Düma ilə Coys arasında, yaxud aldanmış oxucu


Göyüzündən ulduz axan zaman o yox olana qədər sevgililər tələsə-tələsə ürəklərində niyyət tuturlar. Bu vəziyyətdə tutulan niyyət, adama elə gəlir ki, hökmən yerinə yetəcək və hamı arzusuna çatıb xoşbəxt olacaq. Əlaqəni nə qədər fikirləşirəm, tapa bilmirəm. Ulduzun göy üzündən silinməsi və niyyət… Nə mifologiyada, nə ədəbiyyatda, nə də həyatda bunların əlaqəsi sanki yoxdur.  Ulduzlar isə axmağına, başqa sözlə, yox olmağına davam edir, yenə də kimlərsə xoşbəxtliyə qovuşur, kimlərsə də bunun üçün öz növbəsini gözləyir. Axan ulduz hara getdi, hara yox oldu sualını adətən biz özümüzə vermirik. Xoşbəxtliyinmi dalınca getdi, yoxsa xoşbəxtliyi gözləyən biçarəyə onu verə bilmədiyi üçün utanıb gizlənməyimi tərcih etdi – bunu kimsə bilmir.

Amma bir yozum da var. Bəlkə bu axan ulduz sayrışmaqdan yorulduğu üçün axıb gedir?!  Bəlkə son səhnəni oynamış və artıq tamaşanı bitirmiş, indi isə teatr pərdəsi qarşısında dayanıb uzun-uzun baş əymələrdən sonra nə edəcəyini bilməyən aktyorlar kimi  bərq vurub sayrışan digər ulduzların yanında asılıb qalmaq onu bezdirib?! Yoxluğa işıq sürətilə qərq olmaq «poklona» çıxmış aktyorlarla bir sırada hələ də uyumsuz baş endirməkdən bəlkə daha maraqlıdı?! İllah da ki, əl çalanların sayı get-gedə azalmaqda ola… Tamaşaçıların çoxu artıq qarderoba, üst geyimlərinin dalınca qaçıb. Bir azdan teatrın tamaşaçı salonu da, kulisarxası da bombalanboş qalacaq. Hamı açıq havaya çıxıb köks dolusu nəfəs alacaq.

Səhnənin dibində  daldalanıb qalmış bir aktyor baş əyməyə inadla davam edən  əsas rol ifaçılarının arxasından zalda ləngiyib qalmış üç-dörd tamaşaçını onsuz da görə bilmirdi.  O, sakitcə səhnədən sivişib kulisarxasına, oradan da küçəyə çıxdı. Gecənin ulduzlu aləmində sərin havanı ləzzətlə ciyərlərinə çəkdi. Sonra nəfəsini verdi və bu, bir ahçəkməyə bənzədi. Nə oldu, nə olmadısa, aktyor qəfildən başını qaldırıb göyüzünə baxdı.  Və elə bu zaman göyüzündən həmən o ulduz axmağa başladı. Ürəyində «niyyət, niyyət…» deyə çabalayan aktyor təlaş içində yadına hər hansı bir xoş niyyət salmağa çalışdı. Sakit vaxtlarda onlar bir-birindən gözəl, bir-birindən samballı idilər. İndi isə, məqamı gəldiyində biri də yada düşmədi. Aktyor yanıb tökülə-tökülə qaldı.

Göyüzü mavidən də mavi idi. Axan ulduz hələ yox olmamış gözünün bir qırağıyla onun son uçuşunu nəfəs dərib izləyən aktyoru gördü və əlacsızlığın ağrısını çəkən bu adama cani-dildən acıdı, hətta öz sürətli hərəkətini bir azcana ləngitdi də. Təki aktyor ulduzun yoxolma vaxtının içinə girməyə macal tapsın, bəxti gətirsin və o öz niyyətini tuta bilsin. Olmadı. Niyyət deyilən şey  yada düşmədi ki, düşmədi. Aktyor yox olmuş ulduzun arxasınca qaranlıq boşluğa son dəfə həsrətli bir baxış atıb yerləri və göyləri,  əzizlərini və düşmənlərini ürəyində söyə-söyə evinə tərəf yola düzəldi.

*********************************

Bığlı, saqqallı oğlanların böyük əksəriyyətinin gözəl Monika Beluççiyə vurulduğu vaxt idi.

Bu oğlanlar, onların içində isə şairlər də var idi, əsrlər boyu necə romantik və xəyalpərvər idilər, bu günün özündə də eləcə qalmışdılar. Monika deyirsən, bu da sənə  Monika. Al onu, bərk-bərk tut. Gözlə, qaçıb getməsin.  Yucin O»Nilin sözüdü, deyir, «əlçatana  canatanı onun arzusunu yerinə yetirməklə cəzalandırmaq lazımdı». Bu da sənin cəzan.

