Quruluş Günün mübarək, zəfərlər həmişə səninlə olsun, Türkiyə!


Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr ( 29 Ekim) 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi.

Atatürkün qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə-Atatürk (1881, Selanik – 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hokuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımzı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Cağdaş bir cumhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir". O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: “Gəldikləri kimi də gedəcəklər...Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni xalqın gücü qurtaracaqdır". Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Uca Yaradanın lütfü ilə Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, Məclis başqanı seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: “ Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm.” Dünya ölüm-dirim savaşına qalxan Türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, Atatürkün zəka və iradəsi qarşısında baş əydi. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçilərinin imzaladığı - Türk millətinə təhqir olan “Lozan Barış Antlaşması” tarixin arxivinə atılmış oldu. 

Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.

Türkiyə 92: Atatürkdən Ərdoğana 

Rəcəb Tayyib Ərdoğanın 13 illlik Baş nazirliyi və Prezidentliyi dövründə Türkiyənin iqtisadi irəliləyişlərini görmək üçün bu statistik fakt, rəqəmlərə diqqət yetirmək kifayətdir.

 

Türkiyə dünya ekonomisinin yüzdə 85-nə, dünya ticarətinin yüzdə 80-nə, dünya əhalisinin üçdə ikisinə sahib olan Böyük 20-liyə (G20) daxil olub, dünyanın inkişaf etmiş 16-cı, Avropanın 6-cı ölkəsi, ÜDM-in artım sürətinə görə 20-liyin 1-cisi olub, adambaşına düşən milli gəlir 4 dəfə yüksəlib. 2002-ci ildəki xarici ticarət həcmi 88 milyard dollardan 400 milyard dollara, adambaşına düşən ÜDM 3,492 dollardan 19,462 dollara qalxıb. ÜDM-də 80 faiz artım qeydə alınıb. Türkiyəyə 150 milyard dollara yaxın məbləğdə sərmayə qoyulub. Türkiyə son bir ildə 200 ölkə ilə 390 milyard dollar dəyərində ixrac-idxal aparıb. Özəl sektorun yatırımı 74 milyarddan 283 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankdakı dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollar idi, hazırda 132 milyarddır, xarici borcu 23,5 milyard dollar idi, Türkiyə xarici borcunu “sıfırlayıb”, İMF-lə borcunu tamam qapadıb. Dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. Beynəlxalq Valyuta Fondu Türkiyədən borç para almaq üçün rəsmən xahiş edib, digər beynəlxalq maliyyə təşkilatları, xarici ölkələrin də belə müraciətləri olub. Türkiyə borc verən rolundadır indi. Əhaliyə avtomobil satışının sayı 7 dəfə artıb. Dünyanın 10-cu turizm ölkəsi olan Türkiyədə turist sayı 2002-ci ildəki 13 milyondan nəfərdən 35 milyona, gəlir 8,5 milyarddan 25 milyarda qalxıb. Türk iş adamları 100 ölkədə 242 milyard dollara çatan 7 min layihə həyata keçirib, Çinin ardından dünyada 2-ci sırada yer alıb. Bir maraqlı məqam daha; Çanakkalala Şəhidlik muzeyinə 10 il əvvəl gələn ziyarətçi sayında ən yuxarı rəqəm 200 min idi, ötən il 2 milyon oldu. Son 10 ildə hər il dövlət sektorunda çalışan bütün vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb.

Türkiyə Cümhuriyyəti Quruluşunun 2023-cü ildə qeyd ediləcək 100 illiyində hədəf ixracatı 500 milyarda, toplam ticarət həcmini isə 1 trilyon dollara çıxarmaqdır. 

Türkiyənin 150 illik röyası olan Mərmərə Layihəsi gerçəkləşib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolunun açılışına yaşıl işıq yandırılıb. Türkiyə 13 ildir ki, dünya siyasətinin əks qütblərini birləşdirən, siyasətə haqq, ədalət, siyasət əxlaqı anlayışını və nümunəsini gətirən söz sahibi dövlətə çevrilib.

 

Bu və digər çox sayda başarılar son 13 ildəki bütün seçim və referendumlarda ən çox vətəndaş səsi yığan Ərdoğanın qurduğu AK Parti iqtidarının və dünyanın ən reytinqli sorğularında dünya siyasətinə təsir edən siyasətçilərin ön sırasında yer alan Ərdoğanın da adına yazılan uğurlardır.

 

Türkiyə-Azərbaycan qardaşlığı heç zaman son illərdə olduğu qədər irəli getməyib.

İki ölkə liderlərinin şəxsi dostluq və səmimi münasibətləri burada çox önəmlidir. Hazırda planetin ən nüfuzlu qurumu olan G20-yə sədrlik edən Türkiyə Prezidenti Ərdoğan müstəsna səlahiyyətindən istifadə edərək yaxın günlərdə Antalyada keçiriləcək G20 dövlət və hökumət başçılarının sammitinə yeganə qeyri-üzv qonaq kimi təkcə Azərbaycan Prezidenti İlham Əliyevi dəvət edib. 

Türkiyənin baş naziri Əhməd Davudoğlu bu il 30 avqust - Zəfər bayramı münasibətilə keçirilən tədbir zamanı jurnalistlərin suallarını cavablandırarkən dedi: - “Türkiyə buradaykən Azərbaycan sərhədlərində heç bir problem ola bilməz. Həmişə birlikdəyik...Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir.”

Bayramın mübarək, Türk xalqı! Zəfərlər həmişə səninlə olsun, Türkiyəm! 

Hacı Nərimanoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri

Tarix: 29.10.2015

Son xəbərlər