“Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi” kursları başladı


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Rəhbər kadrların fasiləsiz təhsili mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin intellektual dəstəyi ilə “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti” istiqaməti üzrə əlavə təhsil kursunun növbəti mərhələsi başlayıb. 4 gün müddətində təşkil olunan kursda Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının rayonları, Respublika tabeli şəhər icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak edir. Kursun əsas məqsədi dövlət idarəetməsində çalışan kadrlara Azərbaycanın dövlət siyasətinin önəmli istiqamətlərindən birini təşkil edən multikulturalizmin mahiyyəti, mənəvi və hüquqi, siyasi əsaslarının öyrədilməsindən ibarətdir.
Kursu giriş sözü ilə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevi, dinləyiciləri salamlayıb, kursun işinə uğurlar arzulayıb.
Kursda ilk məruzəni Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda oxuyub.
Dövlət müşaviri qədim ənənələrə malik Azərbaycanda tarixən yaşamış müxtəlif xalqların dil, din və mədəniyyət fərqlərinin olmasına baxmayaraq, onlar arasında həmişə mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, bunun bir ənənə halına düşməsindən, müstəqiliiyimizin bərpasından sonra bu multikulturalizm və tolerantlıq mədəniyyətinin Ümumilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, ölkədə mövcud milli, dini icmalara bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan, bu sahədə xüsusən Heydər Əliyev Fondunun gərgin fəaliyyətindən bəhs edib. 
Ölkə Prezidenti İlham Əliyev tərəfindən yaradılmış Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətin bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirən Kamal Abdullayev bu qurumların həyata keçirdiyi layihələrlər, xüsusən “Azərbaycan multikulturalizmi” adlı fənnin xarici ölkə və yerli universitetlərdə tədrisi ilə bağlı danışıb.
Sonda dinləyicilərin multikulturalizm siyasəti, bu siyasətin doğurduğu müsbət və mənfi nəticələr, ənənəvi və miqrant axını hesabına sonradan formalaşan çoxmədəniyyətli mühitlə bağlı sualları Dövlət müşviri tərəfindən cavablandırılıb.

Tarix: 11.11.2015

Son xəbərlər