Həqiqətən, günlərin bir günü götürdülər Monika xanımı, qızıl sinidə təqdim elədilər onu ən çox arzu edən bir əzizi-mən şairə. Amma bu xanım gözəgörünməz və keçilməz pərdənin o biri üzündə idi və ona hətta əl toxundurmaq belə mümkün deyildi. Eləcə, bu gözəlliyə ancaq baxmaq olardı. Monika gülümsəyirdi…

Pərdənin bu tərəfində isə dişlərini qıcamış, dırnaqları ilə bədənini cınqırını belə çıxarmadan didik-didik cırmaqlayıb qanına qəltan edən və gözləri hədəqəsindən çıxmış bizim bu əzizi-mən şairimiz…

*********************************

Hamının yanında qışqırıb bağıranların təkbətəkdə necə pıçıldadığını bircə görəydiniz…

*********************************

Sovet dövrünün sonlarına yaxın bəzi yazıçılar, xüsusilə, kənd mövzusunda yazan yazıçılar iki kəlmədən bir «Allah», «Tanrı», «İlahi», «Pərvərdigara» deyə-deyə, guya ki, vicdan məhbusları rolunu oynadılar. Bu sözlərin, iniltilərin arxasında nə qədər gizlənmək olardı?! Buna oxucunu aldatmaqdan başqa heç nə demək olmur .

Oxucunu öz səmimiyyətinə ciddi-cəhdlə inandırmağa (əslində, aldatmağa!) çalışdınsa, deməli, surroqatsan. Çalışdınsa, deməli, səhvsən. Eyni işi teatrda lirik- romantik pafos, əslində süni, yalançı nəfəs yaradıcıları edirdi. Əzilib-büzülən səsləri ilə edirdi. Ədəbiyyatda isə bu cür imitasiyalı sünilik  xüsusi səriştə ilə tətbiq edilir, gizli, dərin xətlərlə öz ziyanlı təsiruni həm müasir məkana, həm də yaxın gələcəyə buraxırdı. Çünki şərait və potensial var idi. Dəhşətli olan da elə bu idi. Rus ədəbiyyatından, dünya ədəbiyyatından xəbəri olmayan oxucu üçün, əlbəttə ki, belə surroqat mətn əsl sənət nümunəsi kimi görünə bilərdi.

Bu «incə» duyğular tərənnümçüləri illərlə qələmə verildiyi kimi bir-birindən uzaqda deyildilər, hətta bir-birinə yaxında da deyildilər, əslində, onlar bir-birinin variantı idilər. «Kəndli» yazıçılar  «şəhərli» yazışçıların daha hiyləgər variantı idi.

*********************************

Yazıçılığın qayəsi budur. Bütün yazıçılar bütün oxucuları aldatmağa çalışır. Ən azından ona təqdim etdiyi mətnin həyat parçası olduğuna inandırmaq cəhdi ilə. Füzuli nahaqdan demirdi: Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Amma aldanmış oxucu ilə aldadılmış oxucunu fərqləndirmək lazımdır.

Aldanmış oxucu ən sadiq oxucudur. O özü özünü yaradır.

Aldadılmış oxucu isə müəllifin qələm məhsuludur. Onun müəllifi müəllifin elə özüdür.

Yenə də amma. Bu, sonadək bu cür gedə bilməz. Bütün hallarda aldadanları eyni aqibət gözləyir. Günlərin bir günü aldadılmışlardan biri hamının deməyə cürət etmədiyi sözü dilinə gətirəcək və deyəcək: Bu müəllif axı lütdü…

^^^^^^^^^^^^^^^^^^^^^^^^

Mənən qullar bütün qabiliyyətlərini tədricən itirirlər, birindən başqa. Bu, dönük çıxma qabiliyyətidir.

*********************************

Suyun dibindəki o möhtəşəm sakitlik yadınızdamı? Səslər varsa da — boğuq-boğuq, ağır-ağır… Suyun üzündəki tələsik səsləri isə yada belə salmaq istəmirsən — bunlar əsəbi tarıma çəkən küylər, qışqırıqlar, çığırtılardır…

Azərbaycan ədəbiyyatı sualtı qayıqlar kimi su dibinə çöküb. Su üzündə feysbuk və sayt ədəbiyyatının tükürpədən çığırtısı…

Çığırtıdan o tərəfə keçə bilməyən ədəbiyyat öz tənqidçisi, öz tarixçisi, öz mədhiyyəçisi ilə bir yerdə su dibinə çökmüşlərin xofunu hələ də səksəkə içində yaşamaqdadı. Yoxsa bu boyda nifrətin bir qaynağı olmalıdı axı.

