Afinada keçirilən konfransda multikultural təhlükəsizliyin təminində Azərbaycan təcrübəsindən danışılıb


Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 18-20-də Afinada keçirilən “Dini və mədəni plüralizm və Orta Şərqdə sülh içərisində mövcudluq” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Yunanıstanın xarici işlər naziri Nikolaos Kotziasın dəvəti ilə bu ölkədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın dövlət və hökumət rəsmilərinin, müxtəlif ölkələrdən olan dini liderlərin və siyasi xadimlərin iştirak etdiyi konfransda Dövlət müşaviri “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə ilə çıxış edib.

Məruzədə akademik K.Abdullayev ölkəmizdəki milli və dini müxtəliflik, bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasətlə bağlı geniş məlumat verib. O, Azərbaycanda multikultural təhlükəsizliyin dövlət təminatı və əsas prinsiplərindən bəhs edərək bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin prinsipləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına istiqamətlənmiş dövlət qayğısı, respublikada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.

Bundan əlavə, Dövlət müşaviri ölkəmizdə yaşayan azsaylı xalqların öz dillərində təhsil almaları, onların doğma dillərində mətbuat orqanlarının olması, bu toplumların dillərində kitab çapı, dövlət radio və televiziyasında azsaylı xalqların dilinin, mədəniyyətinin qorunması üçün yaradılan imkanlar haqda danışıb.

K.Abdullayev Azərbaycanda etnik-mədəni müxtəlifliyin qorunması ilə bağlı görülən işlər çərçivəsində ölkəmizdəki yunan icmasından da söhbət açıb. O, hazırda Azərbaycanda 700-dən çox yunanın yaşadığını, 1994-cü ildən Azərbaycanda “Arqo” adlı yunan icmasının fəaliyyət göstərdiyini deyib, 1999-cu ildən Bakı Slavyan Universitetində yunanşünaslıq ixtisasının, daha sonra isə Yeni Yunan Dili və Mədəniyyəti Mərkəzinin açılmasından bəhs edib.

Tarix: 19.10.2015

Son xəbərlər