” çərçivəsində 2011-ci ildən bəri hər il keçirdiyi Beynəlxalq Bakı Humanitar Forumuna, 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası forumlarına ev sahibliyi etmişdir.
Sual: Sözügedən iclasın proqramında “side event”, yəni kənar hadisələr adlı tədbirlər də göstərilmişdir. Belə tədbirlərin mahiyyəti və əhəmiyyəti nədir?
- Doğrudur, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsünün ikinci əlavə görüşünün gündəliyinə üç sessiya ilə bərabər, dörd kənar tədbir də daxil edilmişdir. Adətən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsünün bütün iclaslarında kənar tədbirlər keçirilir. Bu tədbirlər konkret bir təşkilat (bir qayda olaraq qeyri-dövlət təşkilatı) tərəfindən təşkil olunur və ümumi mövzunun müəyyən bir aspektini, konkret bir tərəfini əhatə edir. Bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Belə ki, kənar tədbirlər ümumi iclasın gündəliyini daha da zənginləşdirir. Bundan başqa, kənar tədbirlər ümumi iclasın işini olduqca intensivləşdirir. Əsasən kənar tədbir nahar vaxtı keçirilir. Bu isə vaxta qənaət etməyə imkan yaradır. Kənar tədbir zamanı iclasın sessiyalarında müzakirə olunmayan və ya kifayət qədər müzakirə olunmayan mövzular təqdim olunur. Burada görüşün ümumi mövzusuna aid olan konkret bir məsələ təqdim olunur və ətraflı şəkildə müzakirə olunur. Yuxarıda qeyd etdim ki, bu görüşün gündəliyinə dörd kənar tədbir də daxil edilmişdir. Onların mövzuları belə səslənirdi: “Tanrı silah olanda” (Şərqi Ukraynada üsyançıların nəzarətində olan ərazilərdə qeyri-ortodoks xristianların hüquqlarının pozulmasından bəhs olunur), “Ukraynada din və ya etiqad icmalarının tanınması: məsələlər və imkanlar” (müasir Ukraynada din və ya etiqad icmalarının hüquqlarının qorunması istiqamətində mövcud məsələlər müəyyən olunur və onların həlli üçün imkanlar nəzərdən keçirilir); “Ukrayna: dini sahədə nifrətə əsaslanan cinayət və nifrətlə dolu nitq” (bu kənar tədbirdə müasir dövrdə Ukraynada din və əqidə azadlığının qorunması sahəsində mövcud olan problemlər təqdim olunur); “Əməlisaleh müsəlmanlar - Holokost vaxtı yəhudiləri xilas edən müsəlmanlar” (adından göründüyü kimi, bu kənar tədbirdə Holokost vaxtı yəhudiləri xilas etmək məqsədilə öz həyatlarını təhlükəyə atan müsəlmanların qəhrəmanlıqları müzakirə olunurdu). Yeri gəlmişkən qeyd edim ki, bu dörd kənar tədbirdən üçüncüsü müəyyən səbəbdən keçirilmədi.
Kənar tədbirlərin mövzularından göründüyü kimi, bir dördüncü kənar tədbirin mövzusundan başqa, onların hamısı Ukrayna ilə bağlı idi. Daha konkret desək, birinci üç kənar tədbirin mövzuları Ukrayna-Rusiya qarşıdurması ilə əlaqəli idi. Ümumiyyətlə, istər sessiya iclaslarında, istərsə də kənar tədbir iclaslarında Ukrayna-Rusiya qarşıdurması məsələsi ən çox toxunulan məsələ idi.
Sual: Siz qeyd olunan kənar tədbirlərin hansında iştirak etdiniz? 
- Bu və ya digər kənar tədbirə getməyə qərar verməzdən əvvəl onun haqqında verilmiş xülasəni oxuyub orada müzakirə olunan məsələlərin maraqlı olub-olmamasını müəyyən etmək vacibdir. Yəni belə tədbirlərdən maksimum dərəcədə faydalanmaq üçün düzgün seçim etmək lazımdır. Kənar tədbirə getməklə orada vaxtı boş yerə itirmək yox, oradakı imkanlardan istifadə edərək ölkəmizi təbliğ etmək lazımdır. Bu fikri əsas götürərək mən “Əməlisaleh müsəlmanlar - Holokost vaxtı yəhudiləri xilas edən müsəlmanlar” mövzusunda olan kənar tədbirə getməyə qərar verdim. 