*********************************

«Dənizin ortasında bir ada …

Ya sən onun gözünə görükürsən, ya o sənin.»

Vaqif Bayatlının bu misraları imkan verir ki, deyək: Azərbaycan şeirinin fəlsəfi qaynaqları qurumayıb.

*********************************

Şah Abbasın məliküşşüərası Saib Təbrizi bu gün də sübut edir ki, qəzələ yad baxışla baxmaq, onun imkanlarını müasir bədii təfəkkür üçün yetərli saymamaq ən azından naşılıqdır. Şairlər şairinin ikicə misrası bunu asanlıqla sübut edir. Makrokosm ədəbiyyatının ən cilalı, ən cazibəli, ən qədd-qamətli misraları:

«O hilal Saibə bənzər, necə əymiş belini,

Başını qoymuş üfüqdə bu səmanın dizinə.»

Füsunkar və qəmli, yorğun və məhrəm, gecə rənglərinin zərif xətləri, bir də oxucusuna inam və etibar, yəni, «zaman gələcək, məni anlayacaqlar» düşüncəsinin ürkək xoşbəxtliyi…

Azərbaycan ədəbiyyatında makrokosm motivləri Saib Təbrizinin ölməz beytində bu cür həkk olub qalıb.

*********************************

Ustad Umberto Eko ilə unudulmaz görüş zamanı söhbət əsnasında o, bədii mətndə adlandırma probleminə toxundu. Dedi ki, romandakı adlar sadə və birsözlü (!) olmalıdı. Xüsusilə, tərcümə edilən romanda. Mürəkkəb adlar oxucu ilə müəllif arasında lazımsız sərhədlər yaradır. İlk növbədə o, «Yarımçıq əlyazma»dakı bəzi adları nəzərdə tuturdu. Mən dedim:

— Başqa romanımda («Sehirbazlar dərəsi») bir uzun adlı adam var. Hacı Mir Həsən Ağa Səyyah. O deyir ki, bu adı mən qışda paltar kimi geyinirəm ki, üşüməyim. Yayda isə soyunuram. Yayda adım ancaq Səyyah qalır.

Ustad qımışdı:

— Elə həm də buna görə, məncə, sizin romanınızı plyajda oxumaq mümkün olmayacaq.

Bir qədər əvvəl o mənə «Yarımçıq əlyazma»nın plyajda oxunamayacağının başqa səbəblərini demişdi.

Həqiqətən, ədəbiyyat plajda oxunan və oxunamayan kitablara bölünür. Əlbəttə ki, bu bölgünün arxasında daha ciddi  kriterilər durur və yəqin ki, onları indi bir-bir yada salmağa ehtiyac yoxdur.

«Kənd və şəhər ədəbiyyatı», «Ağıldan gəlir, yoxsa ürəkdən?», «Səmimi, yaxud qeyri-səmimi» kimi bölgülər isə boş  və uğursuz ədəbi zəvzəmələrdir.

*********************************

Böyük Nizamiyə Dərbənd hakimi bəxşiş olaraq bir cariyə göndərir. 12-ci əsrdə belə bəxşişlə nə etmək lazımdır sualının yəqin ki, bir məlum cavabı ola bilərdi. Amma şair başqa bir cavab tapır. O, bu qızı sevir və ona evlənir. «Öz-özgə» qarşıdurmasının iti bucaqları bu şəkildə yumşaq, pambıq qədər yumşaq sonuclara dönür. Nizami Renessans titanları qədər yüksəlir. Bu dərəcədə insansevərlik gözəgörünməz bir çevrilmədə ildırım kimi vurub Füzulinin qəlbindən zühur edir. Onun Tanrıya müraciətlə ifadə etdiyi «həm ver mənə qəm yemək kamali, həm aləmi qəmdən eylə xali…» arzusuna çevrilir. Amma xətt burada qırılırmı? Qırılmır. Xəttin digər sonucu Hüseyn Cavidin «Qızlar məktəbi» şeirində özünü göstərir. «Allahdan, onun elçilərindən sonra sevdiklərin daha kimlərdir?» sualına bu kiçik şedevrin qəhrəmanı Gülbahar belə cavab verir: «Anam, babam, müəlliməm, bir də bütün insanlar…»

Bütün insanları sevən Gülbahar öz xalqının nəhəng və qüdrətli bir mənəvi potensialının varisidir. Azərbaycan xalqının ən böyük arzularından birini həyata keçirən möhtəşəm varlıqdır.

