Sahibkarlar Prezidentin həyata keçirdiyi islahatları dəstəklədilər - Bilik Fondunda


İş adamı Selcuk Düzgün: "İlham Əliyev kimi prezidenti olan ölkənin uğura çatmaqdan başqa yolu yoxdur"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Xüsusən də sahibkarlıqla məşğul olan şəxslər ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əminliklərini bildirirlər. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olan sahibkarların biznes mühitinin çiçəklənməsi istiqamətində atılan addımlara verdikləri yüksək dəyər bunun bariz nümunəsidir. 
Bilik Fondu Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı əhalidə xoş ovqat yaradan fərman və sərəncamlarına münasibət bildirmələri üçün iş adamları ilə görüş keçirib. 30-dan çox biznes strukturunun rəhbərləri cənab Prezidentin imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında", "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Fərmanları, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunu xüsusi vurğulayaraq, bildiriblər ki, islahatların nəticəsində sahibkarlıq subyektləri arasında sağlam rəqabətin formalaşacağı və şəffaflığın əsas meyara çevriləcəyinə inanırlar. 
Müxtəlif peşə sahiblərinin tez-tez Bilik Fondunun qonaqları olduğunu vurğulayan icraçı direktor Oktay Səmədov sahibkarlarla görüşün müstəsna əhəmiyyət daşıdığına diqqət çəkib: "Bilik Fondunun missiyası əhalini maarifləndirməkdir. Xüsusən də dövlətin həyata keçirdiyi islahatların mahiyyətini vətəndaşlara çatdırmaq bizim əsas vəzifəmizdir. Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafı üçün irəli sürdüyü islahatlara iş adamlarının münasibətini öyrənmək və bu münasibətin mətbuatda əksini tapmasını təmin etmək istəyirik. Əminik ki, həm bu görüşdə, həm də bundan sonra mütamadi xarakter alacaq başqa toplantılarımızda Azərbaycan cəmiyyətinin inkişafı üçün atacağımız birgə addımların planı, konsepsiyası müəyyənləşəcək". 
Tədbirdə Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin məsul şəxslərinin iştirakını vurğulayan O.Səmədov Prezidentin fərman və sərəncamları barədə daha aydın və dəqiq təsəvvürün yaranması üçün sahibkarları rəsmi şəxslərlə birbaşa ünsiyyətə çağırıb. 
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev Prezident İlham Əliyevin imzaladığı rəsmi sənədlərin mahiyyəti barədə müfəssəl şəkildə məlumat verib. Belə aydın olub ki, sahibkarlıq sferasında yoxlamaların dayandırlıması, sahibkarlıq fəaliyyətinə dövlət orqanlarının münasibəti vergi qanunvericiliyi əsasında həyata keçiriləcək. Məsələn, vaxtı keçmiş qidaları ölkəyə gətirən, korrupsiayalara yol verən, bir sözlə, vergi qanunvericiliyini pozan şirkətlər yoxlamalardan kənarda qala bilməyəcək. Bununla yanaşı, gömrük qaydalarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti yeni qərarlar qəbul edəcək. Bu qərarlarla fiziki şəxsin ölkəyə gətirmək istədiyi məhsulların siyahısı, növü, sayı müəyyənləşəcək. 
İsaxan Vəliyev sahibkarlıq sahəsində islahatların Ulu Öndər Heydər Əliyevin prezident olduğu dövrdə mərhələli şəkildə həyata keçdiyini bildirib: "Həmin dövrdə sahibkarlara problemlər yaradan xeyli sayda qurumlar ləğv olundu. Bu istiqamətdə imzalanan fərmanlardan, qəbul olunan qanunlardan sonra orta təbəqə formalaşdı. Prezident İlham Əliyev bu missiyanı uğurla davam etdirərək, sahibkarlığın inkişafını indiki yüksək mərhələyə çatdırdı. Artıq hər adam sahibkarın fəaliyyətini yoxlaya bilməyəcək. Biz yaxın gələcəkdə sahibkarlığın sürətlə inkişaf etdiyinə şahid olacağıq". 
Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun rəhbəri Ceyhun Musaoğlu Fondun iqtisadi layihələrinin sahibkarlar tərəfindən monitorinqinin aparılması təklifi ilə çıxış edib. C.Musaoğlu bildirib ki, sahibkarların apardığı monitorinqlərin nəticəsində perspektiv inkişaf amillərini aşkara çıxarmaq və onları birgə olaraq biznes mühitinə tətbiq etmək məqsədəuyğun olar. 
