Rusiyalı akademik Viktor Matveyev: "Azərbaycan öz alimləri ilə fəxr edə bilər"


Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağı keçirilib. Yığncaqda Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış edib:

-Çox hörmətli Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Milli Elmlər Akademiyasının çox hörmətli prezidenti.

Əziz dostlar.

Etiraf edim ki, mən həyəcanlıyam. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təmsilçisi kimi, mənim üçün əlamətdar tarixə - Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan belə ali, təntənəli iclasda iştirak etmək böyük şərəfdir. Bilirsiniz, hava limanından gələndə və son illər daha da gözəlləşən, qədim sivilizasiyanın, müasir və dinamik inkişaf edən dövlətin paytaxtı olan gözəl Bakı şəhərini görəndə həqiqətən də məndə bugünkü əlamətdar hadisə olan Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi ilə ahəngdarlıq təşkil edən hisslər yarandı.

İcazə verin, bizim çoxmillətli institutun kollektivinin tapşırığını yerinə yetirim və təbrik məktubunu oxuyum. Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi adından Milli Elmlər Akademiyasının 70 illiyi ilə əlaqədar sizi və Azərbaycan Respublikasının bütün ictimaiyyətini təbrik etmək şərəfinə nail olmuşam.

Azərbaycanın Milli Elmlər Akademiyası öz keçmişi və bu günü ilə fəxr edə bilər və etməlidir. Akademiyanın gələcək üçün gözəl perspektivləri var. Dövlətin inkişafını əksər hallarda elmin vəziyyəti, onun nailiyyətləri, həmçinin Elmlər Akademiyası tərəfindən hazırlanan yüksək ixtisaslı mütəxəssislər, gənc alimlər və mühəndislər müəyyən edir.

Qeyd etmək xoşdur ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Heydər oğlu Əliyev ölkədə elmə və elmi qurumlara çox yüksək diqqət və dəstək göstərir. Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmi infrastrukturun modernləşdirilməsinə və qabaqcıl texnologiyaların tətbiqinə, elmin, təhsilin, istehsalın inteqrasiyasına yönələn iri, vacib dəyişikliklər baş verib. Müasir inkişafın mühüm amilinə çevrilən gənc alimlərə böyük diqqətin yetirildiyini müşahidə etmək çox xoşdur. Azərbaycan Respublikası bizim beynəlxalq hökumətlərarası elmi təşkilatımızın fəaliyyətində tam gücü ilə iştirak edir və onun inkişafına birgə töhfə veririk. Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun laboratoriyalarında həm artıq öz sözünü demiş alimlər, həm də gənc mütəxəssislər çalışırlar. Gənc mütəxəssislər müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçirlər. Bu insanlar artıq uzun müddətdir ki, Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv ölkələrin alimlərinin böyük Volqa çayı sahilində “bizim ümumi evimiz” adlandırdıqları Birləşmiş İnstitut ilə bağlıdırlar. Bir çox azərbaycanlı alimlərin taleləri möhkəm və uzun müddətə bizim Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə bağlıdır. Biz ümid edirik ki, fundamental və tətbiqi tədqiqatlar sahəsində əməkdaşlıq möhkəmlənəcək və dünya elminə, eləcə də Azərbaycan Respublikasının firavanlığına layiqli töhfə verəcək. Müasir Azərbaycanın tərəqqisi naminə təkmilləşmə yolunda Milli Elmlər Akademiyasına uğurlar arzulayırıq.

Viktor Matveyev dünyanın 18 ölkəsini birləşdirən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun yaranma tarixindən, fundamental və tətbiqi araşdırmalarından danışdı. O, üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu məşhur institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduğunu diqqətə çatdıraraq dedi:

-Sadəcə bir misal çəkim. Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Abdullayev adına Fizika İnstitutunun əməkdaşları Dubnanın əməkdaşları ilə birgə sıx əməkdaşlıq edirlər. Onlar fundamental fizikanın vacib və müasir layihələrindən birinin reallaşmasına böyük töhfə veriblər. Bu, Cenevrədəki nəhəng adron kollayderində atlas kompleksinin yaradılmasıdır. Beləliklə, onlar Nobel mükafatı ilə təltif edilən şəxslərlə tamhüquqlu həmmüəlliflərdir. Bu, fundamental elmdə son dövrlərin mühüm kəşfidir. Bu, müasir fundamental elmin təntənəsidir və əlbəttə ki, Azərbaycan öz alimləri ilə fəxr edə bilər.

Daha sonra Viktor Matveyev elm sahəsində çalışan yeni nəslin yetişdirilməsinin bütövlükdə elmin müxtəlif sahələrinin inkişafındakı ardıcıllığın və davamlılığın təmin edilməsindəki əhəmiyyətinə toxundu, bununla əlaqədar yeni təşəbbüsləri təqdirəlayiq hesab edərək bildirdi:

-Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında magistraturanın tətbiqi ilə bağlı xəbəri eşitmək mənim üçün çox xoşdur. Çünki biz öz təcrübəmizdə əmin olduq ki, bu gün çox vacib məsələ olan gənc, yüksək ixtisaslı alimlərin və mühəndislərin hazırlanması müasir bazanın, yeni və yüksək texnologiyaların mənimsənilməsinin reallığa çevrildiyi institutlarda mümkündür. Həmin institutlarda bu texnologiyalar, necə deyərlər, barmaqların ucu ilə, yalnız nəzəri deyil, virtual laboratoriyalar vasitəsilə mənimsənilir. Bu da çox vacibdir. Buna görə də üzv ölkələr üçün vacib olan bu cəhəti nəzərə alaraq, biz Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda müasir təhsilin infrastrukturunu inkişaf etdiririk, gənc alimlərə, mühəndislərə biliklərini artırmaq üçün xüsusi siniflər yaradırıq. Əsasən də bu, mühəndislərə təcrübə aparmağa, cihazlar, sürətləndiricilər, sürətlənmiş yüngül və ağır hissəciklər, ionlarla birbaşa işləməyə imkan yaradır. Bu mənada, düşünürəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu və digər institutları ilə bizim institutun qarşısında birgə böyük vəzifə durur. Biz Azərbaycan və digər üzv ölkələr üçün gənc mütəxəssislərin, mühəndislərin hazırlanması məqsədilə birgə proqram işləyib hazırlamalıyıq.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının rəhbərliyinə, İlham Heydər oğlu, şəxsən Sizə, Azərbaycanın Milli Elmlər Akademiyasına və Azərbaycan hökumətinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı səlahiyyətli nümayəndəsinə daimi dəstəyə, münasibətlərin inkişafına, səmərəli və qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsinə görə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunu inkişaf etdirməklə biz ümumi sərvətimizi inkişaf etdiririk.

Çıxışımın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının bütün üzvlərini, bütün elmi ictimaiyyəti və Azərbaycan Respublikasını bu gözəl hadisə - Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Çox sağ olun. Azərbaycanın və Milli Elmlər Akademiyasının inkişafı naminə Sizə böyük uğurlar arzulayıram.

 

http://president.az/articles/16703

 

Tarix: 11.11.2015

Son xəbərlər