*********************************

Azərbaycan ədəbiyyatının bir şah damarı var. Onu ideya müstəvisinə salıb nəzərən keçirə bilərik. Adını belə qoymaq olar: Yaşanmamış həyatın ilğımı.

Müəllif öz qəhrəmanına onun yaşadığı yox, yaşaya biləcəyi həyatın bir qırığını, bəzən də bir kəsiyini, ya da bütövünü göstərir. Müqayisə edilən hissələr, yəni, yaşanan həyatla yaşana biləcək həyat arasındakı fərq  mənəvi baxımdan o qədər böyük alınır ki, burada yerinə yetməmiş arzular, ümidlər və puç olmuş xəyallar xam torpaqlar kimi şumlanır, beləliklə, əsərin öz-özlüyündə, bəzən əsas süjetdən aralı öz arxeoloji dərinliyi yaranır. Buradan katarsisə də, yenidən intibaha da, günah hissini yaşamağa da, əzabçəkmə çalarlarının yeni təsvirlərinə də əvvəlcədən tanış olmayan, elə onunçün də xüsusi maraq doğuran  cığırlar, lağımlar açılır.

Əyyami-qədimdə mən bu haqda bir dəfə yazmışdım. Məqalənin adı elə belə də idi: Yaşanmamış həyatın ilğımı. Təəssüf ki, bu ideyanın davamı gəlmədi. Nə mən onu inkişaf etdirmək gücündə oldum (bununçün geniş və xüsusi tədqiqat lazım olardı), nə də başqaları bu xətti davam etdirmək istədilər. Hər halda mən elə bilirəm, bəlkə də vəziyyət başqa cürdü, mənim bundan xəbərim yoxdur. Amma ideya həm də ona görə maraqlı idi ki, ədəbiyyatımızın vacib bir məsələsini qaldırırdı. Onunçün vacib deyirəm ki, bu ideyada həm üslubi-poyetik, həm intellektual, həm də məzmun qatları bir-birinə qovuşmuş halda ələ gələ bilərdi, çünki onları bir tam kimi öyrənmək imkanı görünürdü.

Əsər qəhrəmanlarının xəyal və arzuları, həyata keçirmək istədikləri niyyət və düşüncələri, əslində, yaşanmamış həyatın ilğımlarıdır. Qəhrəmanın təbii vəziyyəti məngənə içərisində çabalamaqdır. Eynən Laokoon kimi. Yaşanmamış, amma yaşaya biləcəyi həyatın ilğımı onlar üçün bir nəfəscikdir. İmkan verir ki, qəhrəman öz əzabını sonadək yaşaya bilsin. Məşəqqətini sonadək çəkə bilsin. Bu da olmasa o məşəqqətin siqləti görünməz.

Əlçatmaz, yerinə yetirilməz istəyin Azərbaycan ədəbiyyatında ilk müəllifi, təəccüblü görünsə də, «Dədə Qorqud» dastanındakı Təpəgözdür. Ölüm ayağında o, Basata bir etiraf edir və özünün intihar arzusunun yerinə yetməməsindən danışır. Bu məqam tədqiqatçıların diqqətindən, nədənsə, kənarda qalıb. Və sanki Basat Təpəgözü öldürməklə onun gözlədiyi, hətta arzu etdiyi bir missiyanı yerinə yetirir. Təpəgözü öldürə bilən qılıncın Təpəgözün özü tərəfdən Basata nişan verilməsi, son ölüm səhnələrində Basatın Təpəgözün dediklərinə uyğun hərəkət eləməsi, əslində, tədqiqatçıların qarşısına  yeni-yeni suallar qoyur. Amma orası var ki, həmən etirafında ölmək arzusunun səbəbi kimi çox günahsız igidləri qanına qəltan elədiyini deyən Təpəgöz faktiki olaraq günah hissi ilə yaşadığını  boynuna almış olur. Mancanaq daşını başına atıb bu şəkildə həyatına son qoymaq istəyi Təpəgözün yaşanmamış həyatının ilğımıdır. Beləliklə, günah hissinin ədəbiyyatımızda ilk daşıyıcısı Təpəgöz olmuşdur desək, heç də səhv etmərik. Baş tutmayan intihar Təpəgöz obrazının üzərinə bizim üçün tamam yeni, alışmadığımız bir rakursdan işıq salır.

Yaşanmayan həyatın ilğımı mətnin (sözün) dərinində, Şellinqin sözlərilə desək, sayrışan mənaları görməyə çağırır.