Bu tədbirdə əvvəlcə iki məruzə dinlənildi. Məruzələrdə konkret faktlara istinad olunaraq Holokost vaxtı müxtəlif ölkələrdən olan müsəlmanların öz yəhudi qonşularını, dostlarını necə xilas etmələri haqqında olduqca maraqlı məlumat verildi. Mən çıxışımda, ilk növbədə, mövzunun olduqca aktual və praktiki əhəmiyyətə malik olduğunu qeyd etdim. Göstərdim ki, bu mövzu müasir dövrdə geniş yayılmış, lakin yanlış olan müsəlman-yəhudi düşmənçiliyi haqqında stereotipi dağıdır. Daha sonra ölkəmizin keçmiş və müasir tarixinə müraciət edərək yəhudi xalqının Azərbaycanda yaşaması haqqında məlumat verdim. Konkret olaraq qeyd etdim ki, yəhudilər Azərbaycanda qədim dövrdən (təxminən e.ə. V əsrdən) indiyədək sülh və əmin-amanlıq şəraitində yaşamış, onlar burada heç vaxt ayrı-seçkiliyə məruz qalmamışlar. Bundan başqa, onların etnik, dini və mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən böyük işlər həyata keçirilir-Bakıda və regionlarda sinaqoqlar tikilir və bərpa edilir, yəhudi tədris-mədəniyyət mərkəzi açılır, yəhudi dilində məktəblər fəaliyyət göstərir. Yəhudi xalqının nümayəndələri cəmiyyətimizin bütün sahələrində - siyasi, iqtisadi, mədəni sahələrdə fəal iştirak edirlər. 
Mənim çıxışımda səslənən bu faktlar bizim üçün adi görünsə də, bir çox ölkələrdə bu haqda məlumat yoxdur. Bəzi qüvvələr isə bu həqiqətləri görmək istəmirlər. Onları məqsədyönlü şəkildə dəyərləndirmirlər. Onlara əhəmiyyət vermirlər. Və əksinə, hansısa kiçik bir çatışmanı şişirdərək onun əsasında Azərbaycana qarşı cəza tədbirlərinin qəbul olunmasını tələb edirlər.
Sual: Bu dediklərinizi konkret faktlarla əsaslandıra bilərsiniz?
- Bəli. 1998-ci ildə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən Beynəlxalq Din Azadlığı Aktının (the International Religious Freedom Act) əsasında yaradılmış Beynəlxalq Din Azadlığı üzrə Komissiya (the U.S. Commission on International Religious Freedom) adlı bir təşkilat vardır. Beynəlxalq Din Azadlığı üzrə Komissiya (BDAK) dünyada dini azadlığın vəziyyəti haqqında illik hesabatlar hazırlayır. BDAK - ABŞ federal hökumət qurumudur. BDAK xarici ölkələrdə dini azadlığın və ya dini etiqadın pozulması faktlarını və vəziyyətini təhlil edərək ABŞ Prezidentinə, Dövlət katibinə və Konqresə tövsiyələr hazırlamaqla ABŞ-ın xarici siyasətinə müəyyən təsir göstərir. Bu tövsiyələr BDAK-nın illik hesabatlarında əks olunur. 
BDAK hesabatında vətəndaşlarının dini azadlıqlarını pozan ölkələri 2 əsas qrupa bölür. 1-ci qrupa daxil olan ölkələrdə vətəndaşların dini etiqad azadlığı hökumət tərəfindən kobud şəkildə pozulur. Bu qrup ölkələr “xüsusi narahatlıq doğuran ölkələr” (“countries of particular concern”) adlanır. Bu ölkələrdə dövlət din azadlığını “sistematik və aşkar şəkildə” pozur. BDAK-nın sonuncu 2015-ci il Hesabatında bu qrupa aşağıdakı ölkələr daxil edilmişdir: Birma, İran, Çin, Eritreya, Şimali Koreya, İraq, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Misir, Tacikistan, Türkmənistan, Özbəkistan və Vyetnam.
