Bölgələrdə Bilik Evləri yaradılır


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bölgələrdə əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq, yerli gənclərin peşə hazırlığını yüksəltmək, konkret maraq dairələrini genişləndirmək, məşğulluğuna dəstək vermək məqsədilə Bilik Evləri yaradır.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü Kamal Abdullayevin təşəbbüsü və yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə Qax və Oğuz rayonlarında yaradılmış Bilik Evlərinin oktyabrın 5-də açılışı olacaq.

Hər iki rayonda Bilik Evləri üçün ayrılmış bina təmir edilib, sinif otaqları zəruri avadanlıq, internet və dərs ləvazimatları ilə təmin olunub. Hər bir rayon sakini və ziyalısından gələn sifarişlər nəzərə alınmaqla, başlanğıc mərhələdə dərs aparılacaq istiqamətlər müəyyənləşdirilib: ədəbi yaradıcılıq, xarici maşınlara texniki xidmət ustalarının hazırlanması, ingilis və rus dili kursu, kompyuter operatoru və elektron kargüzarlıq işləri. 2007-ci ildən Bakı Slavyan Universitetində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin Bilik Evlərində də fəaliyyəti təmin olunub. Gələcəkdə bütün rayonlarımızda açılması planlaşdırılan  Bilik Evlərində Yaradıcılıq fakültəsinin də filialları fəaliyyət göstərəcək.

Qax və Oğuz Bilik Evlərinin hər birində müxtəlif istiqamətlər üzrə artıq 50-dək gənc dərslərə yazılıb. Dinləyicilərə yüksək ixtisaslı yerli və xarici mütəxəssislər dərs deyəcək. İxtisasla yanaşı, Bilik Evlərinin bütün müdavimləri Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, multikulturalizm siyasəti, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyəcək, dəyirmi masalarda və disputlarda iştirak edəcəklər. Dərslərdə fərqlənən tələbələrə təqaüd veriləcək. Bilik Evlərində Təhsilini uğurla başa vuran müdavimlərə müvafiq sertifikatlar təqdim olunacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 01.10.2015

Son xəbərlər