*********************************

Bu gün artıq «iki Azərbaycan ədəbiyyatı var» deyə bilərik. Hamının alışdığı, tanıdığı və inandığı ədəbiyyat bir tərəfdədi,  saytların və feysbukun təqdim etdiyi ədəbiyyat isə bu biri tərəfdə. Hər biri də öz qanun-qaydası, öz dahiləri, öz istedadsızları, öz tənqidçiləri, öz şair və yazarları ilə bir yerdə… Bir hörmətli müğənni kimi onların hər biri öz ətrafındakılara adlar və titullar verir, özü üçün müvafiq oyun və davranış normaları tənzimləyir, eyni zamanda, o biri ədəbi dünyaya ölüm-dirim mesajları göndərməyi də unutmur. Bəzi ədəbiyyat adamları isə bu iki dünyanın həndəvərində əməlli-başlı azıb qalıblar.

Bir sual çox maraqlıdır. Bu iki dünyanı birləşdirmək olarmı? Hər iki dünyanın, əlbəttə ki, ləyaqətli nümayəndələri yox deyil. Onlar bir-birinin yanında durmağa hazırdılarmı?! Yoxsa onlar bu gün ermənilər və azərbaycanlılar qədər bir-birindən uzaqdadılar?!

Qəşəm Nəcəfzadənin Kəramətə verdiyi intervüdən bir məqamı heç cür unuda bilmirəm. O dedi: «Oturmusunuz Feysbukun içində, elə bilirsiniz ki, ədəbiyyatın içində oturmusunuz…»

Bu feysbukda oturanların ən istedadlısında da, elə bil, nəsə çatışmır. Hər şey sanki yerindədi — intellekt, duyum, savad… Amma yenə də, elə bil, nəsə yoxdur. Nə qədər fikirləşirəm, tapa bilmirəm nə.  Orasını bilirəm ki, bunu əlüstü «tapan» adamlar qorxulu adamlardı…

İş budu ki, ədəbiyyatda oturanların da nəyisə qırılmışdır, orda da nəsə çatışmır. Nə? Bu sualın da, əslində, asan cavabı yoxdur.

Hər iki tərəf Böyük Azərbaycan Ədəbiyyatının bir mərhələsinə qədər ona şərik çıxırlar. Arada bir cığallıqlar, yalançı araqarışdırmalar istisna.

Amma bu, bir dövrə qədər belə sürür. Sonra inkarlar zamanı başlayır. Cəngəlliklərə arasıkəsilmədən yağan yağışlar kimi bu inkarlar da bitib tükənmək bilmir. Kim kimə nəyi sübut edir — bilinmir. Dostoyevskiləri, Tolstoyları, Kafkaları, Selincerləri, Folknerləri, Heminqueyləri, daha kimləri, guya ki, oxuyub mənimsəmiş bu əzizi-mənlər öz ədəbi kumirlərinin əsas həyat kredolarını niyə bəs doğru-dürüst anlamayıblar?! Bağışlaya bilməyiblər bir-birini?! Çünki bağışlaya bilməzlər də. Çünki bağışlamağın yolu hər şeyi dərininə qədər anlamaqdan keçir. Qədim romalılar deyirdi: hər şeyi anlamaq hər şeyi bağışlamaqdır.

Nə düz-əməlli günah hissini təsvir edib ədəbiyyatımız, nə də «bağışla» sözünün həndəvərinə  gətirib qəhrəmanını (təbii ki, oxucusunu). Özünün hər iki «cəbhəsində».

*********************************

Hər səhər yuxudan ayılıb,  yuxu qatarının  dayandığı müxtəlif dayanacaqlar var, onlardan birinə düşürəm. Günlər şəhərlər kimidi, kəndlər kimidi, hərdən də nə kənddi, nə şəhər, ha tərəfə baxırsan boşluqdu. Qatarlar bəzən çölün düzündə də  dayanır.

Bu dayanacaqların birində mən ləngiyib qatardan qalacağam və uzaqlaşan qatara heç cür qaçıb çata bilməyəcəyəm. Qatar yavaş-yavaş uzaqlaşacaq, mən isə həmən dayanacaqda onun arxasınca təəccüblə baxa-baxa…

*********************************

Yazıçı hardadır? Onu harda axtarmaq lazımdır? Sözdəmi, cümlədəmi, mətndəmi?

Onu sözarası, cümləarası, mətnarası sükutda axtarmaq heç ağlınıza gəldimi?

 

SON

 

http://kamalabdulla.az/1834/qar-2/

Tarix: 11.09.2015

Son xəbərlər