2-ci qrup ölkələr “dini təqib və digər din azadlığı pozuntularının baş verdiyi və ya belə pozuntulara hökumətlərin etinasızlıq göstərdiyi ölkələr” kimi xarakterizə olunur. Bu qrupa isə Əfqanıstan, Azərbaycan, Kuba, Hindistan, İndoneziya, Qazaxıstan, Laos, Malayziya, Rusiya, Türkiyə daxil edilmişdir.
Qeyd olunan 2 qrupdan başqa BDAK-nın hesabatında “müşahidə olunan başqa ölkələr və regionlar” adı altında Bəhreyn, Banqladeş, Belarus, Mərkəzi Afrika Respublikası, Efiopiya, Qırğızıstan, Şri-Lanka, Qərbi Avropa da verilmişdir.
Bu iki qrupdan başqa, BDAK öz hesabatına “tədqiq olunan başqa ölkələr və regionlar” adlı ayrıca bir qrup da daxil etmişdir. 
Azərbaycan BDAK-nın hesabatındakı ikinci qrup ölkələr sırasına ilk dəfə 2013-cü ildə daxil edilmişdir. BDAK-nın 2015-ci il hesabatında da Azərbaycan bu qrupda saxlanılmışdır. Bu, dini tolerantlığı ilə dünyanın əksər dövlətlərindən həmişə seçilmiş Azərbaycana qarşı böyük bir ədalətsizlikdir. BDAK-nın 2013-cü və cari il hesabatlarında Azərbaycanın 2-ci qrup ölkələr sırasına daxil edilməsi ölkəmizdə vətəndaşların din azadlıqlarının real vəziyyətini düzgün əks etdirmir.
Məlumat üçün bildirim ki, cari ilin iyun ayının sonunda BDAK-nın prezidenti Katrina Lantoş Svetin başçılığı ilə bu təşkilatın nümayəndə heyəti ilk dəfə olaraq Bakıya səfər etmişdi. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, müxtəlif dini qurumlarda olmuş və müzakirələr aparmışdılar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş tutan müzakirələrdə mən də iştirak etdim. Mən onlara “Azərbaycanda dini azadlıq” mövzusunda Power Point proqramı vasitəsilə bir təqdimat göstərdim. Təqdimatda konkret faktların əsasında Azərbaycanda dini azadlığın dövlət tərəfindən təmin olunmasını, dini tolerantlığın bərqərar olmasını göstərdim. Təqdimatdan sonrakı müzakirədə BDAK-nın nümayəndələri onlara təqdim olunan faktlarla razılaşdılar. Azərbaycanda dini azadlığın təmin edilməsində dövlətimizin mühüm rol oynadığını qeyd etdilər. Onlar burada gördüklərindən və eşitdiklərindən məmnun olduqlarını bildirdilər. Lakin bununla yanaşı, onlar obyektivlikdən uzaq olan, qərəzli şəkildə tərtib olunan hesabatlarının müddəalarından əl çəkmədiklərini nümayiş etdirdilər. 
Beynəlxalq Din Azadlığı üzrə Komissiya kimi təşkilatlar Azərbaycanın müstəqil daxili və xarici siyasət apardığını, onun öz inkişaf modeli ilə böyük nailiyyətlər əldə etdiyini həzm edə bilmirlər, çünki Azərbaycanın inkişafı onların ölkəmizin daxili işlərinə müdaxilə etmələrinin qarşısını alır. Lakin belə qərəzli, qeyri-obyektiv münasibətə baxmayaraq, Azərbaycan Respublikası əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf modeli ilə cəmiyyətin bütün sahələrində böyük nailiyyətlər əldə edir.
- Müsahibə üçün təşəkkür edirik.

http://yeniazerbaycan.com/Axtarish_e23321_az.html

 

Tarix: 15.07.2015

Son xəbərlər