Vergilər Nazirliyinin əməkdaşı Yunis Quliyev aparılacaq yoxlamaların təsnifatından danışıb. O, bildirib ki, Vergilər Nazirliyi iki cür yoxlamalar həyata keçirir: səyyar və kameral. Y.Quliyev onu da qeyd edib ki, nazir Fazil Məmmədov yoxlamalarla bağlı əməkdaşlarına xüsusi göstərişlər verib. Nazir oktyabrın 25-i Kollegiya iclasında illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib. Göstəriş 70 min vergi ödəyicisinə şamil olunacaq. Bu tapşırıqların həyata keçməsi sahibkarların fəaliyyətinin daha da genişlənməsinə şərait yaradacaq.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul şəxsi Rüfət Elçiyov, əsasən, gömrük nəzarəti zamanı yoxlamaların sadələşdirilməsi haqqında məlumat verib. R.Elçiyov bildirib ki, bundan sonra gömrük orqanları əməkdaşları fiziki şəxsin ölkəyə gətirdiyi məhsulların şəxsi istifadə, yoxsa satış məqsədi daşıdığını aydınlaşdıracaq. Onun sözlərinə görə, çox güman bu tənzimlənmənin sərhədlərinin müəyyənləşməsi üçün Nazirlər Kabinetinin yeni qərarları olacaq. R.Elçiyov onu da xüsusi ilə vurğulayıb ki, Dövlət Gömrük Komitsəinin peşəkar əməkdaşları fiziki şəxsin ölkəyə gətirdiyi məhsulların təsnifatına aydınlıq gətirməyi bacaracaqlar. Atılan bütün addımlar fiziki şəxsin, o cümlədən, sahibkarın xeyrinə olacaq. 
Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Yasin Göral sahibkarlıq sahəsində liberallaşmağa böyük zaman lazım olduğunu deyib: "Birinci növbədə proseslər şəffaflaşmalıdır. Artıq bu mərhələyə çatmışıq. Əlbəttə, hamımız islahatların tezliklə nəticə verməsini istəyirik. Tezliklə nəticə əldə etmək mümkün deyil. Hər şey tədricən olur. Əminik ki, gələcək daha uğurlu olacaq. Biz izləyirik: cənab Prezident 2010-cu ildən başlayaraq, qeyri-neft sektorunun inkişafı üçün fərman və sərəncamlar verir. Görürsünüz İlham Əliyev necə uzaqgörən siyasət yürüdüb. Buyurun, neftin qiyməti düşdü, amma Azərbaycanda böhran yaşanmır. Çünki qeyri-neft sektoru illərdir inkişaf yolu tutub. Bu gün yaşananlar artıq nəticədir. Böyük nəticlər üçün isə büdrəmədən, səbrlə yol getməliyik. Sahibkarlar cənab prezidentin islahatlarına dəstək olmalıdırlar".
Pərakəndə TİC İnkişaf Assosiasiyasının rəhbəri Rüstəm Mədəd elm dünyası ilə iş dünyasının bir araya gəlməsinin vacibliyinə diqqət çəkib. Assosiasiya rəhbəri qeyd edib ki, iş adamları elm adamlarının onlarla maraqlanmadığından şikayət etdikləri kimi, elm adamları da iş adamlarını fikirlərini düzgün anlatmamaqda, ifadə edə bilməməkdə qınayırlar: "Biz istərdik, Bilik Fondu elm adamları ilə iş adamlarını bir araya gətirsin. Bununla yanaşı, iş adamlarının intellektual səviyyələrinin artması üçün maarifləndirici tədbirlər həyata keçirəsiniz. Sahibkarları dinləmək lazımdır. Elə bir sahibkar ola bilməz ki, vergini ödəməkdən imtina etsin. Bizim şikayətimiz hər gün sayı artıan yoxlamalardan idi. Çox sağolsun, cənab Prezident bu problemi həll etdi". 
TÜSİAB-ın əməkdaşı Selcuk Düzgün çıxışına "İlham Əliyev kimi prezidenti olan ölkənin uğura çatmaqdan başqa yolu yoxdur" - fikirləri ilə başladı. Müstəqil Azərbaycanın cəmi 25 yaşı olduğunu deyən türk iş adamı ölkəmizin 300-500 yaşı olan dövlətlərlə eyni cərgədə addımladığını, hətta bəzi sahələrdə onları keçdiyini bildirdi: "Ən böyük üstünlüyünüz odur ki, xalq Prezidenti dəstəkləyir. Türk iş adamları bu prosesləri diqqətlə izləyirlər. Həmişə qanuna güvənib fəaliyyət göstərdiyimiz üçün əvvəlki yoxlamalar bizə təsir edə bilmirdi. Gözəl qanunlarınız var və zaman-zaman geniş islahatlara məruz qalır. Yetər ki, qanunlara söykənərək addımlar atın". 
Decoluxe MMC-nin rəhbəri Elsəvər Alıyev islahatların təcrübədə əksini tapmasının tərafdarı olduğunu dedi. O, bildirdi ki, əsasən daxili istehsalı qorumaq lazımdır. İş adamları xaricə meyillidir, elə mühit yaranmalıdır ki, yerli sahibkarlar Azərbaycan bazarında qalsınlar". 
Sahibkarlar müzakirələrdə maraqlı təkliflər səsləndiriblər. Bilik Fondunun icraçı direktoru O.Səmədovun tapşırığı ilə səmərəli təkliflər qeydə alınıb və belə qərara gəlinib ki, səsləndirilən mütərəqqi fikirlər konsepsiya formasına salınsın. O.Səmədov sahibkarları Fondun lektorları qismində layihələrdə iştiraka dəvət edib. Sahibkarlar Bilik Fondu ilə sıx əməkdaşlığa başlamaqdan məmnun olduqlarını dilə gətiriblər. 
Sonda belə tədbirlərin mütamadi hal almasının vacibliyi xüsusən vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 26.10.2015

Son xəbərlər